Koronavirus peyvəndi uğrunda mübarizə başladı

Koronavirus peyvəndi uğrunda mübarizə başladı

"Trampın məqsədi peyvəndin istehsalı üçün eksklyuziv haqq əldə etməkdir"

 

Almaniyanın nüfuzlu Die Welt qəzeti 16 mart 2020 tarixli sayında dərc etdiyi məqalədə prezident Trampın alman CureVac şirkətini satın almağa təşəbbüsündən bəhs edir. CureVac koronavirusa qarşı peyvənd istehsal etmək üzərində çalışır. "Trampın məqsədi peyvəndin istehsalı üçün eksklyuziv haqq əldə etməkdir", - Die Welt yazır.

 

CureVac şirkətinin rəhbəri Daniel Menchiella (fotoda qırmızı dairə içində) Ağ Evdə eksperimental peyvəndin hazırlanması ilə bağlı keçirilmiş iclasda iştirak etmiş və çıxışında peyvəndin yay aylarının əvvəlinə hazır olacağına ümid etdiyini bildirmişdi.

 

İclasdan sonra Daniel Menchiella şirkətin araşdırma qrupunun Amerikaya köçməsi və araşdırma nəticələrin amerikalılara verilməsi haqda təklif (təklifin milyonlardan deyil, milyard dollardan getdiyi söylənir) alır.

 

Almaniyada bu xəbər böyük hiddətlə qarşılanır. Bundestagın sosial-demokrat deputatı Karl Lauterbach məsələ ilə bağlı "Ön cərgələrdə olan alman səhiyyə xadimləri, habelə bütün dünyadakı insanlar Almaniyada hazırlanmış hər şeyə sərbəst çıxış imkanına sahib olmalıdırlar" deyərək, "Heç bir ölkə koronavirus peyvəndinə eksklyüziv haqq imkanına sahib olmamalıdır" deyə sözlərinə əlavə edib.

 

Welt am Sonntag adlı digər alman qəzeti də Donald Trampın Almaniyanın Paul Ehrlich İnstitutu və CureVac şirkətinin üzərində birgə çalışdıqları koronavirus peyvəndi istehsalının ancaq ABŞ-a məxsus olması üçün fəaliyyətdə bulunduğunu yazıb. Qəzet Trampın bunun üçün çox böyük miqdarda almanlara pul təklif etdiyini də xüsusi olaraq vurğulayıb. 

 

Bəzi müşahidəçilər lağ və kinayə ilə "eksklyüziv haqq"ın Trampa verilməsini deyirlər, - "Axı qarşıda prezident seçkilər var, icazə verin Tramp amerikalıları xilas etsin, sonra isə bəlkə lütfedib peyvəndi başqaları ilə də bölüşər".

Müəllif: İbrahim Nəbioğlu      16 Mart 2020 20:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin