Nərminin ölümündə təqsirləndirilən şəxsin atası: "Əsl cinayətkar azadlıqdadır"

Nərminin ölümündə təqsirləndirilən şəxsin atası: "Əsl cinayətkar azadlıqdadır"

İbrahim Süleymanov: "Oğlumu şərləyiblər, cinayəti zorla boynuna qoyublar"

 

Tovuzun Dondar Quşçu kəndində baş verən Nərmin Quliyeva cinayətinə görə həbs olunan İlkin Süleymanovun atası İbrahim Süleymanov AYNA-nın redaksiyasına məktub göndərib. O, baş verənlərlə bağlı ölkə başçısına açıq müraciət edir. Müraciətdə deyilir:

 

“Mən, kəndimizin 49 il müəllim işləmiş ziyalı ağsaqqalı kimi xalqıma və cənab Prezidentimə müraciət edirəm. Bildirirəm ki, mənim oğlumu şərlədilər.

Cənab Prezident, yanvar ayının 6-da oğlumu həbs ediblər, amma istintaqda göstəriblər ki, yanvarın 10-u həbs olunub. Dörd gün oğluma ağır işgəncələr verilib, cinayət zorla boynuna qoyulub. Ona görə də bu 4 gün həbs müddətini sənəddə göstərmirlər. Həmin 4 gün müddətində heç kimi oğlumla görüşməyə qoymayıblar.

 

İlkinin atası kimi yox, bir müəllim kimi xalqıma müraciət edirəm. Oğlum institutu bitirib kəndə gələrək mənim qulluğumda durubsa, ona xəstə, manyak deyilərmi? Oğlum ixtisasça iqtisadçı-kibernetikdir, Tovuzda, kənddə bu ixtisasla nə işləşin? Ata-anasına baxan, kənddə təsərrüfatla məşğul olan manyak olursa, o zaman Azərbaycanda universitet oxuyub, ixtisası üzrə işləməyən, təsərrüfatla məşğul olan hər kəsə manyak deməliyik?

Bir daha cənab Prezidentimizə və xalqımıza müraciət edirəm. Şər-böhtan atılaraq, işgəncələrlə boynuna qoymaq yolu ilə cinayəti ört-basdır edirlər. Bu, bizim Nərmin balamıza da, Azərbaycan xalqına da hörmətsizlikdir. Azərbaycan xalqına qarşı ən ağır cinayət budur ki, cinayətin üstünü açmaqdansa, cinayəti ört-basdır edirlər. İndi çöldə gəzən cinayətkar daha neçə balamızı qurban edəcək?!

 

Cənab Prezident başda olmaqla, hamıdan bu cinayətin açılmasına kömək etməyinizi xahiş edirəm”.

Müəllif: Ayna.az      17 Yanvar 2020 19:39
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin