Kənd Təsərrüfatı Nazirliyi nə etmək istəyir?

Kənd Təsərrüfatı Nazirliyi nə etmək istəyir?

Ölkədə dövlətsizləşmə addımlarını gözlədiyimiz bir vəziyyətdə bunun əksini görürük

 

Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min baş arı ailəsindən ibarət Arıçılıq Kompleksi inşa etdirəcək. Burda 2 məsələ diqqətimi çəkdi:

 

Birincisi, Kompleksin Nazirlik tərəfindən yaradılmasının məqsədəuyğunluğu. Yenə də köhnə prinsip davam edir. Dövlət özəl biznesə şərait yaratmaq əvəzinə özü biznesə girişib. Təəssüf ki, ölkədə dövlətsizləşmə addımlarını gözlədiyimiz bir vəziyyətdə bunun əksini görürük.

 

Diqqətimi çəkən ikinci məsələ bu layihənin səmərəliliyidir. Miqyas effekti baxımından 10 min arı ailəsinin bir təsərrfat altında olması arı məhsullarının maya dəyərini azaldır. Ancaq əsas sual həmin ərazinin 10 min arı ailəsini qida ilə təmin etmək gücündə olması ilə bağlıdır. Vaxtilə təşkilatımız Azərbaycanda qeyri-neft sektorunun inkişafı çərçivəsində arıçılığın inkişafı perspektivləri ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı bu sahənin təkcə iqtisadi yox, həm də ekoloji, sağlamlıq və turizm baxımından nə qədər faydalı olduğunu gördük. Ona görə arıçılıq sahəsi həmişə diqqətimizdədir.

 

Qeyd edim ki, bal arılarının effektiv işləməsi üçün uçuş məsafəsi maksimum 2 km olmalıdır. Bu halda ərazidə kompakt şəkildə 10 min arı ailəsini (hər ailədə on minlərlə arı) təmin edə biləcək meşə, bitki varmı? Bu, mal-qara deyil ki, kənardan qida daşıyasan. Arı özü bal üçün nektarı yığıb gətirir.

 

Üstəgəl Lahıcın yerləşdiyi coğrafı ərazi heç də Aran regionu qədər arılar üçün optimal temperatura malik deyil. Digər tərəfdən, bu kompleks bir neçə yüz arı ailəsi olan kiçik arıçılıq təsərrüfatlarını sıradan çıxarmayacaq?

 

Qısası, bu layihənin səmərəli olacağını düşünmürəm. Kənd təsərrüfatı mütəxəssisi deyiləm, ola bilər, fikrimdə yanılıram. Ona görə arıçı dostlarımızın fikri mənim üçün önəmlidir.

Müəllif: Samir Əliyev, iqtisadçı-ekspert      19 Fevral 2020 14:24
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin