Qazaxa sərnişindaşımanın ləğvi yeni sual yaratmışdı - CAVABLANDIRILDI

Qazaxa sərnişindaşımanın ləğvi yeni sual yaratmışdı -       CAVABLANDIRILDI

“Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv olunub, amma stansiya yük daşınması üçün istifadə ediləcək”

 

Xəbər verdiyimiz kimi, iyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv olunacaq və bu istiqamətdə yalnız bir qatar - Bakı-Böyük Kəsik hərəkət edəcək. Yəni artıq Qazax Dəmiryol Stansiyası sərnişin qəbul etməyəcək.

 

Bəs, həmin stansiyasının və orada çalışan dəmiryolçuların aqibəti necə olacaq? Bu suala cavab tapmaq üçün AYNA-nın əməkdaşı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinə müraciət edib.

 

Qurumdan bildiriblər ki, Qazax Dəmiryol Stansiyası öz işini davam etdirəcək: “Sadəcə Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv olunub. Stansiya yük daşınması üçün istifadə ediləcək. Orada 5-6 nəfər işçi işləyir. Onlar da işlərinə davam edəcəklər”.

 

Qeyd edək ki, QSC-nin yeni qərarına səbəb kimi hərəkət qrafikinin optimallaşdırılması göstərilir. Dəmiryolları dəyişikliyə belə izah verir: “Əvvəllər Bakı-Aqstafa qatarında 4-5 qatar gedirdi. Buna da əlavə işçi qüvvəsi, lokomativ ayrılırdı. Artıq Bakı-Qazax qatarının vaqonları Böyük Kəsik qatarına qoşulacaq. Eyni anda iki qatarın əvəzində bir qatar hərəkət edəcək”.

 

Qurumdan “Bəs Qazaxa getmək istəyənlərin aqibəti necə olacaq” sualına isə belə cavab verilib: “Bakı-Böyük Kəsik qatarı Bakı-Ağstafa qatarının vaxtında gedəcək. Qazaxa gedənlər Ağstafadan və ya Böyük Kəsikdən düşüb getməli olacaqlar”.

Müəllif: Təranə Xudabaxşiyeva      13 İyul 2019 10:23
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin