Tramp niyə Hindistanı seçdi?

Tramp niyə Hindistanı seçdi?

Ağ Ev rəhbərinin Dehli səfərini 3 dövlət xüsusi həssaslıqla izləyir

 

ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkisi kampaniyasının qızğın çağında Ağ Ev sahibi Donald Tramp, xanımı və böyük heyətlə Hindistana iki günlük səfər edib. Tramp bu ərəfədə niyə məhz Hindistanı seçib?

 

Birincisi, əhalisinin sayına görə Çindən sonra dünyanın ikinci ən böyük dövləti olan Hindistanda Donald Trampa simpatiya böyükdür. Hindistan həm də əhalisinin sayına görə dünyanın ən böyük demokratik ölkəsi sayılır. Təsadüfi deyil ki, Hindistanın Baş Naziri Narenda Modi sosial şəbəkədə yazdığı statusda Hindistanla Amerikanı demokratiya və fikir müxtəlifliyinə sadiq dövlətlər adlandırdı. Çindən fərqli olaraq Hindistanda müxtəlif siyasi partiyalar var və seçkilər şəffaf keçirilir. Ona görə də Amerika prezidentləri illərdir səfər yeri kimi Çini deyil, Hindistanı seçirlər. Narenda Modinin Trampla qucaqlaşarkən “bizim üçün qonaq Allahdır” ifadəsini işlətməsi Dehlinin Vaşinqtonla münasibətlərə verdiyi dəyərdən xəbər verir.

 

İkincisi, müxtəlif hesablamalara görə, Hindistan əhalisinin 50 faizi Trampı dəstəkləyir. Bu, yüz milyonlarla insan deməkdir. Təsadüfi deyil ki, Trampın səfərinə başladığı Əhmədabat şəhərində 22 kilometr yolboyu Ağ Ev sahibini yüz minlərlə insan qarşılayıb. Tramp hakimiyyətdə olduğu dövrdə ilk dəfəydi, bu cür qarşılanma mərasimi ilə üzləşirdi. Bu cür qarşılanmadan sonra Tramp şəhərin yüzminlik stadionunda hidistanlılar qarşısında nitq söyləyib. Tramp bəlkə də Amerikada öz ünvanına bu qədər insanın səsləndirmədiyi tərif dolu sözləri stadionda hindistanlıların dilindən eşidib: “Tramp, biz Səni sevirik!”.

 

Üçüncüsü, Donald Tramp hakimiyyətə gəldiyi gündən bu yana bir çöx dövlətə qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Vaşinqton yalnız Çinə qarşı deyil, qonşusu olan Meksika və Kanadaya qarşı da sərt ticarət tələbləri irəli sürdü. Tramp, hətta NATO-dakı tərəfdaşlarını da zaman-zaman hədələdi. Hindistan bəlkə də yeganə böyük ölkədir ki, Trampın bu dövlətə qarşı heç bir sərt tələbi olmayıb. Əksinə Amerika ilə Hindistan arasında ticarət əlaqələrinin miqyası artır. Amerika Hindistanın əsas ticarət tərəfdaşıdır.

 

Dördüncüsü, Hindistan Amerika ilə hərbi əməkdaşlığı inkişaf etdirmək istəyir. Hindistan tək-tük ölkələrdəndir ki, həm Rusiyadan, həm də Amerikadan silah alır. Bu dəfə Donald Tramp Hindistana 3 milyard dollar dəyərində helikopterlər satmağı planlaşdırır. Amerika 2007-ci ildən bu yana Hindistana 17 milyard dollar həcmində hərbi texnika satıb.

 

Donald Trampın Hindistana səfərini diqqətlə izləyən 3 dövlətin adını çəkmək olar: Çin, Pakistan və Rusiya. Birinci iki dövlətin qonşu Hindistanla münasibətləri soyuqdur. Ona görə də Trampın Hindistana səfərini və imzalanan hərbi anlaşmaları həm İslamabad, həm də Pekin özləri üçün təhlükə kimi qiymətləndirəcək. Rusiyaya gəldikdə isə Moskva da Trampın Hindistanda bu cür sevgi ilə qarşılanmasından narahat olmaya bilməz. Rusiya Prezidenti Vladimir Putin Hindistana səfəri zamanı Tramp qədər coşqu ilə qarşılanmamışdı. Digər tərəfdən, Hindistana ən çox hərbi texnika satan ölkə Rusiyadır. Amerika bu bazarda Rusiyanı sıxışdırmağa çalışır. Bu da Kremli narahat etməyə bilməz.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi      25 Fevral 2020 17:16
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin