Hələ də Xocalı soyqırımının günahkarlarını axtarırıq...

Hələ də Xocalı soyqırımının günahkarlarını axtarırıq...

Hər il Hərbi Prokurorluğun rəhbərliyi günahkarların cəzalandırılması üçün maksimum səy göstərildiyi barədə bəyanatlar verir

 

Xocalı faciəsi 20-ci əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətlərindən biridir. Düz 28 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri, Xankəndidə yerləşən Rusiya ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini ələ keçirdi və yüzlərlə mülki insanı qətlə yetirdi.

 

Rəsmi məlumatlara görə, bu faciə nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı daxil olmaqla, 613 nəfər həlak olub. 8 ailə tamamilə məhv edilib, 487 nəfər, o cümlədən 76 uşaq xəsarət alıb, 150 nəfər itkin düşüb, 1275 nəfər girov götürülüb, 5379 nəfər daimi yaşayış yerlərindən qovulub. Girovlardan 150 nəfərin taleyi haqqında indiyədək heç bir məlumat yoxdur.

 

Keçmiş Xocalı sakinlərindən olan Mərkəz Abbasov AYNA-ya deyib ki, özü və ailəsi möcüzəvi nəticəsində sağ qalıb və qaçmağı bacarıb: “Valideynlərimin və iki bacımın ayaqları donduğu üçün qanqren oldu və amputasiya edildi. Ancaq o cəhənnəmdən sağ çıxdığımıza görə Allaha şükür edirik”.

 

Daha əvvəl Xocalı istintaq qrupuna rəhbərlik edən ölkənin hərbi prokurorunun sabiq birinci müavini İlham Məmmədov isə əməkdaşımızla söhbətində bildirib ki, günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün tədbirlər görülüb: “Bizim cinayət məsuliyyəti daşıyanlar arasında həm 366-cı alayın komandiri, həm də Seyran Ohanyan var. Cinayət təqibi yalnız həbslə məhdudlaşmır. Təqsirləndirilən şəxs axtarışa verilir, axtarışda olan şəxs tutulur, bundan sonra qanunla müəyyən edilmiş prosedurlar həyata keçirilir. Faciənin təqsirkarları artıq axtarışa verilib”.

 

Hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya bildirib ki, hər il Xocalı faciəsinin ildönümündən əvvəl Hərbi Prokurorluğun rəhbərliyi günahkarların cəzalandırılması üçün maksimum səy göstərildiyi barədə bəyanatlar verir: "Ancaq bu faciənin iştirakçılarından heç biri - nə 366-cı alayın komandiri Yuri Zarviqorov, nə də bu faciənin əsas təşkilatçılarından olan, bu hərbi hissənin batalyonlarından birinin komandiri vəzifəsini icra edən Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan həbs edilməyib”.

 

Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsidir. Xocalı qətliamının qurbanlarına Bakı, Lənkəran, Haaqa, Berlin, Sarayevo, Ankara və Meksikada abidələr ucaldılıb. 1994-cü ildə qanlı hadisənin xatirəsinə 26 fevral Xocalı qurbanlarını anım günü elan edilib.

Müəllif: Rəşad Rüstəmov      26 Fevral 2020 18:27
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin