Prezident və Birinci vitse-prezident millimizi təbrik edib

Prezident və Birinci vitse-prezident millimizi təbrik edib

"Bütün #Azərbaycan xalqını ürəkdən təbrik edirəm"

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandamızın üzvlərini təbrik edib.

 

AYNA xəbər verir ki, təbrik mesajları Prezidentin "Twitter" səhifəsində, Birinci vitse-prezidentin isə "Instagram" səhifəsində yerləşdirilib

 

"Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün #Azərbaycan xalqını ürəkdən təbrik edirəm", - Prezident vurğulayıb.

M.Əliyeva yazıb: "İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!

Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:

Baş məşqçi - Aleksandr Tarakanov
Böyük məşqçi - Rövşən Bayramov

Şəxsi məşqçilər:
Sənan Süleymanovun (qızıl medal 77 kq) məşqçisi Azər Hüseynov
Rafiq Hüseynovun (qızıl medal 82 kq) məşqçisi Radik Huseynov
Eldəniz Əzizlinin (bürünc medal 55 kq) məşqçisi Turac Hüseynli
Murad Bazarovun (bürünc medal 60 kq) məşqçisi Vaqif Feyzullayev
Ülvi Qənizadənin (bürünc medal 72 kq) məşqçisi Elnur Müzəffərov
İslam Abbasovun (bürünc medal 87 kq) məşqçisi Bahadur Həziyev". 

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Yığma 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.

Müəllif: Ayna.az      13 Fevral 2020 12:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin