Saakyan özündən sonrakı “prezidentin” yolunu təmizləməyə çalışır

Saakyan özündən sonrakı “prezidentin” yolunu təmizləməyə çalışır

Bütün hallarda separatçılar hər iki məsələdə İrəvandan asılıdırlar

 

Dağlıq Qarabağda martın 31-də “prezident seçkisi” keçiriləcək. Separatçıların hazırkı lideri Bako Saakyan, təxminən bir aydan sonra “postunu” başqa separatçıya təhvil verəcək.

 

Buna baxmayaraq, Bako Saakyan son günlərdə fəallığını artırıb. Bako Saakyan fevralın 24-də işğal altındakı Əsgəranda toplantı keçirib, bölgənin iqtisadi və sosial problemlərini müzakirə edib. Eyni gündə Saakyan separatçıların “müdafiə naziri” Karen Ambamyanı vəzifəsindən azad edib, onun yerinə Cəlal Arutunyanı təyin edib.

 

Əsgərandakı toplantı ilə “müdafiə naziri” təyinatında birbaşa əlaqə olmasa da, hiss olunur ki, Bako Saakyan özündən sonrakı “prezidentin” yolundakı maneələri indidən ortadan qaldırmaq istəyir. Ermənistanın baş naziri Nikol Paşinyanın və Bako Saakyanın bütün cəhdlərinə rəğmən, hər ikisi işğalçı orduda qeyri-döyüş şəratində ölüm hallarının sayının azalmasına nail ola bilmir. Ona görə də separatçıların yeni “müdafiə naziri” ilk əvvəl intizam məsələləri ilə məşğul olmalıdır.

 

Əsgərandakı toplantı isə Dağlıq Qarabağdakı ermənilərin artan sosial problemlərinin həllinin görüntüsünü yaratmalıdır. Çünki yeni seçiləcək “prezident” həm işğalçı qüvvələrin nizam-intimzamına diqqət yetirməli, həm də mümkün qədər sosial problemlərin həlli ilə məşğul olmalıdır.

 

Ancaq bütün hallarda separatçılar hər iki məsələdə İrəvandan asılıdırlar. Separatçıların büdcəsini formalaşdıran da Ermənistan hakimiyyətidir, işğalçı ordunun problemlərinin həllinin də əsas ünvanı İrəvandır.

Müəllif: Elxan Şahinoğlu, politoloq      24 Fevral 2020 19:17
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin