O qızın “qatillərini” tapın

O qızın “qatillərini” tapın

“Universitetin 3-cü kursunda oxuyan tələbə öz canına necə qıya bilər?!”

 

Fevralın 24-ü gecə Bakı Dənizkənarı Bulvarda tələbə qızın özünü dənizə ataraq intihar etməsi təəssüf doğurur. Özünə qəsd edən tələbənin instituta hazırlıq müəllimi olmuş təhsil üzrə ekspert Elçin Əfəndi AYNA-ya açıqlamasında belə deyib.

 

“Nəzakət Rzazadə çox ağıllı, çalışqan tələbə idi. Tibb Universitetində pulsuz təhsil almaq məsləhətimizə qulaq asdı, sonra yüksək balla həmin Unuversitetə qəbul oldu. Görünür, ailə problemləri olub, ailəsi ilə də əlaqə saxladım. Hələlik problemin tam olaraq nədən ibarət olduğunu bilmirəm. Yüksək balla Tibb Universitetinə qəbul olmuş, “Müalicə işi” kimi fakültənin 3-cü kursunda oxuyan tələbə necə canına qıya bilər?! Axı o, gələcəyin həkimi olacaqdı... Görünür, gənclərin yüksək bilikdən əlavə, güclü psixoloji dəstəyi də olmalıdır”, - E.Əfəndi bildirib.

 

Psixoloq Fərqanə Mehmanqızı AYNA vasitəsilə, cəmiyyətdə özünə qəsd edənlərin qınanılmasına belə reaksiya verib: “İntihar psixoloji haldır, mənəvi aclıq, xroniki depressiya, ətrafdakılar tərəfindən dinlənilməmək, anlaşılmamaq nəticəsində baş verir. İqtisadi durum, doğma insanın itkisi, cəmiyyətdəki mövqe kimi səbəblər də gətirilə bilər, amma intiharın əsas səbəbi insan beyninin alt qatında yatır. İntihara qədər insan həyatında zamanla baş verən psixoloji travmalar olur. Bu günə qədər canına qəsd etmiş, amma sağ qalmış insanlarla çox söhbətim olub, onlar intihara cəhd anlarından söhbət açanda ətrafdan, dünyadan təcrid olunduqlarını deyirlər. Demək ki, bu insan həmin anda özündə olmur”.

“Bəzi insanlar intiharla həyatına, daxilində baş verən təlatümə son vermək istəyirlər. Bəziləri isə, özünə fiziki zərər verməklə, yoxa çıxmaqla, itməklə ətrafda diqqəti cəlb etmək istəyirlər, kimlərisə cəzalandırmaq fikrinə düşürlər. Görünür, tələbədə də əvvəldən psixoloji boşluqlar olub ki, gənc yaşında bu yolu seçib”, - deyə psixoloq vurğulayıb.

 

“Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova AYNA əməkdaşı ilə söhbətində deyib ki, insan ədalətsizlik və çarəsizlik vəziyyətində, affekt halında özünə qəsd yolunu seçə bilir: “Nəzakətin intiharı birbaşa psixoloji zorakılığın nəticəsidir. Ona hansı formada psixoloji zorakılıq tətbiq olunub, ailəsi tərəfindən təzyiqlər edilib – bunlar hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Düşünürəm ki, qızı bu vəziyyətə çatdıran oğlanın valideynləri cinayət məsuliyyətinə cəlb edilməlidir. İntihar hadisəsində təqsirli olanların cəzasız qalması ən böyük ədalətsizlikdir”.

 

Zeynalovanın sözlərinə görə, təşkilat tərəfindən bu məsələ ilə bağlı tədbir görüləcək: “Psixoloji zorakılıq qurbanının “qatilləri” cəzalarını almalıdırlar”.

 

Məlumat üçün deyək ki, 1994-cü il təvəllüdlü Nəzakət Rzazadə 2017-ci ildə 667 balla universitetə qəbul olub. Məlumata görə, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan Balahüseyn və Nəzakət bir-birilərini seviblər. Lakin ailələr onların birlikdə olmasına razı olmayıb.

 

Buna görə də cütlük Bakı Bulvarında görüşüb. İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. Oğlanı xilas etmək mümkün olub, Nəzakətin meyiti isə indiyə qədər tapılmyıb.

Müəllif: Raminə Eyvazqızı      26 Fevral 2020 19:21
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin