Dövlət sahibkarlara dəyən zərəri ödəməsə, ixtisarlar qaçılmaz olacaq

Dövlət sahibkarlara dəyən zərəri ödəməsə, ixtisarlar qaçılmaz olacaq

Nazirlik: Təkliflər paketinə sahibkarların itkisini kompensasiya etmək məsələsi daxil edilə bilər

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov martın 23-də iş yerlərinin və məşğulluğun qorunması məsələsinin dövlətin diqqət mərkəzində olduğunu dedi. Ayrıca, işçilərin hüquqlarının və sosial müdafiəsinin təmin olunacağını vurğuladı.

 

İşəgötürənlərə müraciət edən nazir onları müvəqqəti çətinliklər fonunda işçilərin ixtisarına və ya işdən çıxarılmasına imkan verməməyə, sosial məsuliyyət prinsiplərinə riayət etməyə çağırdı: "Əks təqdirdə, hökumət bu sahibkarlara qarşı ciddi tədbirlər görəcək".

 

Azərbaycanda koronavirusun yayılmasına qarşı dövlət qurumları bir sıra tədbirlər görüb. Ticarət mərkəzləri bağlanıb, bölgələrdən Bakı, Abşeron və Sumqayıta giriş qadağan olunub, əks istiqamətə gedilməməsi üçün tövsiyələr var.

 

Bunlardan başqa, ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Görülən tədbirlər nəticəsində özəl sektor ağır itkilərə məruz qalıb.

 

Bununla əlaqədar olaraq nazir Mikayıl Cabbarov dövlətin sahibkarlara hərtərəfli yardım göstərməyə hazır olduğunu açıqladı: “İndiki şəraitdə koronavirus pandemiyasından ən çox təsirlənən sahələrin, o cümlədən iqtisadi artım və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının möhkəmləndirilməsi və dövlət tərəfindən həyata keçirilə biləcək dəstək tədbirlərinin aydınlaşdırılması üçün intensiv işlər görülür. Bu məqsədlə yaradılan işçi qrupu ilkin mərhələdə mənfi təsirlərə ən çox həssas olan 12-ə yaxın fəaliyyət sahəsini müəyyənləşdirib”.

 

“Xüsusilə bu turizm sahəsi: otellər, qida, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s. Hökumət indi müəssisələrə təcili vergi güzəştləri və tətil vermək imkanlarını nəzərdən keçirir və müəssisələrə kredit vermək şərtlərini asanlaşdırır. Müvafiq dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə də intensiv müzakirələr aparılır”, Cabbarov qeyd etdi.

 

Mövzunu AYNA-ya şərh edən Tacirlər və İstehsalçılar İctimai Birliyinin sədri Sevgim Rəhmanovun sözlərinə görə, dövlət iş yerlərini saxlamaq istəyirsə, o zaman vergi güzəştləri tətbiq etmək və sahibkarlara kredit vermək şərtlərini yumşaltmaqla işini yekunlaşdırmamalıdır: “Sahibkarlara dəymiş zərərə görə kompensasiya ödənilməlidir. Yalnız bu şəkildə hökumət onların qorunmasına nail ola bilər. Sahibkarlara xəbərdarlıq etməklə işçilərin işdən çıxarılmasının qarşısını almaq mümkün deyil”.

 

“MBA Consulting” şirkətinin baş direktoru Nüsrət İbrahimov da əməkdaşımızla söhbətində qeyd edib ki, sahibkarın məqsədi qazanc əldə etməkdir: “Əgər qazancı azalarsa, deməli xərclərini azaltmalıdır. Sahibkar yalnız işini saxlamaq yükünü daşımamalıdır. Düşünürəm ki, dövlət mütləq sahibkarların xərclərini ödəməlidir”.

 

Dövlət sahibkarlara yardımın nələrdən ibarət olacağına gəlincə, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AYNA-ya bildirib ki, Nazirlik tərəfindən yaradılan işçi qrup sadəcə təkliflər paketi üzərində işləyir: “Ola bilsin ki, bu paketə sahibkarların itkisini kompensasiya etmək üçün təkliflər də daxil edilsin”.

 

Yeri gəlmişkən, Avropa İttifaqının bəzi ölkələrində koronavirusun yayılması ilə əlaqədar iş yerlərinin qorunması üçün tədbirlər görülür. Məsələn, Danimarka hökuməti məhdudiyyətlərdən əziyyət çəkən özəl şirkətlərin işçilərinə ödənilən əməkhaqlarının dörddə üç hissəsini öz üzərinə götürüb. Bir şərtlə ki, həmin şirkətlər işçilərini ixtisar etməsin.

 

Çexiya hökuməti də özəl sahibkarların xilası üçün tədbirlər paketi hazırlayıb. Əsas yenilik isə işlərin dayandığı dövrdə maaşların ödənilməsi üçün faizsiz “COVID Kredit”lərinin verilməsindən ibarətdir.

Müəllif: Rəşad Rüstəmov      26 Mart 2020 20:05
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin