Bir sıra küçələrdə hərəkət məhdudlaşdırılacaq

Bir sıra küçələrdə hərəkət məhdudlaşdırılacaq

Avtomobil sahiblərinə və sürücülərə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunur

 

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək. Tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

 

Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, hərəkət Neftçilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə Nobel prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib.

 

Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək.

 

Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilir. Anım mərasimində iştirak etmək istəyənlərdən ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.

Müəllif: Ayna.az      25 Fevral 2020 11:01
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin