Səhiyyəmizin xəstəliyi sağalmır ki, sağalmır...

Səhiyyəmizin xəstəliyi sağalmır ki, sağalmır...

“Vətəndaşa cibindəki pula görə müalicə metodu seçmək qəbuledilməzdir”

 

Sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri arasında ən çox müzakirə olunan məsələlərdən biri səhiyyə xidmətlərinin olduqca keyfiyyətsiz, qiymətlərinin isə həddindən artıq baha olmasıdır. Tibbi xidmət, dövlət büdcəsindən maliyyələşən xəstəxanalarda çox aşağı səviyyədədir. Özəl xəstəxanalarda isə xidmət səviyyəsi dövlət xəstəxanalarına nisbətən yaxşı olsa da, xidmət haqları əhalinin aztəminatlı təbəqəsinin cibinə uyğun deyil. Bununla da həmin təbəqənin nümayəndələri keyfiyyətli tibbi xidmətdən uzaq düşürlər.

 

Bəs çıxış yolu nədir? AYNA əməkdaşı mütəxəssislərlə bu problemə aydınlıq gətirməyə çalışıb.

 

Tibb eksperti Adil Qeybulla bildirib ki, Azərbaycan ilə müqayisədə xaricdə səhiyyə xidmətləri daha bahadır: “Dünyanın bir çox ölkələrində normal sığorta şərtləri var. Adi MRT Azərbaycanda edilən MRT-dən qat-qat bahadır. Bizdə tibbi xidmətlər çox ucuzdur, çünki əhalinin maddi imkanları zəifdir. Bu da keyfiyyəti aşağı salır. Özəl xəstəxanalarda isə qiymətlər bahadır. Çünki sahibkar xərc çəkir, xəstəxananı tibbi avadanlıqlarla təchiz edir. Ona görə də tibbi xidmətə istədiyi qədər qiymət qoyur”.

 

Onun sözlərinə görə, problemin kökündə icbari tibbi sığortanın olmaması dayanır: “İcbari tibbi sığorta olmadığı üçün bütün xərcləri vətəndaşlar özləri ödəməli olurlar və buna görə də problem yaranır. Bu problemi həll etmək üçün icbari tibbi sığortanın olması mütləqdir. Xarici ölkələrdə olduğu kimi icbari tibbi sığorta Azərbaycanda da yaxşı işləsə, dövlət xəstəxanalarını normal vəziyyətə gətirmək olar”.

 

Ekspert qeyd edib ki, tibbi xidmət səviyyəsinin aşağı olmasının bir səbəbi də tibbi avadanlıqlarla bağlıdır: “Bizdə dövlət hesabına işləyən tibb müəssisələri üçün, əsasən, xaricdən ikinci əl, yəni işlənmiş aparatlar alırlar. Həkimlər də məcbur qalıb köhnə tibbi avadanlıqlarla işləyirlər. Köhnə avadanlıqlarla yüksək xidmət göstərmək mümkün deyil. Ona görə də vəziyyət belədir”.

 

Tanınmış həkim Vasif İsmayıl isə problemə bir qədər fərqli kontekstdən yanaşır: “Xaricdə, inkişaf etmiş ölkələrdə tibbi xidmət standartlarında fərq ola bilməz. Camaata cibindəki pula görə müalicə metodu seçmək qəbuledilməzdir. Mədəni ölkələrdə dövlət və özəl klinikalar arasında ancaq hotelçilik xidmətlərində fərq olur”.

 

“Özəl klinikalarda daha müasir cihazlardan istifadə edilə bilər. Məsələn, əməliyyatı laparoskopik də aparmaq olar, robotla da. İksinin arasında sağalmada və effektdə fayda var - robot yardımı ilə edilmiş əməliyyatlarda, adətən daha yaxşı nəticə alınır. Mədəni ölkələrin əksəriyyətində bu məsələ də həll edilib. Dövlət xəstəxanalarına robot cihazını, hətta daha tez alırlar”, - deyən həkimin qənaətincə, problem ondan ibarətdir ki, dövlət xəstəxanalarında insanlara göstərilən xidmət təbabət standartlarına görə xətalıdır.

Müəllif: Təranə Xudabaxşiyeva      19 İyul 2019 16:01
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin