Azərbaycanda tibbi maska satanlara qarşı “Jeqlov metodu”

Azərbaycanda tibbi maska satanlara qarşı “Jeqlov metodu”

Maraqlıdır, polis sahibkarı hansı qanunun hansı maddəsinə görə saxlayıb?

 

Sovet və postsovet dövrünün adamları "Görüş yerini dəyişmək olmaz" filmi ilə yaxşı tanışdırlar. Bu filmdən bəzi ifadələr xalq arasında çox məşhurlaşdı. Jeqlov və Şarapov arasındakı sərt mübahisəni çoxları xatırlayır. Mübahisənin səbəbi Jeqlovun cinayətkarı cəzalandırmaq üçün isitifadə etdiyi metod idi.

 

Jeqlov cibgir Saprikin-Kərpiçin onsuz da oğurladığı, amma milisləri görən kimi yerə atdığı pul kisəsini, şöbənin qarşısında gizlincə yenidən onun cibinə atır. Kirpiç oğru idi və Jeqlov da onu istənilən yolla həbs etmək istəyirdi. Şarapov Jeqlovu biabırçılıqda və əxlaqsızlıqda günahlandırdı, ikincisinin öz arqumentləri var idi.

 

Bu epizod həqiqət və ədalət uğrunda gedən mübarizədə daim müzakirə mövzusudur. Sual o qədər də asan deyil: Şarapov qanuni və təhlükəsizlik qüvvələri tərəfindən sübutların saxtalaşdırılmasının əleyhinədir və Jeqlov hesab edir ki, ədalətin zəfər çalması naminə belə bir üsul tamamilə məqbuldur. Cəsarətli polislərimizin “lənətlənmiş sosialist əmlakını talayanlara” qarşı mübarizəsinin növbəti nəticəsi ilə tanış olduğumuz zaman milyonlarla sevimli filmin qəhrəmanlarının yuxarıda göstərilən dialoqunu xatırladıq.

9 mart 2020-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), tibbi maskaları real qiymətindən çox baha qiymətlərlə satdıqları üçün Xaçmaz rayon sakini Elvin Balamatov və Bakı şəhər sakinləri Elşən Ələkbərov, Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyevin saxlanıldığı barədə məlumat yaydı.

 

Göründüyü kimi, dünyada və ölkəmizdə ciddi narahatlıqlara yol açan koronavirusu haqsız qazanc mənbəyinə çevirmək istəyənlər də var. Əslində, əksər mütəxəssislərin fikrincə, virusa qarşı tamamilə yararsız olan tibbi maskalara olan böyük tələbatı fürsət bilən bəzi vətəndaşlar, maskaların satış qiymətini qaldıraraq pul qazanmağa qərar verdilər. Ölkədəki maska çatışmazlığı qarşısında edilən bu cür hərəkət, əlbəttə ki, heç bir mənəvi prinsiplərə uyğun gəlmir.

 

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bu "pis" vətəndaşların fəaliyyət növü göstərilmir. Məsələn, yuxarıda göstərilən vətəndaşlar tibbi maskaları şişirdilmiş qiymətə satan iş adamlarıdırsa, o zaman niyə tutulublar və hansı maddə ilə mühakimə olunacaqlar? Bildiyimizə görə, bazar iqtisadiyyatı şəraitində bu cür davranışlar məsuliyyət yaratmamalıdır.

 

Mövzunu AYNA-ya şərh edən vəkil Kamandar Nəsibovun sözlərinə görə, saxlanılan şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğuldurlarsa, mallarını istənilən qiymətə satmaqda azaddırlar: “Qanunvericiliyimiz sahibkarlara mallarının dəyərini müstəqil müəyyənləşdirməyə imkan verir”.

 

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov da AYNA-ya deyib ki, Azərbaycanda sahibkarlara mallarını istədiyi qiymətə satmağı qadağan edən belə bir qanun yoxdur: “Əgər sahibkar saxlanılırsa, bu, hökumətin qiymətləri inzibati yollarla tənzimləmək cəhdidir və bu da öz növbəsində bazar iqtisadiyyatı prinsiplərinə ziddir”.

Vəkil Xalid Ağalı isə deyir ki, dünyada epidemiyanın yayıldığını nəzərə alaraq, Milli Məclis dövlətə fərdi məhsulların qiymətlərini tənzimləməyə imkan verən normativ akt qəbul etmək hüququna malikdir: “Bu akt qəbul olunmadan, Tarif Şurasının siyahısına daxil olmayan hər növ mal və xidmət qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi qanunsuzdur”.

 

Həqiqətən, tibbi maskalar Tarif Şurasının saytında göstərilən və dövlət tərəfindən tənzimlənən mal və xidmətlər siyahısına daxil edilmir. Bəs polislərimiz bu tacirləri hansı qanuna uyğun olaraq saxlayıb?

 

AYNA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, saxlanılan sahibkarlar kartof və soğan satmayıblar: “Qanuna görə, sahibkar tibbi maskalarını istədiyi qiymətə sata bilməz. Polis qanuna uyğun hərəkət edib”.

 

... və DİN rəsmisi dəstəyi asdı. Qanunun adını və maddəsini dəqiqləşdirmək istəyimiz də dəstək kimi havadan asılı vəziyyətdə qaldı.

 

P.S. Jeqlov ilə mübahisədə Şarapov açıq şəkildə izah edir ki, əgər belə bir təcrübə vərdiş halına gəlirsə və təqdirəlayiq hesab edilirsə, bu dövlətdə qanundan əsər-əlamət qalmayacaq: "Qanunu bir dəfə pozarsansa, yenə də pozacaqsan. Daha sonra qanundan ancaq istintaq materiallarındakı boşluqları doldurmaq üçün istifadə edəcəksən. Nəticədə isə qanun qanunluqdan çıxıb qarşısındakının başını əzmək üçün düzəldilən toppuza çevriləcək”.

 

Və o, haqlıdır. Axı qanunu pozanların cəzasını ancaq qanuni yolla vermək lazımdır.

Müəllif: Rəşad Rüstəmov      13 Mart 2020 13:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin