Koronavirus Avropanın mənzərəsini dəyişir

Koronavirus Avropanın mənzərəsini dəyişir

“Almanların bu qədər qorxaq və səbirsiz olduqlarını bilməzdim”

 

Dünyada koronavirusla bağlı təşviş və müdafiə tədbirləri davam edir. Hər ölkə gücü və imkanları yetdiyi qədər karantin və profilaktik tədbirləri görür.

 

Azərbaycandakı vəziyyətdən az-çox haliyik, bəs xaricdə durum nə yerdədir? Suala xaricdə yaşayan bir neçə soydaşımızla AYNA tutmağa çalışdıq.

 

ABŞ-ın Arizona ştatında yaşayan Elnur Salmanov: “Baxmayaraq ki, ştat ərazisində fövqəladə vəziyyət elan olunub, ümumi vəziyyət pis deyil. Marketlərdə həmişəki kimi sıxlıq var, normal alış-veriş gedir. İnsanlarda ciddi təşviş yoxdur. Amma ən çox dezinfeksiyaedici məhsullar, spreylər alınır, hələ ki, boldur. Əl təmizləyicilərin, spirtin satışında isə məhdudiyyətlər var, marketlərdə löhvələrdə bu barədə çağırışlar yerləşdirilib. Diqqətimi çəkən o oldu ki, supermarketin girişində əltəmizləyici, nəmli spirtli dəsmallar qoyublar, girən istənilən şəxs ödənişsiz istifadə edir. Bu gün həyat yoldaşımı xəstəxanaya müayinəyə aparmışdım, xəsətəxanın girişində lövhə vardı: “Əgər xəstəsinizsə, qızdırma, öskürək varsa, xahiş edirik, maskanı götürün”. Yəni hələlik Arizonada xüsusi qeyri-adi hadisələr qıtlıq, çaşqınlıq yaşanmır”.

 

Fransada yaşayan Könül Qasımova: “Burada tibbi maskalardan sıx istifadə edilmir. Düzünü desəm, biz özümüz də maska axtarmırıq. Amma əl dezinfeksiya edən vasitələr, antibakterial sabun ve tualet kağızı yoxdur. Adi sabun və qida məhsullarının alışı-satışışında problem yoxdur. Spirt qıtlığı yaşanmır. Sadəcə tualet kağızının qıtlığının səbəbini anlaya bilmirəm. Bütün marketlərdə həmin şöbə, bölmə boşdur. Marketlərdən də soruşuram, onlar da cavab tapmırlar”.

Almaniyada yaşayan Tünzalə Rafiqqızı: “Burada ən çox insanların sıx olduğu yerlər dezinfeksiya olunur. Bu məhsullar bəzi marketlərə pulsuz verilir ki, təmizliyə riayət olunsun. Maska, spirt yoxdur, demək olar ki. Bütün təmizləyici vasitələr məhdudiyyətlə satılır. Depolar çatdırmır. Buna baxmayaraq, bu yaxında konsert keçirdik, 600 insan gəlmişdi. Amma hökumət belə tədbirləri təxirə salmağı məsləhət görür. Almanların bu qədər qorxaq və səbirsiz olduqlarını bilməzdim. Çünki alış-veriş edənlər ən çox təmizləyici vasitələr alırlar. Ərzaq, tibbi vasitələr də alıb evlərinə yığanlar var”.

 

Niderlandda yaşayan Mədinə Məmmədova: “Bu ölkədə maska təlaşına düşən az adam var. Lazım olan yerlərdə özləri verirlər. Amma bütün sıx olan yerlərdə - avtovağzallarda, aeroportlarda, stansiyalarda ehtiyac olduqda maska verirlər. Vəziyyət nəzarətə götürülüb, Səhiyyə Nazirliyinin xüsusi koronavirusla bağlı qurumu var. Hər yerdə spirt qoyulub, məhdudiyyətlə satılsa da, var. Panikaya düşənlər də var. Niderlandda 5 nəfər yaşlı insan ölüb, 804 nəfər yoluxma var, onlar da ciddi nəzarətdə saxlanılır. Deyərdim ki, burada həyat davam edir. Ölkənin cənub hissəsində tədbirlər gücləndirilib. Azərbaycandan maska istədilər. Burada hamımızın tibbi sığortamız var deyə, hər kəsin özünün dərman ala biləcəyi apteki var, mən də o aptekdən maska istədim, 5 maskadan artıq satılmır. Buna səbəb, əslində təşviş yaratmamaqdır. Maska alan və taxanlarla da, demək olar ki, qarşılaşmamışam”.

 

Polşada yaşayan və təhsil alan Elnur Nabavi: “Bayramla əlaqədar Azərbaycana təyyarə bileti alsam da, təəssüf ki vəziyyətlə bağlı təxirə saldım. Burada qonşu Almaniyaya və başqa ölkələrə baxanda vəziyyət yaxşıdır, baxmayaraq ki, indiyə qədər 49 yoluxma faktı olduğu deyilir. İnsanlarda təşviş olmasa da, bir həftədir, maska yoxdur, maska qıtlığı burada da var”.

 

Rusiyada yaşayan Tünzalə Vəliqızı: “Maskalar koronavirus təhlükəsi eşidiləndən sonra apteklərdən yoxa çıxıb. Əvvəlcə çinlilər alıb ölkələrinə göndərməyə başladılar. Hətta başqaları da maska üzərindən yaxşıca pul qazandılar. Daha sonar bahalaşdı. Ötən gün özüm almışam. Əvvəllər 10-20 rubla olan maska indi 85 rubldur (100 rubl = 2.35 manat - red.). Amma hər aptekdə də tapmaq olmur. Çox istifadə edən elə də yoxdur, amma mən metrodan istifadə edirəm deyə, taxıram. İnsanlar çox rahatdır, hər hansı təşviş görmək olmur. Amma ictimai yerdə öskürənə sərt baxış var. Ən çox əltəmizləyici nəm salfetlərdən istifadə olunur. Onun da qiyməti 50 rubldan 100 rubla qalxıb. Moskvanın dünən lap mərkəzində oldum, hər hansı virus söhbəti, panikası yoxdur. Ərzaqla bağlı söz-söhbət var, bahalaşma, azalma kimi məsələlərdən danışılır. Karantin bölgəsi nəzarətdədir, dizenfeksiya işləri qaydasında gedir”.

Müəllif: Raminə Eyvazqızı      14 Mart 2020 11:00
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin