“Rusiyanın yeni rəhbərliyi Azərbaycan və Ermənistanla fərqli münasibətlər quracaq”

“Rusiyanın yeni rəhbərliyi Azərbaycan və Ermənistanla fərqli münasibətlər quracaq”

Əhməd Əlili: “Bütün maraqlı tərəflərin mövqeyi ondan ibarətdir ki, artıq Cənubi Qafqaz bölgəsində sabitliyə ehtiyac var”

 

Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri arasında yanvarın 29-da Cenevrədə görüş baş tutdu. Danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şeffer (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edirdi.

 

Görüşdə tərəflər Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş məsələləri müzakirə etdilər. Və ilk görüş 7 saat davam etdi.

 

Görüşü AYNA-ya şərh edən politoloq Əhməd Əlili prosesin Rusiyanın təşəbbüsü ilə başladığını deyib: “Bu proses 5 dekabr 2019-cu ildə Bratislavada keçirilən görüşlə başladı. O zaman Rusiya XİN başçısı Sergey Lavrov açıq şəkildə bildirdi ki, əvvəllər əldə edilmiş razılaşmaların icrası prosesinə başlamaq lazımdır”.

“Burada əsas məqam Madrid prinsiplərinin həyata keçirilməsidir. Razılaşmalar münaqişənin mərhələli həllini nəzərdə tutur: Qarabağ ətrafındakı 7 rayon, əvvəlcə 5 bölgə, sonradan Laçın və Kəlbəcər qaytarılmalı və Dağlıq Qarabağın statusu ermənilər və azərbaycanlılar tərəfindən birgə müəyyənləşdirilməlidir”, - deyə ekspert bildirib.

 

Əlili qeyd edib ki, Paşinyanın, Sarkisyan hökuməti ilə Azərbaycan tərəfi arasındakı danışıqlar barədə verdiyi son açıqlamalar bu gün danışıqlar masasında razılaşmaların olduğunu və həmsədrlərin onu həyata keçirmək istədiklərini göstərir: “Paşinyanın açıqlamaları danışıqlar prosesinin özünə xələl gətirir. Son müsahibəsində David Şahnazaryan daha dəqiq olaraq Dağlıq Qarabağın ərazisində azərbaycanlıların harada yerləşdiriləcəyini və ermənilərin harada olacağını söylədi. Razılıq olmasa da, bu faktın özü göstərir ki, ermənilər Sarkisyanla aparılan müzakirələrə qayıtmağa məcbur olublar. İndi bu müqavilələrə riayət etmək məcburiyyətində qalıblar”.

 

Politoloqun fikrincə, Bratislava görüşündə Lavrovun xüsusi fəallıq göstərməsi Rusiyanın mövcud sənədinin qəbul edilməsində maraqlı olduğunu göstərir: “Digər tərəfdən, Makrondan Fransanın baş verənlərə biganə qalmadığını göstərən bir çağırış oldu. Yadınızdadırsa, 2006-cı yeni mərhələ yaranmışdı, lakin Ermənistanın o vaxtkı Prezidenti Robert Koçaryan danışıqlar prosesini pozdu. Sonra Fransa sülhə nail olan bir ölkə rolunu üstlənməyə çalışdı. Makronun indiki fəaliyyəti də göstərir ki, Avropa bu məsələdə maraqlıdır”.

 

“ABŞ-ın Azərbaycandakı səfiri ilə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev arasında iki gün əvvəl keçirilən görüş amerikalıların da bu prosesi yaxından izlədiklərini və həll olunmasını istədiklərini göstərir. Rusiya üçün bu münaqişənin həlli mürəkkəb daxili siyasi dəyişikliklər şəraitində cənub sərhədlərində nələrinsə baş verməsi üçün lazımdır. Cənubi Qafqaz bölgəsində sabitliyə ehtiyac var. Düşünürəm ki, Rusiyanın yeni siyasi elitası Azərbaycan və Ermənistanla münasibətlərini fərqli şəkildə quracaq. Avropalılar bu bölgəni Orta Asiyaya çıxış yolu kimi görürlər və buna görə də bu bölgədə sabitliyə ehtiyac duyurlar” – deyə müsahibimiz vurğulayıb.

 

Münaqişənin həll ediləcəyi halda, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsinə gəlincə: “Əgər bölgədə sülhməramlıların olacağını güman etsək, onda onların kontingenti müxtəlif ölkələrin nümayəndələrindən ibarət olacaq və bu, bizim üçün olduqca vacibdir. ATƏT-in Minsk Qrupunun bəyanatına görə, həmsədr olan heç bir ölkə birtərəfli qaydada bu münaqişə zonası üçün sülhməramlı kontingent yarada bilməz. Sülhməramlıların Türkiyə və İrandan ola bilməyəcəyi ilə bağlı bir razılaşma var. Digər bir razılaşma da var ki, həmsədr ölkələrdən birinin sülhməramlı qüvvələrinin sayı ümumi tərkibin 10-20%-dən çox ola bilməz. Rusiya sülhməramlılarını göndərsə belə, onların ümumi sayı 10-20%-dən çox ola bilməz”.

 

“Yəni bu məsələdə inhisar olmayacaq. Burada müxtəlif dövlətlərin sülhməramlıları təmsil oluna bilər. Məsələn, İtaliya polisi tarixi mərkəzləri qorumaq üzrə ixtisaslaşıb. Çili hərbçiləri dağlıq əraziləri qorumaqda mahirdir. Məsələnin texniki tərəfi budur. Amma bu gün nə Azərbaycan, nə də Ermənistan ictimaiyyətində məsələnin təfərrüatını bilən yoxdur”, - Ə.Əlili əlavə edib.

Müəllif: Nicat Hacıyev      31 Yanvar 2020 16:07
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin