Azərbaycana koronavirusun ilk zərbəsi – BAHALAŞMA QAPIDA

Azərbaycana koronavirusun ilk zərbəsi –       BAHALAŞMA QAPIDA

İqtisadçı: “Davamlı idxalın dayanması qiymət artımına öz təsirini göstərəcək, bahalaşmanın olacağı istisna deyil”

 

Koronavirus peyda olan ölkələrin adı “qara siyahı”ya düşən kimi, qonşu ölkələrin ilk işi sərhədlərini müvəqqəti də olsa, bağlamaqdır. Azərbaycan da İranda koronavirusdan ölənlərin sayınının artması səbəbiylə sərhədlərini bağlamalı oldu. Nəzərə alsaq ki, İranla həm ticarət, həm turizm sahəsində əlaqələr genişdir, o halda qonşu ölkəyə qapıların bağlanması hansı iqtisadi itkiləri verəcək?

 

Mövzunu AYNA-ya şərh edən UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasında dosenti Emin Qəribli bildirib ki, İrandan Azərbaycana, əsasən kənd təsərrüfatı, qida və yüngül sənaye malları idxal olunur: “Təkcə 2018-ci ilin statistikasına nəzər salsaq, İrandan Azərbaycana 440 milyon dollar həcmində məhsul gətirilib. Davamlı idxalın indi dayanması, əlbəttə ki, qiymət artımına öz təsirini göstərəcək, bahalaşmanın olacağı istisna deyil. Xüsusilə, Novruz bayramı ərəfəsində daha çox quru meyvələrin gətirilməsi məqamı var. Yəqin ki, İrandan müvvəqəti dayanan idxalın alternativi başqa ölkələrdən məhsulların gətirilməsi ilə nəticələnə bilər”.

 

“Əslində belə vəziyyət yerli istehsala da təsir edir, məhsul istehsalının artması gözləniləndir, bahalaşmanın olması təbiidir. Ümumiyyətlə, İranda virus təhlükəsi olmasa da, bir müddətdir sanksiyalar var, bu səbəbdən İrandan idxal olan məhsulların həcmində azalmalar müşahidə olunur. İranın özündə də bahalaşmanın, devalvasiyaların olması ölkədə iqtisadi durumu qəlizləşdirir. Bu da başqa ölkələrlə ticarət əlaqəsinə təsir edir”, - iqtisadçı bildirib.

Ekspertin sözlərinə görə, sərhədin müvəqqəti bağlanması iki ölkə arasında gediş-gəlişə də təsirini göstərəcək: “Ötən il İrandan Azərbaycana 250 min insan gəlmişdi, təkcə Novruz bayramında 25-26 min iranlı turisti qarşılaşmışdıq. Bu səbəbdən ötən il turizm sektorunda 20% artım olmuşdu. Amma indi bayramda bu sayda turistin gəlməsi proqnoz edilmirsə, o halda il üzrə azalma ola bilər. Amma nəzərə alaq ki, yay aylarında Bakıda Avro-2020 çempionatı olacaq və başqa ölkələrdən Azərbaycana turistlər gələcək. Deməli, ümumi xarici turist sayında elə də azalma müşahidə olunmayacaq, amma artım tempi gözlənilmir”.

 

E.Qəriblinin sözlərinə görə, koronavirusla bağlı vəziyyətə baxanda İranda xəstə olanların arasında ölənlər çoxdur: “Bu məqam maraq doğurur. Virusa yoluxanların ölüm faktları belə bir fikir formalaşdırır ki, İranda səhiyyə, tibbi profilaktika heç də qənaətbəxs deyil. Azərbaycandan İrana hər il, təqribən 170 min adam gedir, bu da ölkədən il ərzində çıxanların 30-33%-i deməkdir. Həmin turistlərin bir qrupu zəvvar, bir çoxu ticarətçi, başqa biriləri də xəstələrdir, tibbi turizmə aid olanlardır. Hansılar ki, davamlı olaraq irana həkim müayinəsinə gedirlər. Azərbaycan belə vəziyyətdə icbari tibbi sığortanın tətbiqini, səhiyyə islahatlarını gücləndirməlidir ki, xəstələr öz ölkəsində müalicə alsınlar”.

 

Son olaraq müsahibimiz vurğulayıb ki, koronavirus təhlükəsi hazırda bütün dünyanın problemi olaraq qalır: “Bir çox ölkələr iqtisadi itkilər versə də, virus təhlükəsinin aprelin əvvəlində (havalar isindikcə - red.) sovuşacağı proqnoz edilir. Hər halda ay yarımlıq zaman bir sınaq müddəti hesab olunmalı, həm də ölkələr belə təhlükələrdə necə davranacağı barədə dərs almalı, tədbirlər görməlidir”.

Müəllif: Raminə Eyvazqızı      25 Fevral 2020 16:24
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin