Prezident AŞPA-nı sərt tənqid edib - VİDEO

Prezident AŞPA-nı sərt tənqid edib -         VİDEO

İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

"Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, hesab edirəm o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir".

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

 

Dövlət başçısı bildirib ki, AŞPA-nın Azərbaycanla bağlı qəbul etmiş son qətnaməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil:

 

"Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş Prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət?

 

Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun. Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq.

 

Siz Avropa Şurasında böyük vəzifəyə seçilmişdiniz, Avropa Şurası Parlament Assambleyasının prezidenti olmusunuz. Sizin dövrünüzdə bu təşkilatda ədalətli mövqe sərgilənirdi. Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin. Siz çox dəyərli və müstəqil insan kimi bütün təzyiqlərə davam gətirirdiniz və müstəqil siyasət aparırdınız. Ona görə o dövrdə Avropa Şurası elə bil ki, öz əsl simasını bərpa edirdi. Ancaq bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik".

Müəllif: Ayna.az      5 Fevral 2020 23:08
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin