“Türkiyə əsgərlərinin şəhid olmasında günahkar birbaşa Rusiyadır”

“Türkiyə əsgərlərinin şəhid olmasında günahkar birbaşa Rusiyadır”

Toğrul İsmayıl: “Türkiyə kimi bir dövləti bölgədə itirmək Moskvanın mövqelərini daha da zəiflədəcək”

 

Məlum olduğu kimi, rus qırıcılarının da dəstəyi ilə Suriya ordusu Türkiyənin nəzarətində olan İdlib vilayətinə hücum edərək suriyalı mülki şəxsləri və 4 Türkiyə əsgərini öldürüb. Türkiyə tərəfi də buna qarşılıq olaraq xeyli sayda Suriya hərbçisini zərərsizlədirib.

 

Hazırda gərginlik davam edir. Xüsusilə diqqətlə Türkiyə-Rusiya münasibətlərinə yönəlib. Suriya üzrə müttəfiqlik etməyə çalışan bu iki ölkə arasında yenidən “soyuq küləklər” əsməyə başlayıb.

 

Kaharamanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandırıb.

 

- Toğrul bəy, Türkiyə ətrafında nələr baş verir?

 

- Astana Sammitinə əsasən, gərginliyin aradan qaldırılması üçün atəşkəs elan edilmiş bölgələr var. Buna əsasən, 2017-ci ildə İdlib Türkiyənin nəzarətinə verilmişdi. Türkiyə də İdlibdə 12 ədəd nəzarət məntəqəsi qurmuş və əsgərləri postlara təyin etmişdi. Əsəd rejimi əsgərləri də bu postların birində Türkiyə əsgərlərini artilleriya atəşinə tutublar. Təbii ki, Suriya ordusu bu əməliyyatları Rusiyanın dəstəyi ilə reallaşdırıb. Buna cavab olaraq da Türkiyə Əsəd rejiminin qüvvələrini zərərsizləşdirdi.

Lakin Rusiyanın münasibətinə gəlincə, onlar ikili və aşağı səviyyəli açıqlamalar verirlər və bir növ bu işdə vasitəçi olduqlarını da inkar etmirlər. Məlum olduğu kimi, Əsəd rejimi bu hadisələri davamlı olaraq reallaşdırıb. Buna görə də Rusiya və Türkiyə rəhbərləri bir neçə dəfə görüşərək məsələyə hər dəfə yenidən baxmağa çalışblar. Hətta 2018-ci ilin sentyabrı və 2019-cu ilin oktyabrında qəbul olunan sazişlərə yenidən baxılaraq bəzi protokollar əlavə edilmişdi. Ona görə də Əsəd rejiminin bu hücumu Rusiyadan xəbərsiz etməsi inadırıcı deyil. Düşünürəm ki, bunun səbəbi Rusiyanın Türkiyənin “əsəblərini” yoxlamaq istəməsidir Ki, Türkiyənin müqavimət gücünü və “qırmızı xətt”ini öyrənə bilsinlər. Lakin işin əslinə baxsaq, bu hadisə Rusiyaya da sərf edən bir proses deyil. Çünki hazırda Türkiyə ilə böhran yaşamaq Rusiyaya qətiyyən sərf etmir.

 

- Hadisədən sonra Rusiya Müdafiə Nazirliyi açıqlama verərək, Türkiyə ordusunun İdlibdəki əməliyyatlar barədə onlara xəbər vermədiyini və bu səbəbdən də Suriya ordusunun hücumlarına məruz qaldıqlarını bildirdi. Türkiyə tərəfi isə bu açıqlamanı təkzib etdi…

 

- Məlum məsələdir ki, Rusiya baş verənlərdən boyun qaçırmağa çalışır. Az öncə də dediyim kimi, İdlib gərginliyi ilə bağlı 2017-ci ildə qəbul olunmuş razılaşma var və bu razılaşma 2018 və 2019-cu illərdə yenilənib. Digər tərəfdən, Rusiya mətbuatına baxanda da görərik ki, onlar Türkiyənin İdlibə terrorun qarşısını almaq üçün gəlmədiyini, əslində, terrorçulara dəstək verdiyini yazırlar. Yəni, rusların mətbuatı belə, Əsəd rejiminə dəstək verən xəbərlər yayımlayır. Bu isə onu göstərir ki, Rusiya açıq-aşkar Bəşər Əsədi rejimini və onun əməliyyatlarını dəstəkləyir. Ona görə də kiçik açıqlamalarla məsələdən boyun qaçırmağa çalışırlar.

 

Putin Suriyada Rusiya əsgərlərinə nəzarət etməyə gələndə, Əsədin onun arxasınca necə gəzdiyini, yanından ayrılmadığını görmüşdük. Belə olan halda heç vaxt demək olmaz ki, Bəşər Əsədin təşkil etdiyi hücumlar Rusiyanın istəyi xaricindədir. Lakin bu əməliyyatlar çərçivəsində daha əvvəl rusların 4 kəşfiyyatçısı öldürülüb. Doğrudur, baş verən insident xoşagəlməz olsa da, həm də Rusiyanın verdiyi vədlərə sədaqətli olmadığının göstəricisidir. Bu da o deməkdir ki, Türkiyə əsgərlərinin şəhid olmasında günahkar birbaşa Rusiyadır.

- Belə olan təqdirdə, Türkiyənin Rusiyaya güvənməsi nə dərəcədə doğrudur?

 

- Hər dövlətin öz marağı olduğu kimi, Rusiyanın da öz maraqları var. Məlum olduğu kimi, bu maraqlar biri-birinə ziddir. Yəni məsələ söz, etibar və etimad deyil, müxtəlif mövqeli iki ölkənin biri-birinə zidd olan taktiki əməkdaşlığıdır. Hərdən bəzi mütəxəssislər bu əməkdaşlığı sırf strateji əməkdaşlıq kimi qiymətləndirdikləri üçün, Rusiyanın davranışlarına da xəyanət kimi baxırlar. Lakin bu, xəyanət deyil. Çünki Rusiyanın öz maraqları var və bu maraqları həyata keçirmək üçün makiyavelist addımlar həyata keçirirlər. Yəni “bizim üçün hər yol mübahdır” deyərək hərəkət edirlər. Həm də Rusiya demokratik ölkə deyil deyə, onların davranışlarında demokratiya və həssaslıq axtarmağa da ehtiyac yoxdur. Bəzən deyirlər ki, Türkiyənin mütəxəssisləri, hərbçiləri, dövlət başçıları qonşu dövlətləri yaxşı tanımır. Amma şərtlər buna rəvac verirsə, qarşı tərəflə razılaşmalı və buna əsasən hərəkət etməlisən ki, Türkiyə də belə edir. Təbii ki, belə məqamlarda kiçik xoşagəlməz hadisələr də baş verir. Rusiya istəyir ki, Əsəd rejimi İdlibə nəzarət eləsin, çünki onların buna ehtiyacları var. Belə ki, Əsəd Suriyada nə qədər güclü olarsa, Rusiyanın da iqtidarı bir o qədər davam edər. Lakin Əsəd iqtidardan getdiyi zaman Rusiya da Suriyadan getmək məcburiyyətində qalacaq.

 

Türkiyə tələb edir ki, Suriyada Konsitutisiya dəyişsin və demokratik seçkilər keçirilsin. Bu isə Bəşər Əsədin hakimiyyətdən getməsi deməkdir. Təbii ki, Rusiya da bunları yaxşı başa düşür. Ona görə də bu məsələ yaxınlaşdıqca Rusiya daha çox həyəcan keçirir və bu həyəcanın qarşılığını Türkiyədən bu şəkildə alır. Digər tərəfdən, sözügedən hadisə Rəcəb Tayyib Ərdoğanın Ukraynada Prezident Zelenski ilə görüşməsi zamanı baş verdi. Belə ki, həmin görüşdə müzakirə mövzularından biri də Türkiyənin Ukraynaya hərbi dəstək təklifi idi. Bütün bunlar isə qətiyyən təsadüfi deyil və iki ölkənin biri-birinə verdiyi mesajlardır.

 

- Maraqlı bir məqam var. 1998-ci ildə imzalanmış “Adana sazişi”nə əsasən, Türkiyə təhlükə hiss etdiyi zaman Suriyaya müdaxilə edə bilər. Lakin Əsəd rejimi sazişi pozduğu halda, Türkiyəni bu hadisədə ittiham edir. Bundan əlavə, “Soçi razılaşması” və Astana Sammitinə əsasən, Suriya mövzusunda Rusiya ilə Türkiyənin anlaşması var. Belə olan halda, bu sazişlərin əhəmiyyəti qalırmı?

 

- Türkiyə tərəfi bu anlaşmalara heç vaxt xələl gətirməyib. Məhz Rusiyanın da üst səviyyədə açıqlama verməməsinin səbəbi bölgədə Türkiyəyə ehtiyac duymalarıdır. Çünki Rusiya hər yerə nəzarət edə bilsəydi, Türkiyəyə ehtiyac duymazdı. Türkiyə bölgənin güclü dövlətlərindən biridir və Türkiyə göstərdi ki, bölgədə onsuz heç bir iş görülməsi mümkün deyil. Bəziləri deyirlər ki, “Türkiyənin Suriyada nə işi var”. Lakin Türkiyə İdlibdə olmasa, bir gün orada da Qarabağ problemi kimi bir problem yaşanacaq. Məhz bu problemi əngəlləmək üçün Türkiyə İdlibdə, Afrində, Əl-Babdadır. Türkiyə bütün beynəlxalq hüquq normalarına sadiqdir və heç bir hüquq pozuntusuna yol vermir. Kimlər bu hüquqları pozursa, onlar da cavab verməlidir. Əslində, Rusiya da Astana Sammitinin pozulmasını istəməz. Çünki təminatı yoxdur. Buna görə də Türkiyə kimi bir dövləti bölgədə itirmək Rusiyanı daha da zəiflədəcək.

 

- Hazırda gərginliklə bağlı yeni proseslər gözlənilirmi?

 

- Mənə elə gəlir ki, yaxın zamanda müəyyən proseslər öz qaydasına düşəcək. Çox güman ki, Rusiya rəhbərliyi ilə Türkiyə rəhbərliyi arasında görüş baş tutacaq. Türkiyə artıq öz rəftarını göstərdi. Düşünürəm ki, bundan sonra daha sərt davranışlara ehtiyac yoxdur. Türkiyə şəhidlərinə qarşı Suriyaya lazım olan cavabı verdi. Rusiya da Türkiyənin “qırmızı xətt”i ilə tanış oldu. Yəni məsələ budur. Əgər qarşı tərəflə görüşürsənsə, bir əlin masada, digər əlin ətrafda olacaq. Türkiyə də artıq bunu etməyi və doğru oyun oynamağı bacarır. Biz əsgərlərin şəhid olmasını, insaların ölməsini istəmirik, amma terrorizmi məhv etmək üçün birbaşa onun kökünü qurutmaq lazmdır. Çünki bəzən güc sülhün təminatçısıdır.

Müəllif: Mərahim Nəsib      5 Fevral 2020 13:15
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin