Suriya böhranı və qaçqınları ilə bağlı bəyanat

Suriya böhranı və qaçqınları ilə bağlı bəyanat

Suriyalılar dünyada ən çox sayda olan qaçqın qrupudur

 

BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığı Suriya böhranı və qaçqınları ilə bağlı bəyanat yayıb.

 

AYNA-ya daxil olan məlumatda bildirilir ki, 9 illik faciə, çətinliklərə müqavimət və həmrəylik dövründən sonra dünya didərgin düşmüş suriyalıları yaddan çıxarmamalıdır .

 

“Suriya böhranı 10-cu ilinə daxil olduğuna görə, Suriya xalqı ciddi faciə yaşamaqda davam edir. 2011-ci ilin martında münaqişənin başlandığı andan bəri suriyalı kişi, qadın və uşaqların hər 2 nəfərindən biri zorla didərgin salınıb və çox zaman onlar bir dəfədən artıq didərgin düşüblər. Bu gün suriyalılar dünyada ən çox sayda olan qaçqın qrupudur.

 

2019-cu ilin dekabrından bəri Suriyanın şimal-qərbində gedən döyüşlər didərgin düşmüş bir milyona yaxın insanın dəhşətli şəraitdə yaşamasına gətirib çıxarıb.

 

Son 9 il həm də heyrətamiz həmrəylik dövrü kimi yadda qalıb. Türkiyə, Livan, İordaniya, İraq, Misir, eləcə də region xaricindəki bəzi ölkələr suriyalılar üçün himayə və təhlükəsizliyi təmin etmiş, məktəblər, xəstəxanalar qurmuş və evlərinin qapılarını suriyalı qaçqınların üzünə açmışlar. 

 

2012-ci ildən bəri Qaçqınların problemlərinə reaksiya verilməsi və onların çətinliklərə müqavimət gücünün artırılması planı çərçivəsində BMT QAK və BMT İnkişaf Proqramı tərəfindən koordinasiya olunan 200-dən artıq tərəfdaşın koalisiyasının təqdim etdiyi 14 milyarddan artıq ABŞ dolları bu sahəyə yönəldilib. İkitərəfli razılaşmalar və digər çoxtərəfli mexanizmlər vasitəsilə daha çox yardımlar göstərilib. 

 

“Mən suriyalıların cəsarətliliyinə və çətinliklərə müqavimət gücünə olduqca heyranam. Onlar hər gün iztirab və məhrumiyyətlərlə üzləşirlər”, – deyə təşkilatın Ali Komissar Filippo Qrandi bildirib. “Bu böhran onuncu ilinə yaxınlaşdığına görə mən dünyaya çağırış edirəm ki, Suriyada didərgin vəziyyətində qalmış və xaricə qaçmağa məcbur olmuş insanları unutmasınlar. Biz onilliyin ən böyük həmrəylik aktlarından birini – qonşu ölkələrin xeyirxahlığını alqışlamalı və dəstəkləməliyik. Lakin həm də işləri davam etdirməliyik. Daha çox iş görməyə ehtiyac vardır”.  

 

Həqiqətən 9 ildən sonra, xüsusən yerli icmalar, məsələn, Livandakı əhali iqtisadi çətinlik şəraitində yaşadığı bir vaxtda, regiona yardımları təmin etmək və genişləndirmək çətin vəzifədir. 2019-cu il üçün Qaçqınların problemlərinə reaksiya verilməsi və onların çətinliklərə müqavimət gücünün artırılması planı çərçivəsində 5,4 milyard dollar tələb olunduğu halda bu vəsaitin 58 faizi alınıb. Faktiki tələbatla mövcud resurslar arasındakı fərq gündən günə genişlənir. Yardımların çatışmaması, səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanlarının məhdudluğu gündəlik xərcləri artırır və qaçqın ailələrinin sonradan qaydaya salınması mümkün olmayan köməksiz duruma düşməsi riskini yaradır. Ümidsizlikdən bəzi qaçqınlar uşaqlarının işləməsi və ailəyə dəstək göstərməsi üçün onları məktəbdən çıxarmağa məcbur olurlar. Digərləri gündəlik qidalarının miqdarını azaldırlar. İstismar və sui-istifadə halları qarşısında köməksiz durumda olan bəziləri küçələrə üz tutur, erkən nikaha daxil olur və ya uşaq əməyinin istismarına məruz qalırlar. 

 

Onlara dəstək həm də, evə qayıtmaq hüququnu həyata keçirmək istəyənlər üçün tələb olunur. 2018-ci ilin dekabrında BMT tərəfindən təsdiq edilmiş Qaçqınlar haqqında Qlobal Sazişdə hökumətlərə və özəl sektora bütövlükdə cəmiyyətin qaçqın böhranlarına yanaşması üçün plan təklif olunur ki, orada proqnozlaşdırıla bilən reaksiya və vəzifələrin bərabər bölgüsü nəzərdə tutulur”, - bəyanatda vurğulanıb.

Müəllif: Raminə Eyvazqızı      11 Mart 2020 21:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin