“Putin gözünü başqa vəzifəyə dikib, ona görə oyun qurur”

“Putin gözünü başqa vəzifəyə dikib, ona görə oyun qurur”

Zərdüşt Əlizadə: “Məqsədi odur ki, 2024-cü ildə prezidentlikdən getdikdən sonra, əsas səlahiyyət onun yerinə gələn şəxsdə deyil, Federasiya Şurasının rəhbəri kimi onda olsun”

 

Rusiya Prezidenti Vladimir Putin hökuməti tam tərkibdə istefaya göndərib. O, həmçinin Baş Nazir vəzifəsində Vergi Xidmətinin rəhbəri Mixail Mişustini görmək istədiyini açıqlayıb.

 

Rusiyada nə baş verir? Şimal qonşumuzdakı dəyişikliklərin digər MDB ölkələrində yaşanan analoji proseslərlə hansısa əlaqəsi varmı? Azərbaycanda da son zamanlar kadr dəyişiklikləri getdiyini nəzərə alsaq, coğrafiyamızda müşahidə olunan tendensiya arasında bir bağlılıq olması mümkündürmü?

 

AYNA-nın bu istiqamətdə suallarını cavablandıran politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, son 5 ildə Rusiya iqtisadiyyatı öz tənəzzül dövrünün son həddinə çatıb: “Rusiya iqtisadiyyatı hər il geriləməyə doğru gedir. Mütəmadi olaraq əhalinin kasıblaşması prosesi davam edir. Hətta sosial gərginlik o həddə çatıb ki, müxtəlif bölgələrdə durmadan etirazlar baş verir. Yüzlərlə siyasətçi Rusiyanın “sol”a doğru getdiyini, inqilab ərəfəsində olduğunu bildirir. Baxmayaraq ki, hakimiyyət liberalların, müxalifət isə ultraliberalların əlindədir, lakin cəmiyyət iqtisadi ədalət tələb edir və hazırkı hakimiyyətin siyasətini bəyənmir”.

“Bir çox görkəmli ictimai xadimlər “sol”a dönüş, “Vaşinqton konsepsiyası”ndan çıxmaq, rus rubluna sərmayə yatırmaq, sənayeləşmə prosesi həyata keçirmək təklifi etsə də, hakimiyyət bu islahatları həyata keçirmək iqtidarında deyil. Sadəcə bir balaca səmərəli siyasət aparır ki, bu da yetərli deyil. Bir sözlə, istefaya gedən Nazirlər Kabineti Rusiyanı inkişaf etdirməyəcəkdi. Təbii ki, “gönü qalın” Putin də bunu başa düşürdü”, - siyasi şərhçi deyib.

 

Əlizadə hesab edir ki, Putin prezidentlik postundan asan əl çəkməyəcək: “Sadəcə 2024-cü ildə onun səlahiyyət müddəti bitir deyə, Federasiya Şurasının əhəmiyyətini artırır. Məqsədi odur ki, 2024-cü ildə postundan getdikdən sonra, əsas səlahiyyət onun yerinə gələn şəxsdə deyil, Federasiya Şurasının rəhbəri kimi onda olsun. Bu baxımdan Federasiya Şurası Putin üçün əlverişli qurumdur”.

 

Politoloq Rusiyada baş verənlərin Azərbaycana təsirlərindən də danışıb: “Azərbaycanın Rusiyadan asılılığı var, əsasən də Dağlıq Qarabağ münaqişəsinə görə. Təbii ki, Rusiyada baş verən hadisələr Azərbaycana da təsir edir. Lakin deməzdim ki, biz onları olduğu kimi təkrar edirik. Amma mahiyyət eynidir. Düşünürəm ki, Qarabağ münaqişəsi həll edilmədiyi müddətcə bizim Rusiyadan asılılığımız davam edəcək”.

 

MDB məkanında ardıcıl baş verən kadr dəyişikliklərinin ortaq cəhətlərinə gəldikdə, politoloqun fikrincə, bütün bu dəyişikliklərin yalnız bir əlaqəsi var: “Bu dövlətlər köhnə siyasi ənənələri saxlamaqla, islahat adıyla yeni cəhdlər həyata keçirir. Məsələn, Qazaxıstan Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev yaşlanandan və xəstə olduğunu biləndən sonra yeni sistemə keçməyi qərara aldı. Belə ki, Nazarbayevin oğlu yoxdur, Qazaxıstan cəmiyyəti də qadın siyasətçini rəhbər kimi qəbul etməyə hazır deyil. Ona görə də özünə sədaqətli Qasımcan Tokayevi yerinə gətirdi, qızını da parlamentin sədri vəzifəsinə təyin etdi və özü yenə hakimiyyətə nəzarət etməyə başladı”.

 

“Azərbaycanda da bu gün hansısa dəyişikliklər, yeniliklər baş verir. Amma bunları hələlik islahat hesab etmək olmaz. İslahat o zaman olur ki, prosesə xalq, yeni qüvvələr cəlb edilir. Lakin hələlik bizdə belə bir proses müşahidə olunmur”, - Z.Əlizadə vurğulayıb.

Müəllif: Mərahim Nəsib      16 Yanvar 2020 17:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin