"Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilib"

"Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilib"

BMT və Azərbaycan 2021-2025-ci illər üçün yeni əməkdaşlıq çərçivəsini müzakirə edib

 

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq üçün ikigünlük seminar bu gün öz işinə başlayıb. AYNA xəbər verir ki, tədbirdə dövlət və BMT rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər təşkilatları, akademik dairələr və kütləvi informasiya vasitələrinin 150-dən çox nümayəndəsi iştirak edib. 

 

BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (DİMƏŞ) dəstəklədiyi tədbirin məqsədi 2021-2025-ci illəri əhatə edən BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin (UNSDCF) strateji prioritetlərini müəyyənləşdirməkdən ibarət olub. 

 

Seminarda Azərbaycan Respublikası Baş Nazirinin müavini və DİMƏŞ-in sədri Əli Əhmədov, BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və digər yüksək səviyyəli rəsmilər çıxış ediblər.

 

Tədbirdə çıxış Əli Əhmədov bildirib ki, illərdir davam edən BMT-Azərbaycan əməkdaşlığı faydalı, effektiv nəticələrə gətirib çıxarıb: "Ötən illərdə Azərbaycan iqtisadiyyatında, həyat səviyyəsinin yüksəldilməsində bir çox layihələr reallaşdırılıb. İndi ölkəmiz dünyanın orta səviyyəli inkişaf edən dövlətləri sırasındadır. 2017-2019-cu illərdə ölkəmiz nüfuzlu təşkilata milli hesabatını təqdim edib. Son 30 ildə Azərbaycan əhalisi 3 milyon nəfər artıb, bu da dövlətin yeni layihələrə qoşulmasını zəruri edib. 2030-cu ilədək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun strategiyası üçün bundan sonra da səylər göstəriləcək".

İqtisadiyyat Naziri Mikayıl Cabbarov isə bildirib ki, Azərbaycan yoxsulluqla mübarizədə bir çox dövlət proqramı həyata keçirib: "Əgər 2001-ci ildə yoxsulluq 49% idisə, 2015-ci ildə bu göstərici 5%-4,9%-ə enmişdi. Ötən illər ərzində keçirilən islahatlar sayəsində bir çox müsbət nəticələr əldə olunub. Orta və uzunmüddətli prioritetlərin müəyyənləşməsi hələ də davam edir. Sosial müdafiə, insan kapitalının artırılması, ətraf muhitin qorunması kimi vacib məsələlər bizim ölkə üçün də inkişaf məqsədlərinə nail olmağı vacib edir. İqtisadi artımın sürətləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kiçik və orta biznesə dair proqramların artırılması əsas prioritetərdəndir".

 

Tədbir "BMT-Azərbaycan Əməkdaşlığının 2030 Gundəliyinə nail olmaqda əlavə etdiyi dəyərlər" mövzusunda panel müzakirəsi ilə davam edib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi müzakirədə “Milli inkişaf üçün lazımi ehtiyaclar: ən çox kənarda qalmış sahə hansıdır” sualı müzakirə edilib.

 

İştirakçılar, həmçinin 2030-cu ilə kimi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün Azərbaycanın uzunmüddətli baxışını və BMT-nin bu prosesdə rolunu müzakirə ediblər. Bundan başqa, dayanıqlı inkişafa dair 2030-cu il gündəliyinin icrasında Azərbaycanın üzləşdiyi problemlərə və onların aradan qaldırılması yollarına dair fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, beşillik proqram sənədi olan UNSDCF 2021-2025-ci illər ərzində BMT-nin Azərbaycandakı sisteminin fəaliyyətinə bələdçilik edəcək. Yeni sənəd artıq 2020-ci ildə başa çatacaq BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivəsini əvəz edəcək.

 

UNSDCF altı rəhbər prinsip və dörd əsas məqsəd üzərində qurulur. Altı rəhbər prinsip bunlardır: heç kəsi kənarda qoymamaq, inkişafa insan haqlarına əsaslanan yanaşma, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi, dözümlülük, dayanıqlılıq və hesabatlılıq. Dörd əsas məqsədə isə kollektiv cavab tədbirlərinin formalaşdırılması, konstruktiv tərəfdaşlıqlar, təsirli fəaliyyətlər, eləcə də reallığa və ehtiyaclara daha yaxşı cavab verən yeni alətlər.

Müəllif: Raminə Eyvazqızı      16 Yanvar 2020 11:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin