Polis əməliyyat keçirib, saxlanılanlar var

Polis əməliyyat keçirib, saxlanılanlar var

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb

 

Martın 24-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Priora” markalı avtomobilin sərnişini Bakı şəhər sakini olan bir qadını təhqir edib silahdan havaya atəş açıb.

 

AYNA-ya Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, görülmüş tədbirlərlə martın 25-də Bərdə şəhəri ərazisində həmin avtomobilin sürücüsü, şəhər sakini Əli Əsədov saxlanılarkən idarə etdiyi avtomobili 3 avtomobilə vurub və orada xidmət aparan polis əməkdaşlarına müqavimət göstərərək sərnişinləri ilə birgə hadisə yerini tərk edib.

 

Həmin gün saat 12 radələrində Güloğlular kəndi ərazisində Ə.Əsədov və sərnişinləri olan həmyerliləri, əvvəllər məhkum olunmuş Fərid Aslanov (qadını təhqir edib silahla havaya atəş açmış) və Asif Süleymanov avtomobillə birgə saxlanılıblar.

 

Avtomobilə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng, 1 ədəd bıçaq və 73,83 qram marixuana aşkar edilərək götürülüb.

 

F.Aslanovdan 3,32 qram heroin, 1 ədəd beşbarmaq, A.Süleymanovdan isə 7,60 qram tiryək götürülüb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Həmçinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Bakı sakininə qarşı quldurluq törətməkdə şübhəli bilinən qrup üzvləri saxlanılıblar.

 

Əməliyyat tədbirləri nəticəsində martın 24-də Bakı şəhər sakini V.Ələkbərovun 2 300 manat pulunu, mobil telefonunu və sənədini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvləri - Binəqədi qəsəbə sakinləri R.Xanışov, P.Kərimli və E.Xanəlizadə yaxalanıblar.

Müəllif: Ayna.az      26 Mart 2020 14:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin