Azərbaycanda tərsinə iqtisadi piramida

Azərbaycanda tərsinə iqtisadi piramida

Bizdə qiymətləndirmə ierarxiyasının başında hökumət gəlir, halbuki hər şey ev təsərrüfatlarından başlamalıdır

 

İxtiyari ölkədə iqtisadiyyatın durmunun necə olduğunu bilmək üçün əvvəl ev təsərrüfatlarının, sonra biznesin, onun ardınca bankların, lap sonda hökumətin durumuna baxılmalıdır. Çünki iqtisadiyyatdakı digər 3 institusional subyektin dayanıqlı vəziyyəti ev təsərrüfatlarının rifahından və davranışından asılıdır.

 

Ev təsərrüfatları yaxşı qazanırsa və həvəslə pul xərcləyirsə, işsizlik problemi kritik deyilsə, biznes böyüyəcək. Sahibkarın və ev təsərrfatlarının durumu yaxşıdırsa, banklar problemsiz fəaliyyət göstərəcək. Bunların hər 3-ü öz ayaqları üzərində dura, inkişaf edə və böyüyə bilirsə, hökumətin problemi olmayacaq.

 

Bizdə isə qiymətləndirmə ierarxiyasının başında hökumət gəlir - büdcəsi böyüyümbü, valyuta ehtiyatları artıbmı və s. Sonra banklara baxılır - problemli kreditlər artıbmı və ya bağlanma riski olan bank varmı, mənfəətlə işləyə bilirlərmi və s.

 

Sonra biznes gəlir. Amma burda da çox vacib sullara cavab axtarılmır. Məsələn, heç kim bu suallara cavab axtarmır ki, biznes sektorunda mənfəətlilik necə olub, zərərlə işləyən müəssisələrin sayı artmayıb, bağlanan işlək şirkətlərin sayından az və ya çox olub, müəssisələrin investisiya qoyuluşları artıb ya azalıb, vergi yükü ağırlaşıb ya yüngülləşib.

Ən sona ev təsərrüfatları qalır, amma ora gəlmirik, böyründən düz keçirik. Halbuki onların kapital qoyuluşları necə dəyişib, maliyyə aktivlərinə, daşınar və daşınmaz əmlaka yönəltdikləri vəsaitlər artıb ya azalıb, adambaşna median gəirlərdən az, yaxud minimum yol verilən gəlir səviyyəsində qazancı olan ailələrin sayı il ərzində necə dəyişib, xərcləmələrdə ailələrin öncüllüklərində nələrsə dəyişibmi və s.

 

Bu kimi sualları elə birinci verib, sonra aşağı düşməliydik. Əslində bu suallara cavab alacaq statistik məlumatlar, alternativ araşdırmalar da yoxdur. Bu baxımdan medianı və müstəqil təhlilçiləri da qınamaq olmur.

 

Rəsmi statistikada və hökumət müşavirələrində məlumatların təqdimatı, təbliğat elədir ki, bütün müzakirələr makroiqtisadi göstəricilərin dinamikası üzərində qurulur. Hər kəsə də bəllidir ki, təbii resurslardan asılı iqtisadiyyatlarda qiymətlərin əlverişli olduğu dövrlərdə həmin göstəricilər istənilən hökumət üçün inkişaf statistikasını təmin edir. Bu, olmayan dövrlərdə də hökumətin təbliğat maşını retro göstəricilərə səyahətlə yenə öz işinə davam edir.

 

2019-cu il ev təsərürfatları üçün necə olub? Ən vacib indikatorlardan biri olan əsaslı kapital qoyuluşlarının həcmində 35%-ə və ya 500 mln. manata yaxın azalma olub. Ümumi xərclənən vəsait 980 mln. manat olub ki, bu 2016-cı ildən sonra ən aşağı göstəricidir.

 

Ailələrin əsaslı kapital xərclərinin azalması o deməkdir ki, onlar daşınar və daşınmaz əmlakın alınmasına,həmçinin təmirinə, ev heyvanlarının alınmasına, çoxillik əkmələrin salınmasına daha az vəsait xərcləyiblər. Nəzərə alaq ki, fərdi sahibkarlıq məqsədli kapital qoyuluşları da ev təsərrüfatlarına aid edilir.

 

Maraqlı məqam odur ki, il ərzində ev təsərrüfatlarının götürdüyü kreditlərin həcmi 1.6 mlrd. manata yaxın və ya 30% artıb. Lakin ailələrin əsaslı qoyuluşlarının kəskin azalması fonunda kreditlər belə kəskin artırsa, onun bir səbəbi var - insanların gündəlik qazancları onların cari xərclərini təmin edə bilmir.

 

Nəticədə onlar gündəlik dolanışıq, dost-tanışdan aldıqları borcları, sağlamlıq və təhsil, mərasimlərin təşkili xərclərini belə, kreditlər hesabına ödəməyə məhkum olurlar. Qısası, ev təsərrüfatlarının əsaslı xərcləri ilə paralel kreditlər də artdığı stiuasiya pozitiv nəticəni göstərir - insanlar gələcəyə kapital qoyur və ümidlidir.

 

Lakin cari xərclərin kreditlər hesabına maliyyələşdirilməsi iş və gəlir əldəetmə imkanlarının məhdudluğuna işarə edir. Ev təsərrüfatlarının 2019-cu ildəki artımı son 7-8 ilin ən yüksək göstəricisidir. Banklarda ev təsərrüfatlarının depozitləri isə çox az artıb - cəmi 300 mln. manat və ya 3.6%. Halbuki 2018-ci ildə depozitlərin artımı 10%-dən çox (800 mln. manat) olmuşdu.

 

Göründüyü kimi, 2019-cu ildə ev təsərrüfatlarının borclanmasının artım sürəti onların depozitlərinin artım tempini 8 dəfədən çox üstələyib. Onlar il ərizndə qoyduqları əlavə hər manat depozitə görə banklardan 5.2 manat kredit çəkiblər.

 

Ev təsərrüfatlarının durumunu xarakterizə edən digər bir göstərici onların qənaətlərinin həcmidir. Yəni sərəncamda qalan gəlirlərindən istehlak tələbini ödəyəndən sonra yerdə qalan vəsaitin həcmi. İndi açıqlanan statistikada bu haqda hər hansı məlumat yoxdur.

 

Nəzərə alın ki, depozitlərdə çox kiçik, kreditlərdə çox böyük artım, əsaslı qoyuluşların kəskin azalması ev təsərürfatlarının dövlətdən il boyu böyük sosial dəstək paketi, kredit dəstək paketi aldığı bir vaxta təsadüf edir. Demək ki, aşağı gəlirlilik və gizli yüksək işsizlik şəraitində insanların ödənilməmiş böyük həcmdə tələbatları var və əldə olunan izafi vəsait onlara yönəlir.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      22 Yanvar 2020 14:40
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin