Putinin iki mühüm planı təxirə salınır - Koronavirus "amansızlığı"

Putinin iki mühüm planı təxirə salınır -     Koronavirus "amansızlığı"

Ermənistandakı hərbi bazada virus təhlükəsi

 

Çində koronavirus geniş yayıldıqda Rusiya strateji müttəfiqi ilə sərhədini bağlamağa qərar verdi. Buna baxmayaraq, koronavirus hər yerdə olduğu kimi Rusiyada da yayılıb. Əgər Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə koronavirusla mübarizə üçün böyük xəstəxanalar, tibbi avadanlıqlar və peşəkar həkimlər varsa, Rusiyanın əyalətlərində mənzərə fərqlidir.

 

Rusiya ərazicə dünyanın ən böyük ölkəsidir. Virusun dünyada yayılma gücü onu göstərir ki, ölkə nə qədər böyükdürsə, onunla mübarizə aparmaq da çətindir. Ona görə də Kreml narahatdır. Virusun tək əhali arasında deyil, bütün ölkəboyu mövcud olan hərbi hissələrə yayılması təhlükəsi var.

 

Məsələn, kiçik Ermənistanda hərbçilər arasında virus artıq yayılıb. Rusiya hakimiyyəti üçün hərbi hissələrin tamamında test keçirmək çətindir. Digər tərəfdən xəstəliyin hərbi hissələrdə yayılması təhlükəsi varsa, bu, xüsusi olaraq açıqlanmayacaq. Bu xəbərlərin yayılmasında nə Rusiyanın mərkəzi hakimiyyəti, nə də ordu komandanlığı maraqlıdır.

 

Rusiyanın müxtəlif ölkələrdə, o cümlədən Suriya və Ermənistanda hərbi bazaları var. Həmin hərbi bazalarda da virusun yayılması ehtimalı az deyil. Demək, bu hərbi bazalarda həkim nəzarətinin həyata keçirilməsi üçün ya Rusiyadan heyətlər göndərilməli, ya da yerli mütəxəssislərə etibar edilməlidir.

 

Ancaq Suriyada və ya Ermənistanda kifayət qədər tibbi rerurs yoxdur ki, Rusiyanın hərbi bazalarındakı heyətə yardım edə bilsinlər. Moskvada üçüncü variantı da nəzərdən keçirirlər. Xarici ölkələrdəki hərbi bazalarda virusa yoluxan hərbçilər qeydə alınsa, onları Mozdok və Krımsk şəhərlərindəki karantin üçün ayrılmış mərkəzlərə köçürəcəklər.

 

Bu arada, Rusiya Prezidenti Vladimir Putin iki böyük layihəsini təxirə salmaq məcburiyyətində qalıb:

 

Birincisi, Putin Konstitusiyada dəyişikliklərə hazırlaşırdı. Referendum keçirilməli idi. Referendumun özü üçün müsbət nəticəsinə ümid edən Putin, yeni dəyişikliyə görə 2036-cı ilə qədər prezident kürsüsündə qalmağı planlaşdırırdı. Ancaq koronavirus referendumu təxirə saldı və referendumun hansı tarixdə keçiriləcəyi bəlli deyil. Bu ərəfədə, Rusiyanın məşhur “Levada” Mərkəzinin keçirdiyi rəy sorğusuna görə, böyük şəhərlərdə Putinin reytinqi aşağı düşüb. Bu, təxirə salınan referendum üçün hər şeyin hamar olmayacağını göstərir.

 

İkincisi, Putin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsinin qələbəsinin 75 illiyini keçirməyə hazırlaşırdı. Putin təmtəraqlı parad planlaşdırırdı. Kreml 5 ildir ona qarşı tətbiq edilən sanksiyalara rəğmən, paradda dünyaya öz gücünü göstərəcəyinə ümid edirdi. Parada müxtəlif dövlətlətlərin liderləri dəvət olunmuşdular. Bir çoxu dəvəti qəbul etmişdi. Putin bu yolla Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşalacağına ümid edirdi. Ancaq hazırkı şərtlər daxilində həm paradın keçirilməsi, həm də rəsmi qonaqların Moskvaya gedəcəkləri sual altındadır. Əlbəttə¸ mayın əvvəlinə qədər virusun yoluxma gücü azala bilər. Ancaq 9 maya qalan az müddətdə paradın keçiriləcəyini proqnozlaşdırmaq çətindir.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi      28 Mart 2020 13:27
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin