Azərbaycanlı həkim reallıqları dilə gətirir: “Yaxın təmasdan qaçın”

Azərbaycanlı həkim reallıqları dilə gətirir:               “Yaxın təmasdan qaçın”

Vüsalə Yaşar: “Maskalardan düzgün istifadə olunmaması, əksinə virusun yayılmasına səbəb olur”

 

Koronavirus bəlası artan sürətlə davam edir. İndiyədək pandemiya dünyada 300 mindən artıq insanı xəstələndirib, 10 minə yaxın insan virusa yoluxaraq vəfat edib. Azərbaycanda da Covid-19-la mübarizə tədbirləri artırılır, ciddi önləyici addımlar atılır. Vətəndaşlar arasında isə narahatlıqlar dolaşır.

 

Məsələ ilə əlaqədar AYNA-nın suallarını infeksionist-hepatoloq Vüsalə Yaşar cavablandırır:

 

- Doktor, koronavirisla mübarizə tədbirləri, insanların virusla bağlı ciddiyəti nə qədər qənaətbəxşdir?

 

- Dövlət tərəfindən koronavirusla bağlı doğru addımların atıldığını, düzgün qərarların verildiyini düşünürəm. İnsanların maariflənməsi cəhətdən də irəliləyiş var. Müşahidələrim göstərir ki, virusdan qorunmaqla bağlı fərdlər ayrı-ayrılıqda qadalara əməl etməyə can atırlar. Deməli, bəzi hədəflərə nail olmuşuq. Panikaya gəlincə, burada iki qrup insan var: Bəzilərinə baş verənlər heç maraqlı deyil, həddindən artıq bivecdirlər, bəziləri də çox ciddi şəkildə təşvişə düşüblər. Hər halda daha tədbirli olmaq ən yaxşısıdır.

 

 

- Ümumdünya Səhiyyə Təşkilatının təmsilçisi, Türkiyədən olan professor Azərbaycandakı vəziyyətlə bağlı məqbul fikir söyləməyib. Bizdə infeksiyalarla mübarizə, diaqnostika ilə bağlı təcrübənin olmadığını deyib. Hətta, süni tənəffüs aparatlarımız da azmış...

 

- Bəli, o video geniş yayılıb. Həmin həkim Azərbaycana qiymətləndirmə üçün gəlmişdi. Müsahibəsində niyə elə fikirlər səsləndirib, bilmirəm. Amma bizdə əhalinin səhiyyəyə inamsızlığı hələ də hökm sürür, bu, reallıqdır. Bir vacib məqam da var ki, Öndər həkim (sözügedən professor – red.) bu müsahibəni verəndə Türkiyədə hələ koronavirusla bağlı yoluxma qeydə alınmamışdı. Amma bu gün orada artıq xəstələrin sayı 190-nı keçib, ölənlər var. Bizdə isə 30-dan artıq xəstə müalicə alır, sağalanlar var, karantin davam edir. Karantində də virus aşkarlana bilər, hər halda nəzarət var. Bu gün də bizə virusa bənzər əlamətlərlə xəstələr gəlir, təşvişə düşənlər də olur, amma hamı bilməlidir ki, qrip hər zaman olub. Bir daha vurğulayıram ki, virusa yoluxma riski daha çox xroniki xəstəliyi olanlarda, yaşlı insanlarda var. Bu qrup insanların diqqətli olması çox vacibdir. Belə insanların təlimatlara uyması gərəkdir. Sosial izolyasiyaya doğru əməl edilərsə, yoluxmaların da sayı azalar.

 

- İnsanların maskalarla gəzməsi ən çox mübahisə doğuran məqamdır. Maska bizi yoluxmadan sığortalayırmı?

 

- Bu gün ən çox danışılan məsələyə bir daha aydınlıq gətirmək istəyirəm. İnsanlar bilməlidirlər ki, virus havada asılı qalmır. Virusun artıb çoxalması üçün canlı orqanizmdə qalması lazımdır. İnsanlar da bu mənada potensial daşıyıcılardır. Bu səbəbdən deyilir ki, yaxın təmasdan qaçın. Bir metr aralı məsafədən ünsiyyət gərəkdir. Əllərin yuyulması, dərinin təmiz saxlanması ən vacibidir. Hamının maska taxması əhəmiyyətsizdir. Maska sizi ətrafdan qorumur, çünki virus havada deyil. Cərrahi maskalar isə başqalarını yoluxdurmamaq üçündür. Hava damcı viruslarından qorunmaq üçün maskalar əsəsən tibb personalı, xəstələrə qulluq edənlər üçündür. Xəstə ilə təmasda olanlar istifadə edirlər. N95 maskalarını taxmağa isə heç ehtiyac yoxdur. Maska taxan insanlar da çox halda maskadan istifadə qaydalarını bilmirlər. Maskanı çıxarıb cibinə qoyanlar, əlində saxlayıb təkrar taxanlar var. Bu maskaların nəmlənməsi virusun əksinə yayılmasına səbəb olur, yenilənməsi gərəkdir. Bilməliyik ki, sıx, insanların kütləvi olduğu yerlərdən çəkinməliyik, yoluxma ən çox belə hallarda baş verir. Bir xəstənin olduğu məkanda 15 dəqiqədən artıq qalsaq, yoluxma riski böyükdür.

 

- Doktor, bəs koronavirus nə zaman yox olacaq? Bu barədə sizin şəxsi proqnozunuz varmı?

 

- Vurğuladığım kimi, sosial izolyasiyaya doğru əməl edilsə, virusa qalib gələ bilərik. Çində artıq vəziyyət yaxşılaşır, ona görə ki, Çin ayrıca xəstəxanalar tikdi, xəstə insonları təcrid etdi, karantin tədbirlərini gücləndirdi. İndi sağalan insanların sayı artır, karantin xəstəxanaları azalır. Bütün ölkələr də eyni qaydada karantin tədbirlərinə, profilaktik qaydalara əməl etsə, virusdan qurtulmaq olar. Proqnozuma gəlincə, ötən ilin dekabrında Çində koronavirusla bağlı ilk yoluxma, ölüm xəbərləri yayılanda heç kəs deyə bilməzdi ki, qısa müddətdə Covid-19 pandemiya vəziyyətini alacaq. Bu səbəbdən birgə mübarizə vacibdir. Havalar isindikcə virusa yoluxmaların azalacağı, koronavirusun tədricən yox olacağı deyilir. Bu da ona görədir ki, insanlar açıq havada daha çox olacaqlar, qapalı, kütləvi yerlərdən çıxacaqlar, yoluxma riskləri azalacaq, nəticədə Covid-19 da digər virus xəstəlikləri kimi aradan çıxacaq.

Müəllif: Raminə Eyvazqızı      24 Mart 2020 11:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin