Hökumətin təcili atmalı olduğu yeddi addım

Hökumətin təcili atmalı olduğu yeddi addım

Bu yazı, əsasən məmləkətimizə həsr olunacaq, amma qısaca Gürcüstan və Ermənistan haqqında da yazamaq istəyirəm

 

Gürcüstan – Azərbaycanın iqtisadi uzantısı olan qonşu ölkənin iqtisadiyyatı turizm üzərində qurulub. ÜDM-in 11,3%-i tək turizmdə formalaşır, əmək qabiliyyətli əhalinin 28%-i turizmə bağlı çalışır. Ölkəyə son illər turizmdən 3-3,5 mlrd. dollara yaxın vəsait daxil olurdu. Larini ayaqda saxlayan məhz turist dollarları idi, indi lari ciddi dəyər itirib, otellər, kafe-restoranlar bağlıdı. Bu gün 1 dollar 3 lari 40 tetriyə satılır, halbuki cəmi 1 ay öncə dollar 2 lari 85 tetri idi. 2020-ci ilin ilk rübündə Gürcüstan iqtisadiyyatı 20% darala bilər, bizim neftdən asılılığımız qədər Gürcüstanın da turizm və xidmət sektorundan asılılığı var, hətta onların asılılığı daha çox, təsirləri daha dərindir. İxracatı da düşür – aqrar sektor və içki ixtacatlarında bu ilin ilk rübündə 35% azalma gözlənilir. Ölkənin ticarət balansında həmişə ciddi mənfi saldo olub, amma məhz turistlərin gətirib xərclədiyi valyuta bu açığı qapadırdı. İndi ticarət balansında mənfi saldonu qapatmağa valyuta yoxdur. Doğrudur, neftin düşməsi ticarət balansına müsbət təsir edib, amma hələ də ciddi açıq var. Lari də məhz buna görə hər gün dəyər itirir. Bir sözlə, Gürcüstanın vəziyyəti ağırdır, hələ uzun aylar özünə gələ bilməyəcək. Çox güman, yaxın zamanda BVF-dən və Dünya Bankından yardım istəməyə məcbur olacaq.

 

Ermənistan – Düşmən ölkədə də vəziyyət ağırdır, iqtisadiyyatı tam da olmasa, böyük ölçüdə Rusiyadan asılıdır. ABŞ üçün deyilən o məşhur ifadəni Ermənistan üçün deyək: Rusiya iqtisadiyyatı asqıranda Ermənistan iqtisadiyyatı sətəlcəm olur. Son 15 gündə Ermənistan dramı rublun dəyərdən düşməsinə pararlel hərəkət edir – məzənnə dollar qarşısında 4,65 dən 4,95-ə qədər ucuzlaşıb. Rusiyada iqtisadiyyat daraldıqca düşmən ölkədə də ciddi fəsadlar olacaq. İranla sərhədlərin bağlı olması da Ermənistana böyük zərbə vurur, artıq İrandan gələn iqtisadi dividendlər də sıfırlanıb. Rusiya Ermənistana böyük həcmdə iqtisadi dəstək verə bilməyəcək, çox güman Paşinyan da yaxın zamanda BVF-dən və Dünya Bankından yardım istəməyə məcbur olacaq.

 

Azərbaycan – Doğma məmləkət haqqında mənə yazmaq həm çox asandır, həm də çox çətin və üzücü. Asandır ona görə ki, iqtisadiyyatımızın “anatomiyasını” pis bilmirəm, çətindir ona görə ki, illərdir bu hökumətə dediklərimizə qulaq asmadılar, primitiv iqtisadi modeldən əl çəkmədilər deyə, ölkəni virus və postvirus dövründə ciddi iqtisadi problemlər gözləyir. Söhbət tək neft qiymətlərinin çökməsindən və hələ uzun zaman aşağı qalması ehtimalından getmir. Bəli, bu, əsas faktorlardan birincisidir və böyük təsirə malikdir.

 

Amma söhbət həm də ondan gedir ki, iqtisadiyyatımız və idarəetməmiz institutlaşmayıb deyə yardım imkanları və sxemləri çox məhduddur. Məsələn, dünya ölkələrinin Mərkəzi bankları iqtisadiyyata pul səpir ki, ayaqda qala bilsinlər, amma bunun bəlli mexanizmləri var – qiymətli kağızlar bazarı, birjalar, oturuşmuş şirkətlər, banklar, investisiya fondları, onlara dəstək verməklə iqtisadiyyatı ayaqda tutmağa çalışırlar. Bizim Mərkəzi Bankın belə bir alətləri yoxdur – MB-nin heç böyük maliyyə ehtiyatı da yoxdur, amma tutalım, dəstək olmaq istəyir, hansı mexanizmlərlə?! Uçot dərəcəsini lap 1%-ə salsın, bu, nəyi dəyişəcək ki?! Ölkə iqtisadiyyatı o qədər primitivdir ki, mürəkkəb və iqtisadi dəstək mexanizmləri yaratmaq mümkün deyil. MB uçot dərəcəsini 1%-ə salsa, banklar aşağı faizlə götürdükləri likvid vəsaitə dərhal dollar alacaqlar, çünki YATIRIM ETMƏYƏ başqa qiymətli kağız yoxdur!

 

Gələk əmək bazarının strukturuna:

 

1) Turizm sektorunda rəsmi rəqəmlərə görə, 23 min insan çalışır, sektor çöküb, amma bu sahədə çalışanların sayı daha çox idi - ən azı bu rəqəmi 2,5-ə vurmaq lazımdır. Deməli, ölkədə turizm sahəsində 60 minə yaxın insan çalışırdı, onlar indi işsiz qalıb, yardım mexanizmi də yoxdur. Amma turizmin yan təsirləri də var idi axı. Məsələn, Bakıdan Qəbələyə ərəb turistini daşıyan sürücü, yolda onlara səhər yeməyi verən kafe, təkəri buraxanda İsmayillıda təkərini yamayan usta da qazancsız, vəsaitsiz qalıb;

 

2) Qeyri-ərzaq ticarəti və xidmət sektoru da çöküb – rəsmi rəqəmlərə görə, ticarət və xidmət sahəsində 300 minə yaxın insan çalışırdı, bu rəqəmi də vurun 2,5-ə, ölkədə bu sahələrdə 700-750 min insan çalışır (şadlıq sarayları, kafelər, restoranlar, çayçılar, qeyri-ərzaq ticarəti və s.) – bəs onların aqibəti nə olacaq?! Gəlir yoxdusa, necə dolanacaqlar?! Bu şəxslərə yardım mexanizmi də yoxdur;

 

3) Sosial məsələlər – ölkədə nə qədər insanın kirayədə qaldığı, nə qədər obyektin icarə ödədiyi məlum deyil. Çünki hökumət icarədən gələn vəsaitə 14% vergi qoyub, heç kim doğru-düzgün müqavilə bağlamayıb, müqvilələr ya heç yoxdur, ya da çox aşağı qiymətlərlə rəsmiləşdirilib. Tutalım, hökumət qərar verdi ki, vətəndaşın və sahibkarın icarə pulunu ödəyəcək – hanı bunun mexanizmi?! Necə həll olunacaq bu məsələ?! Bəs, illərdir, demirdikmi ki, “kölgə iqtisadiyyatı”, qeydiyyatsız iş yerləri və icarə müqavilələri ciddi məsələdir, bəs, nədən qulaq asmırdınız?! Deyirdik axı ki, icarədən vergini 2%-ə salın, hamı rəsmi müqavilə bağlasın, bu zaman indikindən hətta daha çox vəsait büdcəyə daxil olacaq. Dinləmirdiniz, ona görə də indi yardım mexanizmləri yaratmaq müşkilə çevrilib;

 

4) İdarəetmə problemləri – Ölkədə idarəetmə də primitiv vertikala söykənib. Əslində mərkəzi hökumətin verdiyi qərarlarda olan boşluqları Mer institutu, Mer institutunun boşluqlarını yerli bələdiyyələr qapatmalı, bunlardan qalan boşluqları isə cətəndaş cəmiyyəti tamamlamalı idi. Vətəndaş cəmiyyəti belə durumlarda hökumətin əsas köməkçisinə çevrilməli idi. Bizdə Mer institutu yox, bələdiyyələr “ölü doğulub”, vətəndaş cəmiyyəti isə məhv edilib – indi bunun ciddi fəsadlarını yaşayırıq.

 

Siyanı uzatmadan yekuna keçim: Ölkəmiz çox ciddi iqtisadi problemlər va çağırışlar yaşayacaq, ÜDM kəskin azalacaq, iş yerləri qapanacaq, xarici ticarətdə mənfi saldo yaranacaq, manata basqılar artacaq – bu gün durub da qəliz və institutsional həll yolları tapa bilməyəcəyik, çünki bu hökumət 27 il itirib, 27 ilə edilməyəni 27 günə etmək mümkün deyil, amma bu, bizə dərs olmalı, nəticələr çıxarılmalıdır.

 

Bəs təcili nə etməli:

 

1) Kommunal xərclərə 3 aylıq tətil verilməlidir, tam pulsuz olmalıdır,

2) İstehlak və biznes kreditləri üzrə faiz hesablamaları təcili durdurulmalıdır,

3) Adambaşına minimum əməkhaqqı səviyyəsində - 250 manat birdəfəlik yardım edilməlidir,

4) Kiçik və orta biznesə 6 aylıq vergi tətili verilməlidir,

5) Banklara da vergi güzəşti olmalıdır ki, faiz hesablamasınlar,

6) Təcili İnvestisiya Bankı qurulmalı, postvirus dövründə dərhal həmin Bank kiçik və orta biznesə çox aşağı faizlə və azı 3 il müddətinə kreditlər verməyə başlamalıdır, lakin ancaq real biznes layihələrinə pul ayrılmalıdır,

7) Bütün bunların bədəli kimi manat hələlik 20% devalvasiyaya uğramalıdır ki, həm dollar ehtiyatlarına qənaət rejiminə keçək, həm də sosial xərcləri ödəmək üçün mənbə yaransın.

 

Bir çox insanlar deyirlər ki, hamı evdə otursa, dollara təlabat da azalar. Əvvəla, yanlış fikirdir, ikincisi isə ziyanlıdır, xaricdən mal gətirilməsi kəskin azalsa, bu, yaxşı hal deyil, deməli biznes daha dərin quyuya yuvarlanacaq. Ona görə də tələbi, istehlakı da canlı tutmaq lazımdır ki, heç olmasa, nəfəs alsın, tam ölməsin...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert      27 Mart 2020 20:39
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin