Əhalinin devalvasiya gözləntiləri: “Olacaq”, “olmayacaq”, “əgər olarsa…”

Əhalinin devalvasiya gözləntiləri: “Olacaq”, “olmayacaq”, “əgər olarsa…”

“Bəlkə də neftin qiymətinin ucuzlaşması təsir etməzdi, amma camaatın təşvişi devalvasiyanı labüd edəcək”

 

İki gündür, neftin ucuzlaşması xəbəri özü ilə bərabərində dolların bahalaşması ehtimallarını da gündəmə gətirib. Martın 10-dan etibarən insanlar banklarda növbələrdə dayanaraq milli valyutanı dollara dəyişməyə başlayıblar. Baxmayaraq ki, hökumət və Mərkəzi Bankın sədri əhalini narahat olmamağa çağırıb.

 

Bəs vətəndaşlar özləri devalvasiya olacağını gözləyirlərmi? Pulunuzu hansı valyutada saxlamağa üstünlük veririk? AYNA sosial şəbəkə istifadəçiləri arasında bu yöndə sorğu keçirib. Cavabları təqdim edirik:

 

Hüseyn Nağıyev: “Fikrimcə, 100 faiz devalvasiya olacaq”.

 

Elşən Ağalar: “Xarici valyutaya daha çox üstünlük verirəm”.

 

Əzizə İsmayılova: “O qədər pulum var ki, bilmirəm, hansı valyutada saxlayım (gülür – müəll.). Səudiyyə neft istehsalının artırılması ilə bağlı Milli Neft Şirkətinə tapşırıq verib. Düzələr”.

Esmira Qasımova: “Devalvasiya gözləyirəm. Ehtimal böyükdür. Amma ölkə iqtisadiyyatına çalın-çarpaz dağ vuracaq bu devalvasiya. Pomidorun 1 kq-ı 4.60 manatdan aşağı düşmür. İstehlak bazarında hər gün artım muşahidə edirəm. Dollar almağa isə pulum yoxdur. Maaşa baxan adamlarıq. Günü bir-birinə calayıb güc-bəla yaşayırıq”.

 

Xalid Qarayev: “Öncəki təcrübələr rəsmilərin və hökumətə yaxın ekspertlərin iddialarının əksini sübut edir. “Olmayacaq” deməklə deyil, olmayacağını ağlabatan amillərlə əsaslandırmaq lazımdır. “Olmayacaq” demək ajiotajı önləmək üçündür, əsaslandırılmış heç nə yoxdur”.

 

Ruhiyyə İsrafilova: “Stabil dolların qiymətini saxlamaq istəsələr də, çox təəəsüf ki, bunu bacarmaq mümkün olmayacaq. Bu, ölkəmizə təsirini çox mənfi mənada göstərəcək. Yeni islahatları kölgədə qoyacaq”.

 

Rumiyyə Miraslan: “Əlbəttə ki, gözləyirəm. Dünən bir neçə mağazada oldum, ab-havadan da bəlli olurdu ki, mağaza sahibləri artıq devalvasiyaya hazırlaşırlar, danışıqlarından aydın olurdu devalvasiya gözlədikləri. Əksər mağazalarda satıcılar mal satmaq marağında deyildilər. Onu da qeyd edim ki, artıq Çindən gələn məhsullarda xeyli qiymət artımı da var, məsələn, 1 həftə əvvəl 6 manata satılan məhsul artıq 9 manata təklif olunur. Qiymət artımını koronavirusla əlaqələndirsələr də, yenidən artımı olacağını ehtimal etmək çətin deyil. Həmçinin bir neçə bankla maraqlandım, əksər banklarda 500 dollardan artıq satış yox idi, “Kapital Bank”da isə 20 min manata qədər dollar almaq mümkün idi. Digər banklarda o qədər də izdiham yaşanmasa da, “Kapital Bank”da böyük izdiham vardı, mənim banka girdiyim vaxt ən sonuncu şəxsin növbəsi 219 idi”.

 

Elvin Səlimov: “Devalvasiya gözləmirəm. Ekspertlərin məntiqli açıqlamaları pulun ucuzlaşmasının baş verməyəcəyini göstərir. Hazırkı şərait qısa müddətli şoklar yaratsa da, ehtiyyat fondun bu şoklara uzun müddət tab gətirməsi mümkündür”.

 

İlham Rəfi: “Yaxın zamanlarda devalvasiya olacağını gözləmirəm. Əvvəla, dövlət buna indilik imkan verməyəcək. Nə qədər ağır olsa da, bazara əlavə valyuta buraxmaqla bunu tənzimləyəcək. Amma eyni zamanda, neftin qiymətinin əlverişli həddə qalxmasını gözləyəcək. Böyük ehtimalla bu, baş verəcək. Amma neftin qiyməti ucuzlaşacağı təqdirdə, manatın məzənnəsini uzun müddət bu səviyyədə saxlamaq, əlbəttə ki, çətin ola bilər”.

 

Nicat Gözəlov: “Qayığın çəpləri yoxdursa, hara çatacağına, harada batacağına heç bir təxmin verə bilməzsən”.

 

Sevinc Zəhra: “Əvvəl gözləyirdim. Amma tanış qızın dayısı bankda yaxşı vəzifədədir. Maraqlandım ondan, dedi ki, “əksinə, 5 sent düşəcək”. Əgər devalvasiya baş versə, qorxduğumuz odur ki, 10 milyon əhalinin yarısı sürünmə formasına keçəcək. Çünki vəziyyət dözülməz olacaq”.

 

Fərid Məlik: “Bəlkə də neft qiymətinin ucuzlaşması təsir etməzdi. Amma camaatın təşvişi devalvasiyanı labüd edəcək”.

 

Sorğuda iştirak edən Nicat İbadov və Təranə Xudabaxşıyeva isə “pulumuz yoxdur, yaxşıca borcumuz var” cavabını veriblər.

Müəllif: Raminə Eyvazqızı      12 Mart 2020 15:50
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin