Bu gün Torpaq çərşənbəsidir

Bu gün Torpaq çərşənbəsidir

Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən atlanmalıdır

 

Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbədir.


AYNA-nın xəbərinə görə, bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.


 İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən atlanmalıdır.


 Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir.


 İlaxır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Müəllif: Ayna.az      17 Mart 2020 08:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin