Azərbaycanlılar koronavirusdan qorunmağın "yolunu" tapdılar - BU QƏDƏR DƏ YOX!

Azərbaycanlılar koronavirusdan qorunmağın "yolunu" tapdılar -       BU QƏDƏR DƏ YOX!

"Koronavirus hər hansı bir zərərverici həşarat deyil ki, havanı dərmanlamaqla qarşısı alınsın”

 

Sosial şəbəkələrdə, xüsusən də “Whatsapp” qruplarında bu gün yayılmış bir məlumat yenidən insanları təşvişə salıb. Bir kişi və bir qadın tərəfindən yayılmış sözügedən məlumatda bildirilir ki, bu axşam saat 23:00-dan səhər saat 05:00-a qədər koronavirusa görə respublika ərazisində havanı xüsusi təyyarələrlə dərmanlayacaqlar.

 

Məlumatı verən şəxslər hər kəsi ehtiyatlı olmağa, “eşikdə paltar-palaz, ərzaq məhsulları qoymamağa, qapı-pəncərələri bağlı saxlamağa və bu məlumatı hamıya göndərməyə" çağırırlar.  Mənbə olaraq isə "yoldaşı vəzifədə işləyən" hansısa valideynə istinad olunur.

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov yayılmış məlumatın həqiqətə uyğun olmadığını deyib: “Dövlət orqanı olaraq bizdə belə bir məlumat yoxdur, yayılmış səs yazısı şayiədir".

 

"Harada yazılıb ki, təyyarə ilə yuxarıdan dezinfeksiya tədbirləri görülə bilər? İndiyə qədər heç vaxt havadan dezinfeksiya tədbirləri həyata keçirilməyib. Təyyarə ilə havadan ancaq keçmişdə hansısa zərərvericilərə qarşı xüsusi sahələr, meyvə bağları, zəmilər dərmanlanırdı. Koronavirus zərərverici həşarat deyil ki, havanı dərmanlamaqla qarşısı alınsın” - o söyləyib.

 

Z.Kazımovun sözlərinə görə, əgər belə bir iş olarsa, əvvəlcə Nazirlər Kabineti yanında operativ qərargah razılıq verməlidir: "Sonra isə kütləvi informasiya vasitələrində əhaliyə xəbərdarlıq olunmalıdır. Yalan söhbətdir, bekar insanların, aranı qarışdırmağa, görülən işlərə kölgə salmağa çalışanların işidir”.

 

Nazirlər Kabineti yanında operativ qərargaha göndərdiyimiz sorğuya da belə cavab aldıq: “Sosial şəbəkələrdə Bakı şəhərinin bu axşam helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatların heç bir əsası yoxdur. Yayılan məlumatlar şayiədir, belə bir hazırlıq aparılmır”.

 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev AYNA-ya açıqlamasında, yayılmış səs yazılarının Daxili İşlər Nazirliyi tərəfindən araşdırıldığını bildirib.

Müəllif: Rumiyyə Miraslan      12 Mart 2020 17:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin