“Taclı bəla”ya qarşı türkəçarə mübarizə

“Taclı bəla”ya qarşı türkəçarə mübarizə

Sarımsaq koronovirusdan qorunmaqda nə dərəcədə effektlidir?

 

Koronavirus epidemiyası Azərbaycanda təsdiqləndikdən sonra virusla mübarizədə müxtəlif üsullardan istifadə olunur. Bu üsullar, əsasən xalq təbabəti və türkəçarədən ibarət olur ki, insanlar bu üsulla virusdan qorunmağa çalışırlar.

 

Koronavirusa qarşı təsirli vasitələr kimi istiotlu qidalar, zoğal mürəbbəsi, soğan, sarımsaq, qaynar suda duş qəbul etmək, qızmar Günəş altında gəzmək və digər təbii məhsullar göstərilir. Maraqlıdır, bu vasitələr koronavirusdan qorunmağa nə dərəcədə kömək edir? Ümumiyyətlə, virusdan qorunmaq üçün türkəçarə və xalq təbabəti kömək edə bilirmi?

 

Mövzuya mütəxəssislərlə AYNA tutmağa çalışdıq.

Apiterapevt İlham Atakişiyev təbii vasitələrin virusa qarşı effetktiv təsir göstərdiyini deyib: “Buna baxmayaraq, bu vasitələr virusu tam məhv etmir. Ümumiyyətlə, sarımsağı ta qədim zamanlardan mikrob və virus əleyhinə istifadə ediblər. Amma bir məsələ var ki, sarmsağı hər kəs tanısa da, ondan daha təsirli məhsullar var ki, əksər insanlar həmin məhsulları tanımır. Bu məshullardan biri “propolis” adlanan arı məhsuludur. Belə ki, alimlər bütün dünyada bu məhsulun effektiv olması ilə bağlı təhqiqatlar aparıb və müsbət qənaətə gəliblər. Xüsusən də bu məhsulun vərəm virusunu tamamilə məhv etməyə qadir olması ilə bağlı faktlar var”.

 

Mütəxəssisin sözlərinə görə, propolis insan orqanizmində göbələk, bakteriya, mikrob və virus əleyhinə ən effektiv vasitədir: “Xüsusilə də tərkibinə spirt əlavə edilmiş propolis məhsulları var ki, orqanizmdə virus əleyhinə çox yaxşı təsir edir. Buna baxmayaraq, bu məhsulların koronavirusa qarşı müalicəvi olması ilə bağlı təddiqatlar aparılmayıb və faktlar yoxdur. Ki, bu məhsul koronavirusu yox etməkdə nə qədər təsirli ola bilər. Amma istənilən halda bu məhsullar virusa qarşı mübarizə aparmaq üçün ən yaxşı vasitələrdən biridir”.

 

“Lakin virusa qarşı mübarizə aparmaq üçün ilk növbədə immunitet yaxşı olmalıdır. Bunun da başlıca yolu düzgün qidalanmaqdan keçir. Bununla yanaşı, gigiyenik qaydalara da xüsusilə riayət olunmalıdır. Bir də ki, sarımsaq, az miqdarda daxilə spirt qəbul etmək və propolis məhsulları qorunmaq üçün təsirli ola bilər. Amma dəqiq demək olmaz ki, spirt içən və sarımsaq yeyən adam koronavirusa yoluxmayacaq. İstənilən halda, qorunmağın ən yaxşı yollarından biri elə bu vasitələrdir”, - İ.Atakişiyev bildirib.

Fitoterapevt Elnur Eldaroğlu isə koronavirusun bitkilərlə müalicəsinin olmadığını qeyd edib: “Sadəcə olaraq virusun nisbətən xəfif keçməsi üçün üsullar var. Bunun üçün bədən immuniteti yaxşı olmalıdır. İmmuniteti bərpa etməkdə isə propolis, itburnu və cökə bitkisi kömək edir. Çünki bədənin immuniteti artanda viruslarla mübarizə aparmaq daha asan olur. Amma bu üsullar virusun birdəfəlik müalicəsi demək deyil. Sarımsağa gəldikdə isə, immuniteti güclü olmayıb sarımsaq yeyən adam da virusa yoluxa bilər. Çünki sarımsaq virusa qarşı yox, bakteriya və göbələk əleyhinə effektiv təsirlər göstərir. Əsas təsirlərindən biri də qandurulducu olmasıdır”.

 

“Bununla bərabər, çörəkotu yağı, propolis tinktura, exinaseya bitkisi, buğda rüşeymli məcun, çiçək tozu və cökə bitkisi də virusdan qorunmaq üçün ən effektiv təbii məhsullardandır. Bir şeyi də qeyd edim ki, virus əleyhinə zoğal mürəbbəsinin də təsirli olduğu deyilir. Amma zoğal mürəbbəsi, əsasən çayla içilir. Maye çox qəbul edən istənilən adamda isə mübadilə prosesi daha sürətli və tez gedir və ona görə də həmin adamda xəstəlik uzun sürməyə bilir. Amma bu üsulun virusun qarşısını alacağını düşünmək sadəlövhlük olar”, - mütəxəssis vurğulayıb.

Müəllif: Mərahim Nəsib      13 Mart 2020 10:19
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin