“İlin sonunadək vəziyyət kifayət qədər mürəkkəb olacaq”

“İlin sonunadək vəziyyət kifayət qədər mürəkkəb olacaq”

Rauf Mirqədirov: “Biz İranın başına gələnlərdən dərs götürməliydik, götürmədik”

 

Bu gün bütün dünya ondan danışır, onun vahiməsi hər yeri bürüyüb. Koronavirus bəlasının bu dərəcədə geniş yayılması və bir neçə ölkəni xüsusilə cənginə alması ciddi şübhələr meydana çıxarıb.

 

Belə iddialar var ki, bu virus hansısa dövlətlərin xüsusi xidmət orqanlarının hazırladığı bioloji silahdır. Belə düşünənlərin qənaətincə, bu işin arxasında daha çox ABŞ dayana bilər ki, Çin və İranın hədəf seçilməsi də bu iddiaları gücləndirir.

 

Digər ehtimallara görə isə, Çinin özündə hazırlanmış COVİD-19, sonradan hansısa səbəblərdən nəzarətdən çıxıb. Belə ehtimal olunur ki, Çin hökuməti bu faktı ciddi şəkildə ört-basdır edir.

 

Beləliklə, AYNA-nın mövzu üzrə suallarını politoloq Rauf Mirqədirov cavablandırıb.

 

- Rauf müəllim, koronavirusla bağlı iddialar səslənir ki, bu virus təbii yolla yaranan virus deyil, hansısa dövlətlərin laboratoriyalarında xüsusi hazırlanmış bioloji silahdır. Bu iddialarla razılaşırsınız?

 

- Çin özü etiraf edib ki, onun laboratoriyalarında müəyyən eksperimentlər aparılıb. Demək olar ki, eksperimentlər zamanı hansısa səhvə yol verilib, virus nəzarətdən çıxıb və yayılmağa başlayıb. Amma bu, heç də o demək deyil ki, Çinin məqsədi virusu yaymaq olub. Məsələn, konspiroloji nəzəriyyələrdə deyilir ki, Çin virusu yaymaqla iqtisadi böhran yaratmaq istəyir və bu iqtisadi böhran zamanı aparıcı şirkətlərin indeksləri aşağı düşür. Sözsüz ki, ilk baxışdan məntiqlidir. Çünki məhz dünya valyuta ehtiyyatlarının böyük bir hissəsi Çin biznesmenlərinin əlindədir. Amma mən belə olduğunu düşünmürəm. Çünki dünya kifayət qədər açıqdır və dünyada güclü kəşfiyyat sistemləri var. Yəni ki, bu məsələləri bu cür asanlıqla gizlətmək o qədər də asan deyil. Bunu ABŞ haqqında da demək olar. Ola bilər ki, koronavirusun yayılması ilə bağlı yaranmış iqtsadi böhran Çin, Rusiya və digər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına zərbə vurur və nəticədə həmin iqtisadiyyatlar çox ciddi problemlərlə qaşrılaşır. Nəticədə isə inkişaf sürəti aşağı düşür. Bu halda sözsüz ki, onların fəal xarici siyasət həyata keçirmək imkanları məhdudlaşır və bu, ABŞ-ın maraqlarına uyğundur.

- Bu günlərdə Ağ Ev rəhbəri Donald Tramp sosial şəbəkədə “artıq koronovirusdan qorxmayın” mesajını verdi. Bəzi müşahidəçilər bunu belə izah edirlər ki, Tramp bununla koronovirus silahını tutan əlin ABŞ olduğuna işarə edir və ölkəsinin qüdrətini nümayiş etdirir.

 

- Təsdüfi deyil ki, ciddi siyasətçilər bu cür ittihamlarla çıxış etmirlər, bu, ancaq ekspertlər səviyyəsində, daha çox konspirologiya ilə maraqlanan ekspertlər səviyyəsində səsləndirilir. Nəzərə almaq lazımdır ki, koronavirus bütün dünyaya yayılır, o cümlədən də ABŞ-a. Eyni zamanda ABŞ-da da ciddi iqtisadi problemlər yaradır. Yəni iqtisadi fəallıq aşağı düşür. Bu isə iş yerlərinin itirilməsi deməkdir. Bu, eyni zamanda ABŞ-ın xarici ticarət dövriyyəsinin aşağı düşməsi deməkdir. Eyni zamanda xəstəliyin yayılması da neqativ bir fon yaradır. ABŞ, bildiyiniz kimi, seçkilərə gedir və Tramp yenidən seçilmək istəyir. Belə bir şəraitdə Trampın bu cür ağılsız addım atmasını gözləmək sadəlövhlükdür. Trampın bəyanatı daha çox ona yönəlir ki, ölkədə panikanın qarşısını alsın və iqtsadi, sosial problemlərin yaranacağı ehtimalının sıfıra yaxın olduğunu inasanların nəzərinə çatdırsın. Nəticədə bu, onun prezident seçkilərinə mənfi təsir göstərməsin. Düşünürəm ki, onun bəyanatı məhz bununla bağlıdır.

 

- İsraildən olan bir həkim isə fərqli fikirlərlə çıxış etdi. Onun fikrincə, “COVİD-19 infeksiyasını çox da şişirtmək lazım deyil, çünki adi qripdən bir az fərqlənən infeksiya növüdür”. Belə olduğu halda, necə olur ki, dünya adi bir qripin əlində aciz qalıb?

 

- Belə deyil. Çünki adi qripə qarşı səmərəli dərmanlar, peyvəndlər, müalicə növləri var. Ona görə də bunu adi qriplə müqayisə edərkən eyni olduğunu deyənlərlə razılaşmıram. Təxminən hal-hazırda 100 mindən adam koronavirusa yoluxub və onların 4 mindən artığı həyatını itirib. Nə qədər ki, bu virusun peyvəndi tapılmayacaq, problem həllini tapmayacaq. Ən yaxşı proqnozlara görə, peyvəndin heyvanlar və insanlar üzərində tətbiq olunması bu ilin sonlarına kimi həll olunacaq. Yəni peyvənd ən yaxşı halda gələn il üçün üzə çıxacaq. Ona görə də ilin sonuna qədər vəziyyət kifayət qədər mürəkkəb olacaq. Ola bilsin ki, yay aylarında epidemiyanın yayılma sürəti azalsın, lakin payızda yenidən davam etməyə başlasın.

- Məlumdur ki, koronavirusun ən geniş yayıldığı ölkələrdən biri bizim cənub qonşumuzdur. Azərbaycan uzun müddət düşündükdən sonra İranla sərhədlərini bağladı. Mövcud vəziyyətdə Azərbaycan üçün təhlükə görürsünüz?

 

- Biz Azərbaycanda epidemiyanın miqyasını bilmirik. Bu, məndə çox böyük təəssüf doğurur ki, sistemin qapalılığı bu sahəyə də təsir göstərir. Bu isə çox ciddi problemdir. Çünki sərhədləri daha tez bağlamaq lazım idi. Ən azından ona görə ki, İranla bizim aramızda geniş turist mübadiləsi var. Eyni zamanda, bizim əhalinin böyük əksəriyyətinin şiə olduğunu nəzərə almaq lazmıdır. Belə ki, azərbaycanlıların bir hissəsi məhz koronavirusun İrandakı episentri olan Quma tez-tez səyahət edir. Ona görə bu tədbirləri çoxdan həyata keçirmək lazım idi. Yəni ilk növbədə sərhədləri bağlamaq lazım idi, daha sonra isə insanları oradan daha tez çıxarmaq lazm idi. Dini ziyarətlər çoxdan dayandırılmalı idi. Azərbaycan və İran hökumətləri koordinasiya yaradıb vətəndaşları oradan çıxarmalı idi. Təssüflər olsun ki, bu addımlar atılmadı. Daha sonra məktəblər bağlanmalı, toylar və yas mərasimləri də daxil olmaqla bütün kütləvi tədbirlər dayandırılmalı idi. Bular çox vacib addımlardır. Lakin təəssüflər olsun ki, bu addımların atılması gecikdirildi. Nəhayət, çox ciddi addım kimi həm də cümə namazları qadağan edilməli idi. Din xadimləri özləri cümə namazlarının keçirilməsinin təhlükəli olduğunu bəyan etməli idilər. Əslində, biz İranın başına gələnlərdən dərs almalıydıq. Amma bu, olmadı.  

 

- Amma İranla sərhədləri bağlamaq Azərbaycan üçün iqtisadi problemlər də yaradır, artıq qiymət artımları müşahidə olunur...

 

- Düşünürəm ki, Azərbaycan iqdisadiyyatına iki amil çox ciddi təsir edəcək. Sözsüz ki, bu amillərdən biri koronavirusdur. İkinci amil isə neft qiymətlərinin aşağı düşməsidir. Bu, sözsüz ki, Azərbaycanın ümumdaxili məhsulunun səviyyəsinə təsir göstərəcək, çünki Azərbaycanın ümumdaxili məhsulunun böyük bir hissəsi xarici ticarətə bağlıdır. Amma düşünmürəm ki, ciddi qıtlıq yaranacaq, çünki belə bir qıtlığın yaranması üçün elə bir obyektiv səbəb yoxdur. Yenə də nəzərə almaq lazımdır ki, bu cür dövrlərdə dünyada iqtisadi fəallıq aşağı düşür, böhran yaranır və bununla yanaşı insanların alıcılıq qabiliyyəti aşağı düşür. Digər tərəfdən, koronavirusa görə neftə olan tələbat azalır, çünki iqtisadi fəallıq aşağı düşür. Bu, sözsüz ki, Azərbaycana da ciddi təsir göstərəcək. Çünki Azərbaycan böyük neft ixracatçılarından biri deyil. Azərbaycan nə İran, nə ABŞ, nə Venesuella, nə Küveyt, nə də Səudiyyə Ərəbistanıdır. Ona görə də biz aşağı qiymətlərlə uzun müddət neftimizi sata bilmərik, bu, ağır nəticəyə gətirib çıxara bilər. 2008-ci ildə neft qiymətlərinin aşağı düşməsi nəticəsində bizim hökumət gücünü daha çox manatın məzənnəsinin saxlanılmasına yönəltdi və bunu bacardı. Amma 2014 və 2015-ci illərdə iki dəfə manatın məzənnəsinin ucuzlaşmasına imkan verdik və ən böyük devlavasiya baş verdi. Əslində 2015-ci ildə biz böhrana daha yaxşı hazır olmalıydıq. Çünki 2008-ci illə müqayisədə neftlə bağlı layihələrimiz çox idi. Buna baxmayaraq böhranın nətəciləri daha ağır oldu. Bunu da demək lazmdır ki, bu böhranın nəticələri kifayət qədər ağır ola bilər və cəmiyyəti hazırlamaq lazımdır.

Müəllif: Tural Talehoğlu      12 Mart 2020 10:26
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin