Azərbaycanın reytinqi ilə bağlı diqqətçəkən məqamlar

Azərbaycanın reytinqi ilə bağlı diqqətçəkən məqamlar

Hökumətdən avtonom şəkildə xarici borc almaq istəyən şirkətlər üçün belə reytinq çox önəmlidir

 

“Fitch” beynəlxalq kredit agentliyi həm Azərbaycanın ölkə olaraq, həm də aparıcı dövlət şirkəti kimi SOCAR-ın reytinqini yeniləyib. Sonuncu dəfə SOCAR-ın reytinqi 2019-cu ilin martında, ölkə reytinqi iyulda təsdiqlənmişdi. Ölkə reytinqi ilə bağlı diqqətimi cəlb edən maraqlı faktları və məqamları paylaşıram.

 

Beynəlxalq agentliklərin reytinqləri həm bilavasitə dövlətin özünə, həm də onun ayrıca götürülmüş subyektinə verilir. Xüsusilə də mərkəzi hökumətdən avtonom şəkildə xarici borc almaq istəyən şirkətlər, ayrıca götürülmüş yerli özünüidarə qurumları və ya maliyyə təsisatı üçün belə reytinq çox önəmlidir. Kredit reytinqləri subyektin öz öhdəliklərini yerinə yetirmə qabiliyyətini, mümkün maliyyə və iqtisadi risklərini qiymətləndirir. Xüsusilə də beynəlxalq maliyyə bazarlarından borclanmaq istəyən subyektlərin belə reytinqlərə malik olması şərtdir.

 

Azərbaycanın reytinqi ilə bağlı ən vacib məqamlar:

 

Bu dəfə də ölkənin reytinqi invetisiya deyil, spekulyativ səviyyəyə uyğundur və BB+ səviyyəsində təsdiqlənib. Agentliyin 4 pilləli (A, B, C, D) dərəcələndirilməsində bu səviyyə "spekulyativ əlamətlərlə riskli öhdəliklər" kimi təsnifləndirilir.

 

Hesabatda qeyd edilir ki, ölkənin əlverişli xarici balansa və aşağı dövlət borcuna malik olması güclü, lakin təbii resurslardan yüksək asılılığı, idarəetmə sisteminin zəif göstəricilərə malik olması, bank sektorunun zəifliyinin davam etməsi zəif tərəflərdir. Fiskal qaydanın tətbiqi, borc strategiyasının qüvvəyə minməsi və qeyri-neft büdcə kəsirinin hədəflənməsi pozitiv addımlar kimi qeyd olunur.

 

Gözlənti budur ki, neftin qiymətinin nisbətən aşağı, sosial xərclərin daha yüksək olması 2020-2021-ci illərdə fiskal profisitin ÜDM-ə nisbətinin 4.2%-ə enməsinə səbəb olacaq. Halbuki 2019-da bu rəqəm 6% ətrafında idi. Xarici borcun ÜDM-ə nisbəti 18.9%-dir və bu "BB" səviyyəsi üçün hazırkı medaian həddən (38.4%) əhəmiyyətli dərəcədə aşağıdır.

 

Lakin dövlət zəmanəti ilə alınan və "şərti öhdəlik" hesab olunan borclar daha böyükdür və onların ÜDM-ə nisbəti 31%-dir. Yəni bu göstərici nəzərə alındıqda dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50% təşkil edir. Hesabata görə, şərti öhdəliklər, əsasən Beynəlxalq Bankın borcları və qaz layihələri ilə bağlıdır.

 

Dövlət borclarının 94%-i xarici valyutadır və bu "BB" səviyyəsi üçün hazırkı medaian həddən (60.7%) xeyli yüksəkdir. Ölkəyə xaricdən valyuta axınında əmtəə satışından yüksək asılılıq xüsusi vurğulanır. Azərbaycanda bu, 67.2%, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 21.8% təşkil edir.

 

Ölkədə real iqtisadi artım (2%) "BB" səviyyəsi üçün hazırkı medaian həddən (4%) 2 dəfə aşağıdır. Azərbaycanda geniş pul kütləsinin ÜDM-ə nisbəti 33.7%, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 47.7%-dir.

 

Hökumətin xarici borclara xidmət xərclərinin onun icmal gəlirlərinə nisbəti (1.8%) təşkil edir ki, bu, "BB" səviyyəsi üçün hazırkı medaian həddən (9.2%) əhəmiyyətli dərəcədə aşağıdır.

 

Xalis suveren xarici aktivlərin (hökumətin xarici aktivlərinin və öhdəliklərinin nisbəti) ÜDM-ən nisbəti 79.5%-dir. Halbuki "BB" səviyyəsi üçün hazırkı medaian hədd 2.5% təşkil edir.

 

Beynəlxaql Bankın mənfəətinin və kapitalizasiyasının artması, aktivlərinin keyfiyyətinin yüksəlməsi qeyd edilir, amma hələ də böyük həcmdə (800 mln. USD) açıq valyuta mövqeyinə malik olduğu bildirilir. 2017-ci ildə həmin rəqəm 1.7 mlrd. dollar idi.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      29 Yanvar 2020 12:09
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin