“Koronavirusun diqtə etdiyi şərtlər altında yaşamağa alışmalıyıq”

“Koronavirusun diqtə etdiyi şərtlər altında yaşamağa alışmalıyıq”

İbrahim Nəbioğlu: “İstanbuldakı əsas problem insanlar arasında müəyyən bir məsafə saxlamaqla bağlıdır”

 

İstanbul bu proseslərə İtaliya şəhərlərindən daha yaxşı hazırlıqlıdır - İbrahim Nəbioğlu koronavirusun yayılması ilə bağlı danışır

 

Artıq Türkiyədə də ilk koronavirusa yoluxma faktı qeydə alınıb. Bu ölkənin Səhiyyə naziri Fahrettin Koca xəstənin bu yaxınlarda Avropa səfərindən qayıdan adam olduğunu söyləyib. Hazırda Türkiyədə və ölkənin ən böyük şəhəri olan İstanbulda ümumi vəziyyət necədir? Bu barədə AYNA-ya Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu, tanınmış jurnalist İbrahim Nəbioğlu danışıb.

 

“İndi Türkiyədə, xüsusən də İstanbulda məktəblərin, universitetlərin aqibəti müzakirə olunur. Bəzi özəl universitetlərdə distant təhsil aparmaq imkanı olan tələbələr üçün artıq sinif otaqlarının qapıları bağlanıb. Daha doğrusu, indi tələbələrin müəyyən hissəsi üçün artıq distant təhsilə keçilib. Məktəblər hələ bağlanmayıb, amma düşünürəm ki, gələn həftədən etibarən universitetlərin üzləşdiyi aqibətlə məktəblər də üzləşəcək. Məktəblər Təhsil Nazirliyinə tabedir və çox güman ki, onları bağlamaq qərarına gələcəklər”, - o bildirib.

Nəbioğlunun sözlərinə görə, bəzi pessimist proqnozlara baxmayaraq, İstanbul bu proseslərə, koronavirusun geniş yayıldığı İtaliya şəhərlərindən daha yaxşı hazırlıqlıdır: "Əvvəlcə “ilk qaranquşu” gözləmədən, İstanbul kruiz gəmiləri üçün limanlarını bağladı. İtaliyada Çin turistlərinin virus yaymağa başladığını xatırlasaq, bu, çox vaxtında atılmış bir addım idi. İkincisi, Türkiyə əvvəlcə Çinə, sonra İrana və digər ölkələrə beynəlxalq uçuşları dayandırdı. Üçüncüsü, İstanbul bələdiyyəsi 10 gündən çoxdur ki, avtobuslarda, metrolarda dezinfeksiya işləri aparır”.

 

Həmsöhbətimiz koronavirusla əlaqəli bütün qərarları və mübahisəli mövzuları tez bir zamanda işıqlandıran, əhaliyə xəbərdarlıq və tövsiyələri çatdıran mətbuatın roluna da diqqət çəkib: “Demək olar ki, hər gün müxtəlif televiziya kanallarında mütəxəssislərlə virusun yayılmasını müzakirə edirlər. Məlum olub ki, Türkiyədə bu sahədə xeyli sayda mütəxəssis var. Həqiqətən, koronavirusdan qorunmaq üçün əsas gigiyena qaydalarına və prosedurlara əməl etməlisiniz. İctimai fəallığı azaltmaq və izdihamlı yerlərdə, yəni ticarət mərkəzlərində, bazarlarda və s. daha az olmaq lazımdır”.

 

“Elementar qaydalar belə, əhalinin ən məlumatsız hissəsi üçün aşılanmalıdır. Məsələn, sadə insanlara izah etmək lazımdır ki, Türkiyədə adət olunduğu kimi, hər iki yanaqdan öpərək görüşmək lazım deyil. NATO Baş katibi ilə görüşdə Prezident Ərdoğanın davrandığı kimi davranmalıyıq. Yəni salamlaşın və məsafənizi gözləyin”, - İ.Bəbioğlu vurğulayıb.

 

Əlavə edib ki, indi bir çox özəl türk şirkətləri tədricən evdən işləmək qrafikinə keçir: “Çox güman ki, gələn həftədən etibarən belə işçilərin sayı xeyli artacaq. Allah eləməsin, əgər yoluxmuş insanların sayının artmasını müşahidə edəriksə, karantinin miqyası genişlənə bilər”.

Müsahibimiz diqqətə çatdırıb ki, yalnız bir yoluxmuş şəxsin müəyyənləşdirilməsi İstanbulda həyəcana səbəb oldu: “İnsanlar, sadəcə gec xarab olan məhsulları bazarların vitrinlərindən götürüb yoxa çıxardılar. Makaronun, unun, dezinfeksiyaedici maddələrin qiymətləri bahalaşıb, bəzilərinin qiyməti, hətta 100% qalxıb. Tibbi maskaların verilməsində müəyyən çətinliklər var, onların da qiymətləri qalxıb. Dövlət tədbir görüb: Ticarət naziri qiymətləri süni şəkildə qaldıran 80 şirkətin aşkarlandığını açıqladı. Hesab edirəm ki, bu məsələ öz həllini tapacaq”.

 

“Məni xüsusilə təəccübləndirən məqam, bazarlardan məhsul qıtlığına səbəb olan suriyalı qaçqınların bu vəziyyətdə katalizator rolunu oynaması oldu. Burada qaçqın sözü heç kəsi narahat etmir: əksəriyyətinin pulu var, üstəlik əllərində çoxlu xarici valyuta var. Açıqlamalara görə, bu qaçqınlar ayda yemək üçün 5000 lirəyə yaxın pul xərcləyirlər”, - deyə həmyerlimiz vurğulayıb.

 

Nəbioğlunun dediyinə görə, İstanbuldakı əsas problem insanlar arasında müəyyən bir məsafə saxlamaqla bağlıdır: “Burda insanlar, nəhayət başa düşdülər ki, sağlam insan deyil, xəstə insan maska taxmalıdır. İstanbul ictimai nəqliyyatında gərginlik hiss olunur və bu, xoşagəlməz, lakin başa düşüləndir. Düşünürəm ki, koronavirus uzun müddət davam edəcək və buna görə hamımız bu ortamda yaşamağa alışmalıyıq”.

Müəllif: Nicat Hacıyev      13 Mart 2020 19:52
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin