Azərbaycanda “məşhur” xəstəxana – Son mənzildən əvvəlki ünvan - FOTO, VİDEO

Azərbaycanda “məşhur” xəstəxana – Son mənzildən əvvəlki ünvan -   FOTO, VİDEO

Bu mənzərəni hansısa bir əcnəbi görsə, bilirsiniz, adama nə deyər?

 

Gözümü açandan və ağlım kəsəndən Ağdaş rayonunun Ləki kəndində yaşamışam. Bir vaxtlar zəngin təbiəti, çoxlu iş yerləri, özünəməxsus binaları və ən əsası da digər kəndlərdən fərqli olaraq xəstəxanası olan Ləkini sevməmək mümkün deyil. Amma sözümün canı Ləkinin zənginliyi yox, qeyd etdiyim xəstəxanasıdır.

 

“Qəsəbə balinsa”sı adıyla məşhur olan bu tikili daha çox doğum evi kimi yadımızda qalmışdı. Çünki həqiqətən də xəstəxananın ən böyük uğuru doğum evi kimi fəaliyyət göstərməsi idi. Elə mən özüm də əksər ləkililər kimi gözümü o xəstəxanada dünyaya açmışam. Bundan əlavə, dövrün şəraitsizliyi və kənd həyatını nəzərə alsaq, yüngül xəstəliklərin müalicəsi üçün həmin xəstəxana əlverşli idi.

 

Təbii ki, heç bir minik vasitəsi olmayan və maddi durumu çətin olan kənd sakinləri elə indi də ilk problemdə, cəmi bir həkimi olan xəstəxanaya üz tuturlar. Lakin uzun illərdir, xəstəxananın demək olar ki, camaatdan heç bir təmənna güdməyən tibii personalı bu xəstəxanada necə və hansı şəraitdə fəaliyyət göstərir, bir Allah bilir, bir də özləri.

 

Onu da qeyd edim ki, xəstəxananın yerləşdiyi ərazidə maraqlı bir görüntü də müşahidə etmişəm. Xəstəxana, musiqi məktəbi və məscid - yanaşı olan bu üç tikili, əslində, insan həyatının xronoloji ardıcıllığını çox yaxşı əks etdirir. Çünki insan xəstəxanada doğulur, evlənir və toyunda musiqi səslənir, məsciddən də son mənzilə yola salınır. Bəlkə də bu xəstəxananın ən böyük təsir qüvvəsi elə yerləşdiyi əraziyə görədir, nəinki, şəraitində və fəaliyyətində. 

 

Bu günlərdə Ağdaş Mərkəzi Xəstəxanası koronavirusla bağlı təcrid tədbirlərinə görə bağlandığı üçün, əlacsız iki yaxın qohumumu həmin Ləki qəsəbə xəstəxanasına aparmışdım. Elə xəstəxananın həyətində, sanki birinci dəfəymiş kimi gördüklərimdən sonra məni dəhşət bürüdü. Uzun illər gəlməyimə baxmayaraq, ilk dəfə idi ki, xəstəxananın bu durumu məni vahiməyə salmışdı. Bəlkə də son günlər dünya çapında baş verən xəstəlik səbəbindən idi... Axı, ölüm qorxusu insanı daha sürətli düşünməyə vadar edir.

 

Bir neçə tibb bacısı xəstəxananın həyətində dayanıb söhbət edirdi. Xəstəxanın sınıq-salxaq pilləkənlərindən addım-addım həkimin otağına doğru qalxmağa başladıq. Pilləkənin məhəccəri uzun illərdir təmirin nə olduğunu yadırğadığından, müxtəlif rənglərin harmoniyası ilə rəngbərəng olmuşdu. Adam əlini vurmağa da qorxurdu ki, birdən harmoniyaya xələl gələr. Elə ilk addımda bu xəstəxanada müalicə olunan xəstələrin sağalmaqdan daha çox xəstələnmək “şansları” olduğu ağlıma gəldi.

Birinci mərtəbədə sağa-sola boylanıb yuxarı - həkimin otağına qalxdıq. Bura həqiqətən də “sağlamlıq mərkəzi” yox, xəstəxana idi. Təsəvvür edin, xəstəxanada cəmi iki otaq fəaliyyət göstərir. Onlarla tibb bacısının yerləşdiyi və köhnə odun sobası ilə qızındığı rütubətli otaq və xəstələri qəbul edən həkimin ürəkağrıdan kabineti.

 

Həkimin qapısının ağzında ətrafa boylandım. Nimdaş və boğucu hava, cırıldayan və az qala, darmadağın olmuş döşəmə, nəmlənmiş tavan, lampasız elektrik cərəyanları, su gəlməyən əl-üzyuyanlar, təbii ki, qaz üzünə həsrət qlamış palatalar. Hətta xəstəxananın pəncərələrinə baxanda ha fikirləşdim, lakin yadıma sala bilmədim ki, sonuncu dəfə bu formalı pəncərələri harada və nə vaxt görmüşəm. Yəqin ki, sovet dövründən qaldığı üçün xatırlaya bilməmişdim.

 

Həkimin otağına girdik. İki elektrik sobası ilə qızdırılan otaqdan qəribə və burnuma yad olan qoxu gəlirdi. Otaqda isə cəmi iki-üç köhnə tibbi cihaz var idi. Ki, onlar da müasir tibbi avadınlıq siyahısından çıxalı illər olub. Hətta ağlımdan keçən ilk cümlə bu oldu: “Bu şəraiti xaricdən gələn bir vətəndaş görsə, adamın cəmdəyinə tüpürər. Tüpürər və deyər ki, siz burada müalicə alırsız?”

 

Şiddətli qoxuya dözməyib bayıra çxıdım. Gözüm, üzərində 1,2,3,4,5,6 yazılmış palatalara sataşdı. Bekarçılıq və maraqdan bir-bir otaqları gəzməyə başaldım. Vicdanım haqqı, əgər sağlam bir insan eksperiment üçün belə, bir neçə saat bu palatalarda yatsa, elə ağır xəstəliyə düçar olar ki, dünyada ən inkişaf etmiş ölkələrin həkimləri də həmin adamın dərdinə əlac ola bilməz.

 

Gözümə ən birinci, tarixi məlum olmayan köhnə, demək olar ki, üzərindəki rəngləri getmiş çarpayılar və çarpayıya salınmış üfunət qoxusu verən yataq örtükləri sataşdı. Bu çarpayıda və çarpayıya salınmış örtüklərdə hansı xəstə sağala bilər ki?! 

 

Ətrafa nəzər saldım. Toz basmış, xarab olmuş və suyu gəlməyən əl-üzyuyanlar, işləməyən, qaz xətti olmayan sobaları görəndə ikinci dəfə dəhşətə gəldim. Təbii ki, palatalarda işıq da yox idi. Tavan və döşəmələr də dağılmış vəziyyətdə idi. Əgər bura xəstəxana kimi fəaliyyət göstərirsə və kənd camaatının ümid yeridirsə, hətta Ağdaş Mərkəzi Xəstəxanasının “Avropa standartlarına” uyğun təmir olunduğu deyilirsə, nə üçün bu xəstəxana belə acınacaqlı durumdan əziyyət çəkir? Xəstəxana dövlət səviyyəsində fəaliyyət göstərirsə, nə üçün dövlət tərəfindən təmir olunmur? Axı, o xəstəxanaya pənah aparan çox sayda insan var!

 

Yadıma düşmüşkən onu da qeyd edim ki, bir vaxtlar Ləkidə Təcili Tibbi Yardım Xidməti də fəaliyyət göstərirdi. Lakin onu da bu kənd camaatına çox görüb ləğvinə qərar verdilər.

 

Elə bu düşüncələrlə hamılıqla xəstəxanadan ayrıldıq. Məscidə və musiqi məktəbinə baxıb maşına əyləşdim və deyinə-deyinə yola düşdüm. Son gördüyüm maraqlı mənzərə isə pəncərəsinə, adi karandaşla məktəbli dəftərinin vərəqinə “maska yoxdur” yazısı yazılmış aptek oldu...

Müəllif: Mərahim Nəsib      2 Aprel 2020 11:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin