Əsas səhifə Haqqımızda Xəbər lenti

KONDOR

KONDOR

Azadlıq onu hürkütmüşdü?!

 

Toplantı iştirakçıları tolerantlıq, insanpərvərlik, beynəlxalq hüquq, münaqışələr və daha nə bilim nələr barədə qızğın müzakirələr aparırdılar. Mənim fikrimsə iri pəncərələrdən açılan mənzərədə – yamacboyu bitən çılpaq ağacların arasından ağaran qarda və ta Xəzərə kimi göz işlədikcə uzanan mavi ənginlikdə idi, çünki Bakıda nə qar vardı, nə də gözə dinclik verən bu genişlik. Nəzərlərimi pəncərədən çəkib içəri baxdığımda müzakirənin bir qədər də qızışdığını gördüm və darıxdım. Yerimdən qalxıb zaldan çıxdım. Ürəyim yaman döyünürdü. Fincana qəhvə süzüb eyvanın qapısını acanda bumbuz hava üzümə vurdu. Toxtayan kimi oldum. Qəhvədən bir qurtum alıb başımı yuxarı qaldırdım. Sıldırım qayalıqların üstündə dağın zirvəsində Çıraq Qala yüksəlirdi. Zaman ona da aman verməmişdi, amma uçub dağılsa da, yenə də məğrur duruşunu itirməmişdi. Başının üstündə isə iki qartal qanadlarını açıb dövrələmə süzürdü…

 

***

 

Azərbaycan xəritədə uçan qartala bənzəyir.

 

***

 

And kondoru (lat. Vúltur grýphus) – Amerika quzğunları fəsiləsinə aid olan bu quş dünyada ən böyük qanadlıdır. And dağları və Cənubi Amerikanın Sakit okean sahillərində yaşayır. Leş yeyəndir. Tələf olmuş mal-qara və okean dalğalarının sahilə tulladığı dəniz məxluqlarını da yeyır. Bununla belə, Amerika dağ aslanları – pumaların şikarını da pəncələrindən alır. 50-60 gün kürt yatır və sonra daha dörd ay balalarını bəsləyir. Və elə buna görə də iki ildən bir yumurtlayır. 3-4 min metr yüksəklikdə yaşasa da, insan fəaliyyəti nəticəsində nəsli kəsilmək təhlükəsi altındadır.

 

And kondorunun tərifi ilk dəfə 1758-ci ildə məşhur təbiətşünas Karl Linney tərəfindən verilmişdir. Avropalılar isə bu quşu ilk dəfə 1553-cü ildə görmüşlər.

 

Mənsə bu quşu hələ də görməmişəm və çətin ki, ümumiyyətlə görəm. Kordilyer dağları bizdən çox uzaqlardadır, amma onun barədə ilk dəfə 3-cü sinifdə olanda Jül Vernin “Kapitan Qrantın uşaqlar”ını oxuyanda eşitmişəm – 57 il bundan əvvəl.

 

“Sakitliyi dəhşətdolu çığırtı pozdu:kondorun çaynaqlarından Robert Qrantın cansız bədəni sallanırdı”…

 

***

 

Ötən il “youtube” kanalında ən çox izlənilən süjetlərdən biri Argentinada ovçuların yaraladığı, lakin təbiətsevərlər tərəfindən xilas edilərək təxminən 1 il ərzində müalıcə olunaraq sağaldılmiş kondor barədə idi. Təxminən 10-15 dəqiqə çəkən süjetboyu azadlığa buraxılan kondor qayanın üstündə oturub qözlərini döyərək ətrafında səbirsizliklə onun uçmasını gözləyən insan kütləsinə və qarşısındakı azadlıq qoxuyan uçurumun genişliyinə baxırdı. Hər dəfə qanad çaldığında insanlar sevincdən bağırışır və bu nəhəng quşun ayaqlarını yerdən üzüb havalanacağı anı gözləyirdilər. Amma kondor uçmurdu ki, uçmurdu… Deyəsən, artıq hamı bezmişdi. Kameralar quşdan çox ətraf dağları, sıldırım yamacları, dərənin dibində axan çayı və daha nə bilim nələri göstərirdi…

 

 

Və birdən kondor qanadlarını xeyli yelləyəndən sonra ayaqlarını yerdən üzdü və havalandı. İnsanların sevincdolu çığırtısından necə deyərlər, quş səksə, qanad salardı. Bir sözlə, hamı sevinirdi. Sevinirdilər ki, daha bir canlını xilas edib təbiətə qaytarmışdılar. Yaxşı da etmişdilər…

 

Amma… Süjeti sonadək diqqətlə izlədiyimdəm bir məqama fikir verdim. Kondor bayaqdan oturduğu qayadan havalandıqdan sonra cəmi bir xırda dövrə vurub az aralıda başqa bir qayaya qondu və yerini rahatladı, sanki insanlardan uzaqlaşmaq istəmirdi…

 

Süjet burda bitir. Məni isə fikir aparır. Görəsən, sonra nə olub? Kondor uçub gedibmi? Yoxsa insan əlindən yemlənməyə öyrəşən bu əzəmətli quşu azadlıq hürkütmüşdü?!

 

Bilmirəm. Bircə onu bilirəm ki, Azərbaycan xəritədə uçan qartala bənzəyir.

Müəllif: Elçin Şıxlı      28 Yanvar 2020 21:55
Elçin Şıxlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin