Dünya böyük fəlakətin cəngində: Bundan sonra nələr baş verəcək?

Dünya böyük fəlakətin cəngində: Bundan sonra nələr baş verəcək?

"Fərd və cəmiyyət olaraq məsələyə rasional yanaşmalıyıq, yəni "təlaşa ehtiyac yoxdur, ehtiyatlı davranmaq lazımdır" düşüncəsini əsas tutmalıyıq”

 

Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunub. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksininin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Demək olar ki, bütün dövlətlərdə, o cümlədən də ölkəmizdə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. 

 

Maraqlıdır, koronavirusun geniş yayılması qlobal miqyasda iqtisadi proseslərə və demoqrafik vəziyyətə necə təsir göstərəcək? Sualımıza politoloq Nurlan Qələndərli ilə AYNA tutmağa çalışdıq.

 

N.Qələndərli bildirir ki, dünyanın 170-ə qədər ölkəsini əhatə edən "COVİD-19" virusunun yaratdığı "dağıntı"lar, meydana çıxan yeni risklər və təhlükələr beynəlxalq təhlükəsizlik məsələsi olmaqla yanaşı, "qlobal problem" kateqoriyasına aid edilməlidir: "Ona görə də dünya miqyasında yaranmış xaotik vəziyyətin aradan qaldırılması üçün ciddi təsir imkanlarına malik beynəlxalq təsisatların milli dövlətlərlə birlikdə koordinasiyalı və vahid hərəkət sxemi üzrə fəaliyyət göstərmələri lazımdır. Mübarizə mexanizminin gücləndirilməsi, yeni metod və texnologiyalardan istifadə olunması strateji zərurətə çevrilib".

Politoloqun sözlərinə görə, hazırda nüfuzlu strateji araşdırma mərkəzləri, ekspertlər - təhlilçilər tərəfindən mövcud vəziyyət müxtəlif aspektlərdən dəyərləndirilir, oxşar və fərqli fikirlər ifadə olunur, hətta konspiroloji yanaşmalar da nəzərə çarpır: "Üzərində durulan əsas məqam budur ki, situasiya olduqca mürəkkəbdir. Bir sıra aparıcı ölkələr pandemiya ilə əlaqədar artıq ciddi sosial-demoqrafik və iqtisadi problemlərlə üzləşiblər. Onların sırasında problemi "beynəlxalq iqtisadi sabotaj" kimi qiymətləndirənlər də var. Hətta koronavirusu "III Dünya müharibəsi çərçivəsində tətbiq olunan bioloji silah" olaraq səciyyələndirənlər də az deyil. Eyni zamanda, yeni növ virusun pandemiyaya çevrilməsinin beynəlxalq münasibətlərin gələcəyinə təsiri də müzakirə predmetinə çevrilib, bu halın çoxqütblü dünya nizamının formalaşması prosesini müəyyən qədər təxirə salması məsələsi də gündəm mövzusu kimi aktualdır. Bütün hallarda reallıq budur ki, koronavirusun pandemiyaya çevrilməsi və yayılma arealının genişlənməsi qlobal iqtisadiyyata ciddi neqativ təsir göstərəcək, dünyanın ayrı-ayrı geosiyasi nöqtələrində regional və transregional demoqrafik strukturda dəyişikliklərə səbəb olacaq".

 

N.Qələndərli ehtimal edir ki, beynəlxalq ticarət böhranına, turizm potensialının zəifləməsinə aparıb çıxara biləcək bu hal hətta qlobal miqyasda XXI əsrin iqtisadi krizisini şərtləndirə bilər: "Yəni pandemiyanın ilkin bioloji mahiyyətindən uzaqlaşaraq sosial-iqtisadi və demoqrafik kataklizm mənbəyinə çevrilmək ehtimalı yüksəkdir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə səyləri birləşdirməyi və gücləndirməyi tövsiyə edib, mübarizə prosesində 4 istiqamətli strategiyaya uyğun addımlar atmaq çağırışı ilə çıxış edib. Hesab edirəm ki, yetərli resurslara sahib beynəlxalq təşkilatlar tərəfindən də təsirli dəstək mexanizmi formalaşdırılmalıdır".

 

Müsahibimizin qənaətincə, ayrı-ayrı ölkələrdə sadəcə olaraq müvafiq dövlət qurumlarının önləyici və mübarizə xarakterli tədbirlər həyata keçirməsi yetərli deyil: "Bu prosesdə cəmiyyətlərdə ictimai şüur səviyyəsi dəstəkləyici amil kimi həlledici faktor olacaq. Yəni toplumun fərdlərinin müəyyən olunmuş qaydalara nə qədər və necə əməl etməsi çox önəmlidir. Bu, məhz sosial immunitetin gücləndirilməsi və bəhs olunan qlobal sınaqdan ciddi itkilərə məruz qalmadan çıxmaq baxımından olduqca əhəmiyyətlidir. Yəni fərdi məsuliyyət ictimai immuniteti gücləndirəcək, vətəndaş dəstəyi amili dövlətin mübarizəsinin effektivliyini artıracaq.”.

 

“Azərbaycana gəldikdə isə, ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, eyni zamanda, maarifləndirmə işinin davamlı xarakter daşıması təqdirəlayiq haldır. ÜST də respublikamızda operativ və effektiv tədbirlərin reallaşdırılmasını təqdir edir - müsbət qiymətləndirir. Təbii ki, dövlətin effektiv mübarizə mexanizmi ilə yanaşı, vətəndaşların müəyyən olunmuş qaydalara ardıcıl olaraq əməl etməklə prosesə öz dəstək və töhfələrini vermələri də strateji zərurətdir. Çünki bu, həm də milli təhlükəsizlik məsələsi olduğuna görə ictimai həmrəylik tələb edir. Bütövlükdə, fərd və cəmiyyət olaraq məsələyə rasional yanaşmalı, "təlaşa ehtiyac yoxdur, ehtiyatlı davranmaq lazımdır" düşüncəsi ilə hərəkət etməliyik. Bir sözlə, əhalinin sağlamlığını diqqət mərkəzində saxlayan hökumətin müəyyənləşdirdiyi qaydalara ciddi riayət etməklə mövcud tələb, tövsiyə və çağırışları mütləq surətdə nəzərə almalıyıq”, - deyə müsahibimiz vurğulayır.

Müəllif: Rumiyyə Miraslan      19 Mart 2020 10:21
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin