Bakıda mühüm hərbi sövdələşmə: Amma masada Qarabağ yoxdur

Bakıda mühüm hərbi sövdələşmə: Amma masada Qarabağ yoxdur

Siyasi şərhçi: “Güman ki, əsas müzakirə mövzusu Suriya-Türkiyə qarşıdurmasıdır”

 

6-7 fevral tarixlərində Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Avropadakı Silahlı Qüvvələrinin Baş komandanı Tod Uolters arasında görüş keçirilir. “RİA Novosti”nin yaydığı məlumata görə, gündəlikdə olan məsələlər yalnız tərəflərə məlumdur.

 

Qeyd etmək lazımdır ki, Rusiya-NATO formatında əvvəlki görüş noyabrın 26-da Bakıda baş tutub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, o zaman Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Stüart Piç Rusiya-NATO təmas xəttində insidentlərin qarşısını almaq üçün tədbirlər, o cümlədən hərbi ekspertlər arasında dialoqun yenidən davam etdirilməsinin perspektivlərini müzakirə ediblər.

 

Görüşü AYNA-ya şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, son illər NATO ilə Rusiya arasında münasibətlər daha da pisləşib: “Məsələn, 2008-ci ildə Gürcüstandakı müharibə, sonra Ukrayna hadisələri - bütün bunlar vəziyyəti daha da ağırlaşdırdı. Qərb ölkələri, xüsusən də NATO üzvləri Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Bununla belə, tərəflər arasında əlaqələr kəsilmədi və onların dialoqu davam etdirməsi müsbət haldır”.

“Tərəflərin ölkəmizi bir platforma olaraq seçməsi Azərbaycan üçün vacibdir. Azərbaycan həm Rusiya, həm də NATO ilə sıx əməkdaşlıq edir. Ordumuz NATO standartlarına uyğun qurulur, mütəxəssislərimiz müxtəlif NATO təlim və tədbirlərində iştirak edirlər. Düzdür, Azərbaycan qarşısına NATO-ya üzv olmaq məqsədi qoymayıb. Eyni şey Rusiya ilə münasibətlərimizə də aiddir. Rusiya ilə eyni şəkildə onların silahlarını alırıq və onlarla əməkdaşlıq edirik, eyni zamanda KTMT-yə üzv olmağı qarşımıza məqsəd qoymuruq. Yəni ölkəmiz bu hərbi-siyasi mərkəzlərin hər ikisinə bərabər məsafədə dayanır” - deyə ekspert bildirib.

 

“Səhv etmirəmsə, bu, beşinci görüşdür və gərginliyin artmaması üçün tərəflər arasında dialoqun davam etdiyini göstərir. Göründüyü kimi, tərəflər platforma olaraq Azərbaycandan razıdırlar. Digər tərəfdən, bu, Azərbaycanın siyasi çəkisini göstərir. Bakıya səfərlər zamanı tərəflər Azərbaycan rəhbərliyi ilə də görüşürlər, bu da Prezidentə bitərəfliyə dair aparılan kursu və tərəflərin hər biri ilə əməkdaşlıq etməyə hazır olduğunu bir daha vurğulamağa imkan verir”, - Şahinoğlu vurğulayıb.

 

Bununla belə, o, hesab etmir ki, bu görüşlər hansısa şəkildə Qarabağ münaqişəsinin həllinə təsir edəcək: “NATO, təəssüf ki, bu münaqişə ilə məşğul olmur, Rusiya da münaqişənin həllində rolunu zəiflətdi. Buna görə də NATO-Rusiya dialoqunun hansısa şəkildə Dağlıq Qarabağ münaqişənin həllinə təsir edəcəyini söyləmək inandırıcı olmaz”.

Siyasi şərhçi Əhməd Əlili də AYNA-ya şərhində sözügedən görüşlərin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb: “Əminliklə deyə bilərik ki, Bakı müharibə edən tərəflərin görüşləri üçün ənənəvi bir məkana çevrilib. Gündəliyə gəlincə, inanıram ki, Suriyadakı son ağırlaşma, Bəşər Əsədə bağlı hərbçilərlə Türkiyə ordusu arasındakı qarşıdurma ən çox müzakirə olunan mövzu olacaq. Ərdoğanın Ukraynaya səfəri, Rusiyanın buna necə reaksiya verəcəyi - bütün bunlar bir-biri ilə əlaqəlidir. Amerikalılar üçün Türkiyənin radila qərarlar qəbul etməsi arzuolunmazdır. Bu, bölgədə eskalasiyaya səbəb ola bilər”.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də Bakıdakı Rusiya-NATO görüşünə münasibət bildirib: “Sürətlə dəyişən dünyada NATO-Rusiya dialoqu xüsusi əhəmiyyət kəsb edir. Dünyadakı sülh və təhlükəsizlik Rusiya-ABŞ münasibətlərinin vəziyyətindən, sabitliyindən və uzaqgörənliyindən çox asılıdır. Əminik ki, bu münasibətlər bərabərlik, suverenliyə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanmalıdır”.

Müəllif: Nicat Hacıyev      7 Fevral 2020 13:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin