Dərmanların əlavə təsirləri nəzarətə götürülüb

Dərmanların əlavə təsirləri nəzarətə götürülüb

Məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının Dərman Vasitələrinin Monitorinqi Mərkəzinə göndərilməlidir

 

Azərbaycanda dərman vasitələrinin farmakonəzarət qaydası təsdiq edilib. Nazirlər Kabinetinin təsdiq etdiyi qayda əhalinin daha təhlükəsiz və effektiv dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə hazırlanıb.

 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Esmira Əkbərova AYNA-ya bildirib ki, farmakonəzarət dərman vasitələrinin əlavə təsirləri və dərman vasitələrinin istifadəsi zamanı yaranan digər arzuolunmaz nəticələrin aşkarlanması, qeydiyyata alınması, qiymətləndirilməsi və qarşısının alınması sahəsində görülən tədbirlərin məcmusunu müəyyənləşdirir.

 

E.Əkbərova əlavə edib ki, qəbul olunmuş qayda mülkiyyət və təşkilatı hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktik müəssisələri, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və onun müvəkkil etdiyi şəxslərə, həmçinin dövlət qeydiyyatına alınmış, nadir hallarda istifadə olunan və spesifik müalicə tələb edən, xüsusi xəstəliklərin müalicəsində istifadə olunan, yüksək risk qrupuna daxil olan, ümumiyyətlə ölkədə istifadə olunan dərman və invaziv tibb vasitələrinə şamil olunacaq.

 

Qeyd edək ki,  qaydalar toplusunda farmakonəzarətin həyata keçirilməsi  sahəsində AEM-in vəzifələri də qeyd olunub. Qaydaya görə, qurum  vahid farmakonəzarət sistemini yaratmalı və müasir elmi texniki tərəqqinin inkişafına uyğun təkmilləşdirməli, habelə həmin sistemdən dərman vasitələri ilə əlaqədar risklərə dair məlumatları toplamaq üçün istifadə etməli, farmakonəzarət sənədlərin (RİP, DYTH, FSƏD) ekspertizasını həyata keçirməlidir.

 

Həmçinin Mərkəz tibb və əczaçılıq işçilərini, habelə istehlakçıları dərman vasitələrinin əlavə təsirləri barədə məlumatları Quruma bildirmələri istiqamətində maarifləndirməli, dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə onların istifadəsi zamanı yaranan əlavə təsirləri və digər arzuolunmaz nəticələri, fayda-risk nisbətini sistemli olaraq izləməli, qeydiyyata almalı, qiymətləndirməli, arxivləşdirməli, habelə bu məlumatları Ümumdünya Səhiyyə Təşkilatının Dərman Vasitələrinin Monitorinqi Mərkəzinə göndərməlidir.

 

KİV -dən istifadə edərək insan sağlamlığı üçün təhlükəli dərman vasitələri haqqında ictimaiyyəti məlumatlandırmalı, dərman təhlükəsizliyi ilə əlaqədar məlumatları və tibb işçisini məlumatlandırma məktublarını öz internet səhifəsində yerləşdirməlidir.

Müəllif: Ayna.az      12 Fevral 2020 19:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin