Bakıda 50-dək otel boşalıb: “Vəziyyət ürəkaçan deyil”

Bakıda 50-dək otel boşalıb: “Vəziyyət ürəkaçan deyil”

Samir Dübəndi: “Boşaldılmış otellərə karantin altına alınan xəstələrin yerləşdirilməsi iddiaları tamamilə səhvdir”

 

Məlum olduğu kimi, koronavirus təhlükəsi səbəbindən ölkəmizdə bir çox ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, bəzi istehsal müəssisələri dayandırılıb, kafe-restoranların iş rejiminə limit tətbiq olunub.

 

Bundan başqa, hazırda qəribə məlumat yayılıb. Bildirilir ki, Bakıdakı bir sıra otellər boşaldılıb. Buna səbəb kimi isə, turistlərin olmaması, tələbatın azlığı yox, karantin altına alınmış insanların oralara yerləşdirilməsi göstərilir.

 

Yayılmış xəbərlərlə bağlı AYNA-ya açıqlama verən DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, Bakı şəhərində 50-yə yaxın kiçik və orta otel fəaliyyətini dayandırıb, işçilər evə buraxılıb, personal işindən azad olunub.

“Təəssüf ki, vəziyyət ürəkaçan deyil. Çünki bu faktorlar məşğulluğa ciddi təsir edən amildir. Məlumdur ki, bütün dünyada koronavirusla bağlı iqtisadi, sosial böhran yaşanır. Bu xəstəliklə bağlı vəziyyət turizm sektoruna, otelçilik, restoran şəbəkələrinə də pis təsirini göstərdi. Bizim otelçilik sektoru da bu səbəbdən işinə ara verməli oldu. Turist, tələbat yoxdursa, məcbur olub işi dondurmalı oldular”, - həmsöhbətimiz bildirib.

 

S.Dübəndi boşaldılmış otellərə karantin altına alınan xəstələrin yerləşdirilməsi iddialarına isə belə reaksiya verib: “Tamamilə səhv məlumatdır, dezinformasiyadır. Oteli boşaldıb xəstəxanaya çevirmək söhbəti gülməlidir. Karantin üçün səhiyyə müəssisələri var. Tezliklə tibbin, elmin bu vəziyyətdən çixacağına ümid edirəm”.

 

“Biz mövcud vəziyyətə nəzarət edirik, hazırda baş verənləri, turizm sektoruna, otelçilik sahəsinə dəyən zərəri araşdırırıq. Hesabatımız hazır olduqda bunu açıqlayacağıq. Bu məlumatları bizdən dövlət orqanları da istəyir. Çünki mövcud durumu qiymətləndirmədən onun həllinə çalışmaq mümkün deyil”, - sədr vurğulayıb.

 

Dübəndinin fikrincə, vəziyyətin qiymətləndirilməsinin ardından, bir sıra orta biznes strukturuna, ən çox zərərçəkmiş müəssisələrə dəstək göstərilə bilər: “Bunun üçün bir çox üsullar da tətbiq edilə bilər. Bu həll yolları arasında verginin ixtisari, vergidən qismən azad olma, ixtisara düşən işçilərin maaşının minimal şəkildə ödənilməsinə dəstək və sair var. Hazırda bir neçə qurumla müzakirələr aparırıq, son toplantımızda problemin həllində vəzifələri bölüşdürdük, hər qurum üzərinə düşən missiyanı yerinə yetirəcək”.

Müəllif: Raminə Eyvazqızı      18 Mart 2020 17:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin