BMT iqlim dəyişikliyi ilə mübarizə məqsədilə kampaniyaya başlayır

BMT iqlim dəyişikliyi ilə mübarizə məqsədilə kampaniyaya başlayır

Bundan əvvəl iqlim dəyişikliyi ilə bağlı ən böyük beynəlxalq ictimai rəy sorğusu 76 ölkədə 10 min nəfəri əhatə edib

 

Bu gün “Missiya 1.5” kampaniyasının başlanması münasibətilə məşhurlar və gənc fəallar BMT rəsmiləri, hökumətlər və vətəndaş cəmiyyəti ilə bir araya gəlib.

 

BMT-nin Azərbaycandakı nümayəndiyiliyindən AYNA-ya verilən məlumata görə, sözügedən kampaniya iqlim dəyişikliyi ilə mübarizə sahəsində qoyulmuş yüksək hədəflərlə bağlı hökumətlərlə vətəndaşlar arasında olan kommunikasiya boşluğunu aradan qaldırmaq məqsədi daşıyır.

 

Bildirilir ki, “Missiya 1.5” kampaniyasının məqsədi 20 milyon insana iqlim dəyişikliyinin məhdudlaşdırılması üçün hansı tədbirlərin görülməli olduğuna dair öz mövqelərini hökumət rəhbərlərinə bildirmək üçün imkan yaradır.

 

BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərlik etdiyi kampaniya dünyanın hər yerində vətəndaşlarla hökumətlər arasındakı kommunikasiya çatışmazlığının aradan qaldırılmasına yönəlib. Bu çatışmazlıq dünyanın müxtəlif yerlərində vətəndaşlar tərəfindən ictimai rəyin məktəb tətilləri, kütləvi etiraz kimi kəskin formalarda ifadə olunmasına gətirib çıxarıb.

 

Kampaniya BMTİP və oyun hazırlanması, iqlimşünaslıq və ictimai sorğuların keçirilməsi üzrə ekspertlərlə birgə hazırlanmış internet və mobil əsaslı video oyun üzərində qurulub. Bu oyunda oyunçular iqlim siyasətləri üzrə məsul şəxslərin vəzifələrini icra edir və qlobal istiləşməni 1.5°C aşağı temperaturda saxlamaq məqsədilə qərarlar verirlər.

 

Oyundan sonra oyunçulardan iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülməsini istədikləri əsas tədbirlərlə bağlı səs vermələri xahiş olunur. Bu məlumatlar təhlil edilir və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ictimai rəylə bağlı etibarlı məlumatlara çıxışı olmayan hökumətlərə təqdim edilir.

 

Bundan əvvəl iqlim dəyişikliyi ilə bağlı ən böyük beynəlxalq ictimai rəy sorğusu 76 ölkədə 10 min nəfəri əhatə edib və 2015-ci ildə Parisdə keçirilən iqlim dəyişikləri ilə bağlı danışıqlardan öncə həyata keçirilib.

 

BMTİP iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin yumşaldılması üzrə düşünülmüş siyasətlərin qəbulu, enerjidən səmərəli istifadənin təşviqi, CO2 tullantılarının azaldılması və iqlim dəyişikliyinin səbəb olduğu ekstremal meteoroloji hadisələrə hazırlıq istiqamətində Azərbaycan Hökuməti və milli tərəfdaşlarla 20 ildən artıqdır ki, yaxından əməkdaşlıq edir.

 

“Azərbaycanda BMTİP Hökumətin Paris Sazişinə uyğun olaraq, 2030-cu ilədək istixana effekti yaradan qazların tullantılarını 35% azaltmaqla bağlı öhdəliklərini yerinə yetirməsinə dəstək göstərir. Buna nail olmaq üçün enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri və texnoloji innovasiyalar kimi alternativ vasitələrə dəstəyin artırılması çox vacibdir, çünki bu alternativ vasitələr öz növbəsində minlərlə yeni “yaşıl” iş yerinin açılmasına imkan verərək, iqtisadiyyatın şaxələndirilməsinə kömək edə bilər” - deyə, BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib.

 

Məlumat üçün bildirək ki, “Missiya 1.5”, BMTİP və onun tərəfdaşları tərəfindən hazırlanmış onlayn platforma olub, insanları iqlim dəyişikliyi ilə mübarizə tədbirləri barədə maarifləndirir və onları hökumətlər həmçinin də siyasətlər üzrə məsul şəxslərlə əlaqələndirir. Kampaniyanın “Missiya 1.5” adlandırılması onunla bağlıdır ki, biz qlobal temperatur artımının 1.5°C keçməməsini təmin etmək üçün məhz indi hərəkətə keçməliyik.

Müəllif: Ayna.az      14 Fevral 2020 16:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin