Övladlığagötürmə ilə bağlı yeni qaydaların təfərrüatı

Övladlığagötürmə ilə bağlı yeni qaydaların təfərrüatı

“Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun vəziyyəti monitorinq ediləcək”

 

Azərbaycanda hər il onlarla valideyn himayəsindən məhrum olmuş uşaq övladlığa verilir. Çətin və bütün tərəflərdən səbr tələb edən bu prosesin yeni qaydaları işə düşüb. Ölkə rəhbərinin bir müddət öncəki fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” qüvvəyə minib. Bu, ümumi prosedurun bir qədər asanlaşmasını vəd edir.

 

Yeni qaydalarla bağlı AYNA-nın suallarını DOST Agentliyinin Övladlığa götürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin direktoru Cavid Şahmalıyev cavablandırıb.

 

- Yeni qaydaların hansı üstünlükləri var?

 

- Hər şeydən əvvəl valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi prosesi artıq bütünlüklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilib. Bu, övladlığa verilmə missiyasının bir qurum tərəfindən həyata keçirilməsinin daha doğru olmasıdır. Əvvəllər 0-3 yaş uşaqlar Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar Təhsil Nazirliyi, əcnəbilərə uşaqların verilməsi başqa bir qurumun səlahiyyətində idi, bölgələrdə yerli icra hakimiyyəti orqanlarının müvafiq şöbələri baxırdı. İndi bu barədə bütün məsələlərə cavabdeh orqan ƏƏSMN-dir. Valideyn-namizədlərin övladlığa götürmə ilə bağlı müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Övladlığagötürmə ilə bağlı elektron qaydada müraciət edilməsi üçün valideyn-namizəd ilk növbədə notariat orqanında müvafiq ərizə formasını doldurur. Bundan sonra valideyn-namizəd “ASAN Login”lə alstistemdə qeydiyyatdan keçir və altsistemdə müraciət anketini doldurur. Bu müraciət altsistem tərəfindən qəbul edilir və aidiyyəti qurumların informasiya resurslarına inteqrasiya şəraitində həmin anket məlumatları araşdırılaraq yoxlanılır.

Növbəti mərhələdə Nazirliyin DOST Agentliyinin övladlığagötürmə üzrə departamenti müraciəti qəbul edir. Məlumatlar yoxlanıldıqdan sonra valideyn-namizədin müraciəti qeydə alınır. Övladlığagötürmə tələblərinə uyğunluq olmadığı təqdirdə isə müraciətə imtina verilir. Müraciətin statusu ilə bağlı valideyn-namizədin şəxsi kabinetinə müvafiq məzmunda bildiriş göndərilir. Yeni qaydalara görə, vətəndaş namizədlər ayrı-ayrı qurumlardan ayrılıqda sənəd almayacaq. Bu, həm zaman, həm maliyyə cəhətdən vətəndaşın xeyrinədir.

 

- Yeni qaydalar beynəlxalq təcrübə əsasında hazırlanıb?

 

- Bəli, bu qaydalar tam beynəlxalq təcrübə əsasında hazırlanıb və mükəmməl hesab oluna bilər. Bütün müraciət edən hər kəsin işinə baxılır. Vətəndaş namizədlərin müraciətləri zamanı uçot təsdiqləndikdən sonra ƏƏSMN tabeliyində olan qurum tərəfindən 10 iş günündə valideyn namizədlərin evində araşdırma aparılır. Məqsəd övladlığa götürmək istəyənin sosial vəziyyətini qiymətləndirməkdir. Xüsusi işçi qrupu ailələrə səfərlər edirlər, valideyn namizədlərin motivasiyası, aildaxili münasibətləri öyrənirlər. Bu işi xüsusi təlimatlanmış sosial işçilər edir. Qiymətləndirmə komissiyası iki istiqamətdə həm namizəd valideynlərlə, həm də övlad kimi götürüləcək uşaqlarla işləyir. Burada uşağın mənafeyini öyrənən qrupun işi daha məsuliyyətlidir. Əgər qiymətləndirmə mərhələsi qənatbəxş olarsa, valideyn namizədlər xüsusi təlimlərə cəlb olunacaq. Onlara motivasiyanı inkişaf etdirmək, uşaqla yaşamaq, özünəinam, davranış kimi məsələlər aşınılacaq. Həm də övladlığa götürməyin necə bir nəcib iş olduğu da təlim yolu ilə öyrədiləcək. Onlara motivasiyanı inkişaf etdirmək, uşaqla yaşamaq, davranış kimi məsələlər aşınacaq. Həm də övladlığa götürməyin necə bir nəcib iş olduğu da təlim yolu ilə öyrədiləcək. 

 

- Azərbaycanda övladlıq üçün istənilən uşaqlar, əsasən 0-3 yaş arası körpələr olur. Daha böyük yaşlı uşaqların da ailələrə verilməsi şansları varmı?

 

- Bəli, təəssüf ki bu, çox halda belədir. Bu səbəbdən bizim qarşımızda olan məsələlərdən biri bütün yaş qruplarında olan uşaqların istənilməsini maarifləndirməkdir. Çoxu elə bilir ki, böyük yaşda uşaqlarla çətin olar. Uşaqla davranma, uyğunlaşmadan çəkinirlər. Amma vaideyn namizədlər bilməlidir ki, əgər övladlığa uşaq götürürlərsə, bütün yaşlarda uşağa sahib olmaq eyni gücü tələb edir.

 

- Uşaqla valideynliyə namizəd uyğunluğu necə təmin olunur? Axı söhbət hər iki tərəfin insan seçimindən gedir.

 

- Uşaqların istəklərinin öyrənilməsi çox vacibdir. Valideyn-namizəddən qabaq uşaq ailəni seçir. Uyğun namizəd uşağa təklif olunur. Əgər valideyn namizəd razılıq verərsə, əyani yox, uşağın videosu yolu ilə namizədlər uşaqla tanış olurlar. Valideyn-namizədlə uşaqların uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, övladlığa götürüləcək uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi ilə bağlı da sənəddə müvafiq qaydalar müəyyən olunur. Uğurlu seçim olarsa, 3 ay ərzində uşaq yeni ailəsinə gətirilir. Bu müddət ərzində uyğunlaşma baş tutarsa, artıq hüquqi prosedur üçün məhkəməyə müraciət olunur, rəy təqdim edilir. Uşaq məhkəmənin qərarı ilə övladlığa verilir. Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə nazirlik monitorinqlər aparacaq. Bu zaman ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülmüş uşağın və onu övladlığa götürmüş şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınacaq.

- Əgər uşaq bir müddət sonra ailəyə uyğunlaşa bilməsə, necə olur?

 

- Əslində, indiyə qədər olan sadəcə bir proses idi. Əsl məsələ uşağın ailəyə tam verilməsindən sonra başlayır. Bu, heç də asan iş deyil. İki tərəfin də adaptasiyası vacib və səbir tələb edən prosesdir. Bu zaman ərzində valideyn namizədlərə psixoloji dəstək, psixoloqların köməyi də tətbiq olunur. Əgər bu müddət ərzində iki tərəf arasında anlaşılmazlıq olarsa, uşaq “uşaq evi”nə qayıdır və burada onun reablitasiyası prosesi başlayır.

 

- Kimlər valideyn-namizədliyə uyğun deyil?

 

- Qaydaya əsasən, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda, habelə övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizəd, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə, həmçinin aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir.

 

- Ən çox valideyn-namizədləri maraqlandıran məsələ prosesin nə qədər müddət çəkməsidir…

 

- Bu qaydalarla proses bir ilə qədər çəkə bilər. Bu, hər kəs üçün səbr, diqqət tələb edən prosesdir. Övladlığa götürmək istəyən çoxdur. Amma çoxu başa düşmür ki, valideyn himayəsindən məhrum olmuş uşaqların hamısı axı övladılığa verilmək üçün uyğun deyil. Bu gün uyğun uşaqlarımız çox azdır. Çünki valideyn himayəsindən məhrum olmuş uşaq gərək məhkəmə qərarı ilə öz bioloji valideyni tərəfindən qanuni rədd edilsin. Ya belə uşaqlar ata-ana tərəfindən imtina edilməli, ya da valideynləri ölməlidir. Uşaqların mənafeyini bu hallarda üstün tutmasaq, BMT-nın uşaq hüquqları haqqında konvensiyasının tələblərini pozmuş olarıq. Bu gün uşaqların uşaq evlərinə düşməməsi, bioloji ailəsinə qaytarılması üçün bütün səyləri cəmləyirik. Bu cəhdlər alınmadıqda, uşağın mənafeyi nəzərə alınaraq ona uyğun yeni ailəyə verilməsi barədə düşünmək olar. Əlbəttə ki, bu da xeyli zaman tələb edir. Hər il 800-900 uşaq övladlığa verilir, yalnız onlar arasında 30-40 nəfəri müəssisələrdən götürülür. Çox uşaq yaxın qohumlarına verilir. Bir də, axı himayə edilmə ilə övladlığa verilmə ayrı-ayrı məslələdir. Birinci halda ailə bağları, qohumluq əlaqələri daha çox olur. Bu səbəbdən yad bir uşağın övladlığa götürülməsi həm həssas, həm istək, həm də böyük ürək, mənəviyyat tələb edən işdir.

Müəllif: Raminə Eyvazqızı      6 Aprel 2020 23:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin