Evdə qalanların diqqətinə: Karantindən belə faydalana bilərsiniz

Evdə qalanların diqqətinə: Karantindən belə faydalana bilərsiniz

“Övladlarınıza təcrid vəziyyətinin nə zaman sona çatacağına dair vədlər verməyin, çünki vəziyyətin bundan sonra necə inkişaf edəcəyi məlum deyil”

 

Karantinlə əlaqədar Azərbaycanda təlim-təhsil müəssisələrinin bağlanmasından sonra, indi valideynlər və uşaqlar demək olar ki, bütün vaxtlarını birlikdə keçirirlər. Lakin hamı buna hazır deyildi. İnternetdə onlar artıq zarafatlar da edirlər: valideynlər evdə oturmaqla elm adamlarından daha əvvəl koronavirus üçün peyvəndi kəşf edəcəklər.

 

AYNA-ya danışan “Etibarlı gələcək” İctimai Birliyinin sədri Kəmalə Həşimova hesab edir ki, hər şeydə müsbət nələrsə tapmaq və hətta karantində müddətini faydalı işlərə sərf etmək mümkündür: “Uzun illər uşaqların hüquqlarını qorumaq sahəsində çalışan təşkilatımız fəaliyyətini dayandırmamaq qərarına gəldi. Karantin dövründə uşaqlara və onların valideynlərinə yardım göstərmək üçün təşkilatımızın “qaynar xətt”i fəaliyyət göstərir. Uşaqlar üçün nəzərdə tutulmuş “qaynar xətt” sutka ərzində zəngləri qəbul edir və bu xidmətin mütəxəssisləri zəng edənlərə problemlərini həll etmək üçün birbaşa və ya dolayı yolla kömək etməyə çalışırlar. Uşaqlar “qaynar xətt”in mobil tətbiqi də işləyir və smartfonlarında bu tətbiqetməyə sahib olanlar problemləri haqda məlumat verə bilərlər. “Qaynar xətt” xidmətçilərinin “Facebook” və “Instagram”da da zənglərə cavab verirlər”.

 

“İndi uşaqları və böyükləri narahat edən əsas məsələ koronavirus epidemiyasıdır. Bu istiqamətdə müzakirələr açdıq, mütəxəssislərimiz profilaktik tədbirləri ətraflı izah etdilər. Əhali və xüsusən yetkinlik yaşına çatmayanların sağlam gələcəyi naminə maarifləndirilməsi vacibdir. Bu çətin vəziyyətdə valideynlərin uşaqlarda yaranmış qorxu hissi və pessimist düşüncələrin öhdəsindən gəlmələrinə kömək etmələri lazımdır. Karantin zamanı uşaqlara necə davranmaq barədə məlumat vermək önəmlidir. Bunun üçün evdən çıxmamaq, daha tez-tez əl yumaq, digər insanlarla məsafə saxlamaq vacibdir”, - Həşimova deyib.

 

“Bizim məqsədimiz dövlət qurumları ilə paralel olaraq, valideynlərin bir-birilərinə qayğı ilə yanaşmaları və ruhdan düşməmələrinə kömək etməkdir. Valideynlər övladları üçün bir nümunədir. Karantin valideynlər və uşaqların yaxınlaşa, bir-birini yaxından tanıya biləcəyi bir zamandır”, - o bildirib.

 

Müsahibimiz qeyd edib ki, artıq valideynlər evdə uşaqları ilə nə edəcəkləri barədə təşkilata suallar ünvanlayırlar: “Biz də bir sıra hekayə kitabçası hazırlamağı qərara almışıq. Bu, hər gün analara və atalara uşaqları ilə ünsiyyət qurmağa kömək edəcək foto və qısa videolardan ibarət ideyadır. Uşaqların “qaynar xətt”inin saytını, “Facebook” səhifəsini və ya “Instagram”ını ziyarət edən valideynlər hər gün uşaqlar üçün yeni fəaliyyət növləri və oyunları görə biləcəklər. Söhbət fiziki məşqlər, məntiqi təfəkkürü inkişaf etdirməyə yönəlmiş oyunlar, valideynlərlə övladlar arasında müxtəlif mövzularda ünsiyyətdən gedir. Valideynlər övladlarına bir yanaşma metodu tapmalı, onlarla qarşılıqlı əlaqənin optimal modelini hazırlamalı, etibarlı əlaqə qurmalıdırlar”.

 

“Bu çətin günlərə baxmayaraq, ailə üzvləri bir-birlərinin dəstəyini hiss edəcəklər. Bəziləri hər şeyi sıfırdan başlayacaq və uşaqlarına lazımlı olanı verəcək, sevildiklərini sübut edə biləcəklər. Əslində, evdə nələrsə etmək üçün hər zaman imkanlar var - inkişaf proqramlarına baxmaq, birlikdə kitab oxumaq, müxtəlif oyunlar oynamaq. Analar qızlarını əl işləri, biş-düş bacarıqları ilə tanış edə bilər, atalar oğullarına nələrsə düzəltməyi öyrədə bilərlər. Bu, sonrakı həyatda uşaqlar üçün faydalı olacaq. Bu cür birgə dərslər zamanı valideynlər övladları üçün nəyin maraqlı olduğunu, nəyi daha yaxşı edə biləcəyini anlayacaq və bu istiqamətdə onlarla işləməyə davam edəcəklər. Günün bir hissəsini uşaqların təhsil prosesinə yönəltməyi unutmamalıyıq, çünki şagirdlər dərslərini televiziya vasitəsilə öyrənməyə davam edirlər”, - İB sədri vurğulayıb.

 

Mütəxəssisin sözlərinə görə, uşaqlara təcrid vəziyyətinin nə zaman sona çatacağına dair vədlər vermək səhvdir: “Çünki vəziyyətin bundan sonra necə inkişaf edəcəyi məlum deyil. Evdə oturmaqla günün adi rejiminə riayət etmək lazımdır. Uşaqların yatağa getmələri və vaxtında durmaları, eyni zamanda adi cədvələ uyğun yedikləri də vacibdir. Bu, uşaqların tərbiyəsinə kömək edəcək, əks halda isə artıq çəkiyə sahib olma, tənbəllik və laqeydlik kimi mənfi nəticələr yarana bilər”.

Müəllif: Elya Belskaya      28 Mart 2020 22:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin