Prezidentin çağırışından sui-istifadə: Şirkətlər əhalini qorxuya salıb

Prezidentin çağırışından sui-istifadə: Şirkətlər əhalini qorxuya salıb

“Bütün diqqətlərin koronavirusa yönəlməsi səbəbindən icbari sığorta məsələsi arxa plana keçdi, amma bu il məsələ yenidən gündəmə gələcək”

 

Ötən ilin sonunda paytaxt sakinlərinin əksəriyyəti sığorta şirkətlərindən, mənzillərini sığortalamayacaqları təqdirdə cərimələrlə üzləşəcəkləri barədə bildiriş alıb. Paytaxtda şayiələr yayılıb: kimisi son tarix gününün yanvarın 1-nə, kimisi 20-nə qədər olduğunu bildirib.

 

Heç kim doğru məlumata sahib deyil və bir çox vətəndaşlar maliyyə sanksiyaları təhlükəsindən qorxaraq mənzillərini və evlərini təcili olaraq sığortalayıblar. Sonradan məlum oldu ki, nəinki müddət, heç cərimələrlə bağlı hər hansı bir mexanizm yoxdur.

 

Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalov AYNA-ya açıqlamasında sığorta şirkətlərinin qanuna əsaslandığını, lakin onu öz istədikləri kimi şərh ediyini deyib: ““Daşınmaz əmlakın icbari sığortası haqqında” qanun çoxdan mövcuddur və bu qanunu pozanlar üçün cərimələr nəzərdə tutulur, buna görə heç bir saxtakarlığa yol verilə bilməz. Mənzillərini sığortalamağa qərar verənlər ödədikləri xidmətdən istifadə etdilər. Lakin sığorta şirkətləri əhalini qorxutmağa başlayıb. Nəticədə, bir çoxları son pullarını belə, sığorta şirkətlərinə veriblər və onlar da öz növbəsində yaxşı pul qazanıblar. Onlar Prezident İlham Əliyevin evlərin sığortalanmasına ehtiyac olduğunu elan etməsindən sui-istifadə etdilər. Bu, ticarət mərkəzindəki yanğından sonra baş verdi, nəticədə dövlət yanğın qurbanlarına yardım göstərməli oldu”.

 

Müsahibimizin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası üçün hələ heç bir mexanizm hazırlanmayıb: “Əvvəlcə sığortalanmalı olan obyektlərin reyestri hazırlanmalıdır. Obyektlər ilkin ekspertizadan keçməlidir. Qanunu pozanları cəzalandıracaq bir qurum təyin etmək lazımdır. İcbari sığortaya ehtiyac barədə bildirişlər, bəlkə də bunu bilməmələri mümkünsüz olan vəkillər tərəfindən edildi”.

 

“Əgər vətəndaşlardan biri sığortaçıları məhkəməyə versəydi və məhkəmə onların yalan məlumat yaydıqları qənaətinə gəlsəydi, onda onlarla bağlı daha ciddi tədbirlər barədə danışa bilərdik. İndi sığorta şirkətlərini yalnız haqsız reklam kampaniyasında günahlandırmaq və buna görə cərimə etmək olar. Lakin sığortaçıların bu hərəkətlərinin dövlətin imicinə zərbə vurduğunu nəzərə almalıyıq, çünki onlar qanunun arxasında gizləniblər”, - E.Zeynalov bildirib.

 

AİHM rəhbəri qeyd edib ki, yaxın vaxtlarda "Əmlakın icbari sığortası haqqında" qanun ölkədə işləyəcək: “O zaman zəlzələ, daşqın, yanğın və sair kimi hallar üçün kompensasiya dövlət tərəfindən deyil, sığorta şirkəti tərəfindən ödəniləcək. Və bu kimi hallara rast gəlinmir. Belə ki, Şamaxıda zəlzələ nəticəsində yüzlərlə insan evlərini itirdi. "Sədərək" Ticarət Mərkəzi son dörd ildə 6 dəfə yanıb, sığortası olmayan binaları kirayə verənlər zərər çəkib. Nəticədə dövlət zərərçəkənlərə yardım göstərməyə və maddi itki verməyə məcbur olur. Ona görə də qanunun mümkün qədər tez işləməsi onun maraqlarına uyğundur”.

 

İqtisadçı-ekspert Fuad Əlizadə isə AYNA-ya deyib ki, sığorta şirkətləri vətəndaşlara, sadəcə qanunu xatırladıblar, heç kimi mənzil sığortalamağa məcbur etməyib: “Bunu etmək və ya etməmək barədə insanların özləri qərar veriblər. Buna görə sığorta şirkətlərinə bu cür sanksiya tətbiq etmək üçün heç bir səbəb yoxdur. "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunun icrası istiqamətində işlər davam etdirilir, lakin bu, uzun prosesdir”.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də hesab edir ki, sığorta şirkətlərinə qarşı sanksiyalar üçün heç bir əsas yoxdur: "Belə bir fırıldaqçılıq olmayıb, amma camaatı cərimə ilə qorxudublar, baxmayaraq ki, həmin cərimələr barədə hələ heç bir mexanizm yoxdur. Avtomobil sığortalanmırsa, onu cərimə meydançasında saxlaya bilərlər, lakin sığortalanmamış mənzil ilə nə etmək olar? İnsanları öz evlərindən çıxara blməzlər ki. Ediləcək yeganə şey sığortası olmayan ev sahiblərinin ölkədən çıxışlarına qadağa qoymaqdır. Bunun üçün isə məhkəmə qərarı olmalıdır”.

 

“Sığorta şirkətlərinin rolu, yalnız əhalini daşınmaz əmlak sığortası barədə məlumatlandırmaqdır. Qalan hər şeyi səlahiyyətdən sui-istifadə kimi qiymətləndirmək olar. Bu cür aqressiv kampaniya zamanı sığorta şirkətləri gəlir qazandılar. Bakıda mənzillərin, təxminən 2%-i sığortalanıb, bölgələrdə isə demək olar ki, heç bir ev sığortalanmayıb. Əksəriyyətin yadına daşınmaz əmlakını sığortalamaq o zaman yada düşür ki, yanğın, zəlzələ kimi hadisələr baş verir. O zaman da dövləti günahlandırırlar”, - Ağayev bildirib.

 

Həmsöhbətimiz vurğulayıb ki, vətəndaşlar "əcəl boğaza dirənənə qədər ölüm yada düşmür" prinsipi ilə yaşayırlar: “Mənzilləri sığortalamadıqları təqdirdə, cəza tədbirlərini tətbiq etmək lazım deyil. Bununla yanaşı, mənzil itirildikdə onlara kömək etməyə dəyməz. Xüsusən də bütün diqqətlərin koronavirusa yönəlməsi səbəbindən icbari sığorta məsələsi arxa plana keçdi. Ancaq bu il şübhəsiz ki, bu məsələ yenidən gündəmə gələcək. Əksər ölkələrdə daşınmaz əmlak sığortası könüllüdür, amma görünür ki, biz məcburi xarakterdən imtina etmək niyyətində deyilik”.

Müəllif: Elya Belskaya      29 Mart 2020 20:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin