“Sənətimin qanına girməmək üçün onların təkliflərindən imtina edirəm”

“Sənətimin qanına girməmək üçün onların təkliflərindən imtina edirəm”

Xatirə Əfşar: “Azərbaycanda bədii qiraətin haqqını verən yox dərəcəsindədir”

 

AYNA-nın həmsöhbəti bədii qiraətçi Xatirə Əfşardır:

 

- Xatirə xanım, əvvəlcə sizi tanıyaq: Xatirə Əfşar kimdir və necə oldu ki, bədii qiraəti seçdi?

 

- 1993-cü ildə anadan olmuşam. Ərəb dili və ədəbiyyatı üzrə bakalavr təhsili, pedaqogika tarixi və nəzəriyyəsi üzrə magistr təhsili almışam. Ədəbiyyatla yaxınlığım uşaq vaxtlarıma təsadüf edir. Qiraətə gəldikdə isə, həyatımın bir parçası olub hər zaman. Hələ uşaq ikən atamın yazdığı şeirləri düzgün intonasiyalar ilə deməyə çalışırdım. Əminə Yusifqızını, Rasim Balayevi dinləyər və təqlid etməyə çalışardım. Ancaq o vaxtlar bu, sadəcə mənim üçün kiçik bir əyləncə idi. Şeir dəftərləri tutar, sevdiyim şeirləri qeyd eləyər və mütləq əzbərləyərdim. Məktəb illərində qiraət yarışmalarına qatılıb birinci olsam belə, bir sahə kimi yanaşmamışdım. Bu səbəblə təhsilimə yönəlmişdim və hədəfim sadəcə müəllim olmaq idi. Qiraət mənim digər məşğuliyyətlərim - rəsm çəkmək, piano çalmaq kimi həvəs idi və davam etmək kimi hədəfim yox idi. Ancaq atam və anam səsimi kəşf etdikdən sonra bu sahəyə xüsusi diqqət yetirməyimi, sadəcə bir maraq olaraq yanaşmamağımı məsləhət gördülər. Beləcə maraq olmaqdan çıxıb bir hədəf halına gətirdim bu sahəni. Türkiyədə yaşamağa başladığım ilk aylardan etibarən burada səsləndirmə, dublyaj və teatr təhsili almağa başladım. Mənim düşüncəm budur ki, hansı sahəni seçirsinizsə seçin, mütləq onu kamil bir şəkildə etmək və bütün sirlərinə bələd olmaq lazımdır. Türkiyədə aldığım təhsil mənə çox şey verdi. Demək olar ki, hər keçən gün bu sənətə aşiq olmağa başladım və ən dolu şəkildə keçən bir günümdə belə olsa, mütləq şeir səsləndirməyə, ya da şeir oxumağa vaxt ayırıram. Belə-belə evdə öz studiyamı qurdum və bunu artıq bir iş kimi icra etməyə başladım.

 

- Adətən, insanın seçdiyi sənət onun şəxsiyyətini və iç dünyasını əks etdirir. Sizdə necədir?

 

- Gözəl düşüncədir. İnsan nə qədər mürəkkəb olur-olsun, iç dünyasını bir şəkildə əks etdirir. Şeir isə bambaşqa bir aləmdir. İnsanın görünməz üzüdür. O qədər dərin bir mövhumdur ki, danışmaq ilə susmağı bir araya gətirir sanki. Ona görə Amiyel deyir ki, “poeziyasız fikir və amalsız həyat səması olmayan mənzərə kimidir, adam orada boğular”. Mən insanla şeirin vəhdətinin möhtəşəmliyini səsimlə insanların ruhuna toxunarkən yaşayıram. Psixologiyanı sevən biriyəm, ona görə hər şeirdə fərqli psixoloji durumları yaşayıram, fərqli insan oluram. Yəni bu sənəti sevməyimin, bu qədər dərindən bağlanmağımın səbəbi tək məni əks etdirməsi deyil. Bir çox insanı özümdə əks etdirə bilməyimdir. Hətta deyə bilərəm ki, bu sənətin haqqını verə bilmək üçün 5 aylıq teatr kursu keçdim. Teatrda hərəkətlərdən də dəstək alır insan. Ancaq səsləndirmədə səsinlə o hərəkətləri insanların ruhunda canlandırmalısan.

 

- Ən çox hansı üslubda olan şeirlərə müraciət edirsiz və şeirləri seçəndə, əsasən nəyə fikir verirsiz?

 

- Bütün üslublarda səsləndirmə etməyə çalışıram. Dediyim kimi, əgər bir yola girdinsə, hər qarışına toxunmaq lazımdır. Mən şeirin hər üslubunu sevirəm. Əsas odur ki, duyğuları əks etdirə bilsin. Şeir - düşüncəni duyğu halına gətirərək yoğurmaqdır. Gerçəkdən duyduğum şeirləri səsləndirməyə çalışıram. Çox zaman olur ki, şeirlərini göndərib xahiş edirlər ki, səsləndirim. Ancaq şeirdəki duyğunu tuta bilməyəndə qarşımdakını incitmədən təklifi geri çevirirəm. Duyğusu düzgün çatdırılmamış şeiri səsləndirməklə öz sənətimin qanına girmək istəmirəm. Yəni nə qədər böyük təklif gəlsə də, şeirin kimyasına zidd bir şeyi səsləndirmərəm. Özüm seçəndə isə onun necə yazılmasından sonra hansı mövzuda yazılmasına diqqət edirəm. Əsasən, dövrün aktual mövzularına da toxunmağa çalışıram. Çünki çox adam şeirin sadəcə sevgi-məhəbbət üzərində qurulduğunu düşünür. Ancaq şeir o qədər güclü bir silahdır ki, istifadə edənlər neçə hökmdarın canına vəlvələ salıb zamanında. Lamartin deyir ki, “şairlər və qəhrəmanlar bir tayfadandır, onlar arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir”. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər.

- Bəs, ən sevdiyiniz şair, yaxud şairlər kimlərdir?

 

- Azərbaycan şairləri olaraq klassiklərimizdən Nəsimi, Füzuli, Şəhriyar, Ramiz Rövşənin adını düşünmədən çəkə bilərəm. Türkiyəli şairlərdən isə Cemal Safi, Hüseyin Nihal Atsız, Mehmet Akif Ersoy kimi adları çəkə bilərəm. Əslində, belə bir qəlibləşdirmə etməyi bacarmıram. Ancaq sadaladıqlarım bu sualı eşidəndə ilk ağlıma gələnlərdir.

 

- Türkiyədə və Azərbaycanda bədii qiraəti necə müqayisə edərdiniz?

 

- Azərbaycandan fərqli olaraq bədii qiraət Türkiyədə daha geniş yayılan bir sənət növüdür. Bizdə bu sənətin nümayəndələri olduqca azdır. Yəni, bir Əminə Yusifqızı, ya da Rasim Balayev yetişməyib hələ. Sanki bu sənət davam etmir. Demək istədiyim odur ki, səsləndirmə edən çox olsa da, bu sənətin haqqını verən yox dərəcəsindədir.

 

- Səsinizə görə, film, serial, yaxud dublyaja dəvət almısız?

 

- Hələ ki, belə bir dəvət olmayıb.

 

- Şeirlərini səsləndirdiyiniz hansı şairlərlə görüşmək istəyərdiniz?

 

- Düzünü desəm, şeirlərini səsləndirdiyim şairlərlə şeirlərində görüşmüş kimi hiss edirəm deyə, belə bir arzum olmayıb. Bəlkə də qəribə səslənir, amma gerçəkdən bu, çox gözəl bir hissdir. Ancaq şəxsiyyət olaraq Mövlananı görmək istəyərdim. Bu da, bəlkə də təsəvvüfə olan sevgimdən irəli gəlir.

Müəllif: Mərahim Nəsib      5 Aprel 2020 23:21
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin