Ermənistandan Azərbaycana qarşı yeni hiylə

Ermənistandan Azərbaycana qarşı yeni hiylə

İrəvan BMT Baş katibinin çağırışına niyə dəstək verir?

 

BMT-nin Baş katibi Antonio Quterreş epidemiya ilə mübarizə çərçivəsində dünyanın ən müdafiəsiz müharibə zonalarında humanitar dəhlizlərin yaradılması üçün qlobal atəşkəslə bağlı çağırış edib. Quterreş telekonfrans vasitəsilə keçirdiyi mətbuat toplantısında bildirib ki, ortaq bir düşmən Covid-19 ilə üzləşən dünyada silahlı qarşıdurmalar və müharibələr hələ də davam edir.

 

Antonio Quttereş səhiyyə sistemlərinin çökdüyü və səhiyyə işçilərinin hədəf alındığı müharibə zonalarında müdafiəsiz insanlar ilə qaçqınların koronavirus epidemiyasına yoluxma riskinin iki dəfə artdığını bildirib. “Yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində qlobal atəşkəslə əlaqədar çağırış edirəm”, - deyə Antonio Quterreş vurğulayıb.

 

Fürsətçil Ermənistan bu açıqlamadan dərhal öz məqsədləri üçün istifadə etməyə çalışıb. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyan Ermənistanın BMT-nin Baş katibi Antonio Quterreşin atəşkəs çağırışına tam dəstək verdiyini bildirib. Rəsmi İrəvanın hiyləsi bəllidir. Rəsmi İrəvan BMT Baş katibinin açıqlamasına dəstək verməklə beynəlxalq aləmə belə bir mesaj göndərir ki, Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ separatçıları müharibə istəmirlər və atəşkəsin qorunmasının tərəfdarıdırlar. Başqa sözlə, ermənilər demək istəyirlər ki, əgər təmas xəttində atəşkəs pozulursa və ya pozulacaqsa, bunun səbəbkarı Ermənistan hakimiyyəti və Dağlıq Qarabağ separatçıları olmayacaqlar. Halbuki həm dünən, həm də bu gün atəşkəsi müxtəlif istiqamətlərdən pozublar.

 

Azərbaycan Xarici İşlər Nazirliyi erməni nazirdən fərqli olaraq BMT Baş katibi Antonio Quterreşin “atəşkəsə riayət edək” çağırışına münasibət bildirməyib. Çünki BMT Baş katibinin açıqlaması yarımçıqdır. BMT Baş katibi “atəşkəs” çağırışıyla yanaşı işğala son qoymağa, ərazi bütövlüyünə hörmətlə yanaşmağa, BMT qətnamələrini yerinə yetirməyə və belə ağır şəraitdə separatçıların “seçkilər” keçirməklə dövlətlərin və beynəlxalq təşkilatların əsəbləri ilə oynamamağa yönəlik də çağırış etməlidi idi. Müraciətdə bunların heç biri yoxdur.

 

Hazırda hər tərəfdən qapanan və tam blokadaya sürüklənən Ermənistan ağır durumdadır. Bu ölkədə koronavirusa yoluxan xəstələrin sayı artır. O biri tərəfdən ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik indiki vəziyyətdə cəbhədə monitorinq aparılmasının mümkünsüzlüyünü bildirib. Ona görə də Ermənistanda qorxu var ki, Azərbaycan ordusu mövcud şəraitdən istifadə edərək hücuma keçə bilər.

 

Hücum əmrinin indiki zamanda verilməsinin riskləri az deyil. Çünki bu halda iki düşmənlə vuruşmalı olacağıq. Binlardan biri Ermənistandırsa, digəri gözəgörünməz düşmən koronavirusdur. Hər ikisi ilə eyni zamanda savaşmağın çətinlikləri göz qabağındadır. Buna baxmayaraq, heç kimin, o cümlədən qətnamələri yerinə yetirilməyən BMT-nin bizə “atəşkəsə riayət et” əmrini verməyə ixtiyarı yoxdur. Əgər BMT atəşkəs istəyirsə, Ermənistan isə müharibə istəmirsə, ən azı iki addım atmalıdırlar. Birinci addım kimi Dağlıq Qarabağda bir neçə gündən sonra keçiriləcək “prezident seçkisi” ləğv olunmalıdır. İkinci addım isə Dağlıq Qarabağda həbsdə saxlanılan iki vətəndaşımızın azad olulnması təmin edilməlidir. Bu addımlar atılmayınca, BMT Baş katibinin müraciətinin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi      24 Mart 2020 18:13
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin