Karantin rejimində vəziyyət necə olacaq - Bütün sualların cavabı bu yazıda

Karantin rejimində vəziyyət necə olacaq -     Bütün sualların cavabı bu yazıda

 Rayona gedən insanlar vardı ki, hamısı rayon qeydiyyatında olsalar da, martın 29-u işdə olmalıydılar. İndi necə olacaq?

 

Bilirsiniz ki, bu gündən ta aprelin 20-si saat 00:00-a qədər ölkə ərazisində xüsusi karantin rejimi elan edildi. Düşündüm ki, tək tək hər birinizə cavab verməkdənsə, #XƏBƏR-ləri buket kimi yazım, bəlkə daha çox insan faydalana bildi...

 

Başlayaq:

 

1. Bu günə qədər yoluxma halı 72 nəfərdə aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib. Hazırda karantində 1000 nəfərə yaxın adam var. Yoluxanlar 29-50 yaş arası şəxslərdir. Onlardan 2-si xarici vətəndaşdır, digərləri Azərbaycan vətəndaşlarıdır. Bu günə qədər Azərbaycanda 18 yaşına qədər 3 nəfər koronavirusa yoluxub.

 

DİQQƏT! Bu, o demək deyil ki, o 70 nəfərin hamısı ərazimizdə yoluxub. TƏBİB-dən bildirilmişdi ki, yoluxanlar əsasən xaricdən gələnlər olub.

 

Ərazimizdə neçə yoluxma halı olub? -  Sualıma cavab verən olmadı.

 

Bizdə nə vaxtdan var? - Azərbaycanda koronavirus əsasən fevralın sonu və martın əvvəlində idxal olunurdu. Bu günə onların sayı təxminən 30 nəfərdir. Bundan sonra isə xəstəliyə yoluxma halları ölkə daxilində də qeydə alınmağa başladı.

 

ƏN ÇOX YOLUXMA cənub zonasındadır. Çünki ilk vaxtlar sərhədlər tam bağlanmadı. Xüsusən də İranla. Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

 

2. Qərarda göstərilir ki, "65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin".

 

DİQQƏT! Bu qayda səhiyyə işçiləri üçün keçərli deyil, onlar işləyəcək.

 

SUAL: Qıvraq, işləyən, özü min cavana dəyəcək 65 və ondan yuxarı yaş təbəqəsinin işə gedib-gəlməsi necə yoxlanacaq, mexanizm nədir, öz avtomobilində onun yaşını kim necə yoxlayacaq? - Bu suala da cavabım yoxdur. Hər halda, qərar qadağan edirsə, getməməkdə fayda var. Oturun evdə, dincəlin də özünüzçün.

 

3. Metro və avtobuslar öz qaydasında, həmişəki qaydada işləyəcək. ƏLAVƏ olunan EXSPRESS avtobuslardır, onların xəttə buraxılmasının məqsədi insanların metrodan maksimum az istifadə etməsidir və o avtobuslar sizi ancaq A nöqtəsində olan metrostansiyanın qarşısından götürüb, B nöqtəsindəki metrostansiyanın yanında endirəcək, dayanacaqlarda yox.

 

DİQQƏT! Avtobuslara oturacaq sayından artıq adam götürülməyəcək. Karantin müddətində qadağan olunub. Lazım olsa, xəttə əlavə avtobuslar buraxılacaq.

 

4. Bakı, Sumqayıt, Xırdalan, Abşeron, Corat, Saray və s. - bu ərazilərdə hərəkətdə heç bir məhdudiyyət yoxdur. İşinizə-gücünüzə normal gedib-gələcəksiniz.

 

5. "Sədərək" və "Binə" ticarət mərkəzləri karantin müddətində fəaliyyətini tamamilə dayandırdı. Günorta yazdığınız məsələlər keçdi arxa plana, ən azı aprelin 20-nə kimi.

 

6. İctimai iaşə müəssisələri müştərilərə yerində xidmət vaxtı saat 12:00-15:00 arası olacaq. Evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

 

SUAL: Niyə belə edilib, guya virus o saatda yoluxmur?

 

CAVAB: Əziz adamlar, hər şeyi bir fincan qəhvə hesabı ilə ölçməyək. Səbəb sadədir: ona görə ki, insanlar bir yerdə çox oturmasın, yığışmasın, toplaşmasın. Yəni virusun gəlmə saatı ilə heç bir əlaqəsi yoxdur.

 

DİQQƏT! Bütün supermarketlər, ərzaq mağazaları və apteklər əvvəlki kimi öz rejimlərində işləyəcək. Heç bir dəyişiklik filan yoxdur. Fatma xalanın votsapdakı Xatışa yazdığı mesajlar beyninizi qarışdırmasın.

 

7. Rayona gedən insanlar vardı ki, hamısı rayon qeydiyyatında olsalar da, martın 29-u işdə olmalıydılar. İndi necə olacaq?

 

DİN rəsmisi Zahidov dedi ki, "Əzizə xanım, karantin müddəti bitməyincə, geri dönə bilməyəcəklər".

 

Sual verdim: Bəs o zaman onların işləri necə olacaq, axı bu qədər adamın işi ləğv olunmayıb?

 

Cavab: “Bilirik. Bakının yarısı rayon qeydiyyatında olanlardır və işləyirlər. Amma karantin rejimi belə şeyə baxmır. Ancaq ayın 20-si gələ biləcəklər. Bakı, Abşeron, Sumqayıt qeydiyyatında olub rayonda olanlar geri dönə bilərlər, Bakıdan qeydiyyatda olduqları rayonlarına da gedə bilərlər, amma bu müddətdə ayrı giriş-çıxış edə bilməzlər. Bakı, Sumqayıt, Abşeron qeydiyyatlılar da rayonlara gedə bilməzlər”.

 

8. Rayonlararası gediş-gəliş də dayandı. Məsələn, Lənkərandan Masallıya, İsmayıllıdan Şəkiyə və s. getmək olmaz, aprelin 20-nə qədər.

 

9. Küçə və parklarda qrup şəklində gəzmək qadağan olundu. 10 nəfərdən artıq hardasa toplaşmaq olmaz.

 

Sual: Həyətdə düşüb nəfəs ala bilmərik?

 

Cavab: Əlbəttə bilərsiniz. Amma adamlardan maksimum izolyasiya şərti ilə.

 

10. Azərbaycanla Gürcüstan sərhədi də aprelin 20-dək bağlı olacaq, karantinlə bağlı.

 

SUAL: Bəs dünən deyirdiniz, "Qırmızı körpü" ilə...

 

CAVAB: “Bəli, dünən məlumat elə idi ki, ancaq "Qırmızı körpü" ilə mümkündür, bu gün isə karantin tələbləri deyir ki, artıq mümkün deyil. Səbr edin”.

 

Əzizə İsmayılova, jurnalist, radio-aparıcı

Müəllif: Ayna.az      24 Mart 2020 02:27
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin