Xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti İrana ziyarətə gedənlərdir
Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib.
AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri məlumat yayıb.
Bildirilib ki, həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır: "Onlardan 6-nın vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir".
"İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb", - deyə əlavə olunub.
Qeyd olunur ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.
Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin