“Taclı bəla”nın qapınızı döyəcəyi günü gözləməyin – AXI NİYƏ?!

“Taclı bəla”nın qapınızı döyəcəyi günü gözləməyin –         AXI NİYƏ?!

İstənilən virusun birinci əlacı insanın öz orqanizmidir

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu koronavirus nə bəladırsa, çöküb bizim boğazımıza – yeməyimizdən, içməyimizdən tutmuş, geyimimizə, bir sözlə həyatımızda nə varsa, hamısına öz düzəlişlərini edir. Açığı deyim ki, mən koronavirus məsələsinə skeptik yanaşanlardan biriyəm, ondan qorxmuram, amma bu virusla mübarizə çərçivəsində bəzən məntiqdən uzaq verilən qərarlardan bərk narahat oluram. Virusdan qorxmamağımın səbəbi onunla mübarizə üçün dövlətin verdiyi qərarlara sayğısızlıq anlamına gəlmir. Çalışıram ki, o qərarlara riayət edim. Necə deyərlər, elnən gələn bəla toy-bayram olar.

 

Bu bayram günlərində, qələminə çox hörmət etdiyim İbrahim Nəbioğlunun “öəlikli isti istənilən xəstəliyə qarşı daha effektivdir” – zarafatyana tövsiyəsini əsas götürərək, ailəmlə birgə virusun bol olduğu Bakıdan qaçaraq, Azərbaycanın öəlikli isti, sini xəngəli və tut arağı ilə məşhurlaşan bölgələrindən birinə səfər etdim. Xatırladıram ki, mən Bakıdan çıxanda, hələ dövlət tərəfindən şəhərdən çıxmağa rəsmi qadağa qəbul edilməmişdi. Bu barədə ancaq həmin rayona gəlişimdən iki gün sonra bildim. Yenə də ciddi təşvişə düşmədim. Axı niyə? İzah edim.

 

Təbii ki, istənilən virusun, xüsusən də dərmanı hələ tapılmayan virusun birinci əlacı insanın öz orqanizmidir. Yəni orqanizmin immunitet qabiliyyəti. Bu qabiliyyəti nə qədər gücləndirsək, bir o qədər Allah tərəfindən, demək olar ki, ideal yaradılan orqanizmimiz bütün xarici təhlükələrə sinə gərə bilir. Biz sadəcə olaraq, ona kömək etməliyik.

 

İsrailin Ben-Qurion Universitetinin Tibb fakültəsinin nəzdində Tropik Xəstəliklər və QİÇS Tədqiqatı Mərkəzinin rəhbəri Zvi Bentviçin məqaləsində yazdıqları ilə oxucuları tanış etmişdim. O kişinin məsləhətləri mənə çox məntiqli gəldi. Və sadə gigiyena qaydalarına riayət etməklə kifayətlənməyərək, orqanizmimə əlavə güc vermək qərarına gəldim. Bəli, evdə qalmadım, amma insanların daha az olduğu bir bölgəyə gəldim. Səhərimi ac qarına iki qaşıq tut bəhməzi ilə açır, sonra təmiz bulaq suyu içərək, artıq yaz günəşinin yaşıllaşdırmağa başladığı bağda bir saat gəzir, daha sonra kənd yumurtası qayğanağını üstünə qaymaq çəkilmiş fətirlə sıyıraraq yeyir, üstündən də 1-2 stəkan limonlu samovar çayı içirəmsə, deməli orqanizm əlavə güc alır. Günorta və ya axşam yeməyinə 1-2 qədəh tut arağının müşayiəti ilə ya öəlikli (əvəlikli) isti, ya sini xəngəli, ya da gözümün qabağında sacda bişirilən kətənin üzərinə keçi pendiri ovxalayıb yeyirəmsə, bu virus, qədeşlər demiş, mənə neyniyə bilər, alə?

 

Təbii ki, içərisində həqiqət payı çox olan bu zarafatyana deyilmiş sözlərlə qətiyyən koronavirusla yeganə mübarizə üsulunun bu olduğunu iddia etmirəm. Sadəcə izah edirəm ki, bütün dünya üçün bu ağır gündə təkcə maska və spirt almaqla kifayətlənməyin. Özünüzün və ətrafınızın sağlamlığı naminə immunitetinizi gücləndirin. Bütün mümkün vasitələrlə bunu edin. Müxtəlif yollarla edin. Mən deyən bir yol idi.

 

Mən Bakıdan giriş-çıxışın məhdudlaşdırılmadığı vaxtda çıxmışdım. İndi insanları evdə qalmağa çağırırlar. Evdə qala-qala da immuniteti möhkəmlədnirmək olar. İnternet doludur belə reseptlərlə. Yəni deməyim odur ki, evdə oturaraq, televizor qarşısında ağzınızda maska virusun sizin qapınızı nə vaxt döyəcəyini gözləməyin. Öz orqanizminizə kömək edin ki, koronavirus sizin qapıdan belə rahat keçə bilməsin.

 

Yuxarıda misal çəkdiyim israilli alimlə bağlı məqalənin sonunda yazmışdım ki: Mən nahaq yerə israilli alimin fikirləri ilə səni tanış etmədim, əziz oxucu. Metroda, avtobusda, küçədə gəzərkən belə, adi gigiyena qaydalarına əməl etmək lazımdır. Virus yayılsa da, yayılmasa da. Bu sadə qaydalara riayət etsəniz, bir gün özünüzə “Axı niyə mən COVID-ə rast gəldim?” sualını verməyəcəksiniz. Hər halda alim belə deyir - israilli alim. Onların isə ağlına yəqin ki, heç kim şübhə etmir. Yəqin, elə COVID-in dərmanını da onlar hazırlayacaqlar.

 

Yazıdakı sonuncu cümləm, deyəsən öz təsdiqini tapır, axı. Elə həftəsonu məlumat yayıldı ki, tərkibində iki aktiv maddə - lopinavir və ritonavir olan dərman preparatı “Kaletra” artıq İsraildədir. Koronavirusla mübarizədə effektivliyi (yəni artıq virusa yoluxmuş ağır xəsətlərin müalicəsində) yoxlanılmış bu dərmanın 2,3 ton çəkisi olan böyük bir partiyası, adının açıqlanması qadağan edilən bir ölkədən İsrailə gətirilib. Dərmanı “Sarel” dövlət şirkəti xəstəxanalara paylayacaq. Preparat ölkəyə hökumətin tibb üzrə rəsmi məsləhətçisi Avihay Mandelblitin icazə və tövsiyyəsi ilə gətirilib.

 

Odur ki, əziz oxucu, səbr et və şəxsi gigiyenaya ciddi riayət etməklə orqanizmini gücləndir. Çarə artıq yoldadır...

Müəllif: Yoldaş Mircəfər      28 Mart 2020 10:53
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin