“İkinci Suriya” cəbhəsi: Türklərlə ruslar yenidən qarşı-qarşıya gələ bilər

“İkinci Suriya” cəbhəsi: Türklərlə ruslar yenidən qarşı-qarşıya gələ bilər

İlqar Vəlizadə: “Son məlumatlara görə, Liviyada müharibə yenidən başlayır”

 

Liviyada Xəlifə Haftar və Fərəc əl-Qətrani arasında uzun müddətdir davam edən qarşıdurmanın həllini tapması üçün, Moskvada Rusiya və Türkiyə diplomatlarının iştirakı ilə, iki lider arasında görüş təşkil olunub. Lakin tərəflər arasında danışıqlara yekun vurulmamış Həftar Moskvanı tərk edib. Və tələb edib ki, Türkiyə ordusu Liviyadan geri çəkilsin.

 

Baş verənləri AYNA-ya politoloq İlqar Vəlizadə şərh edib.

 

- İlqar bəy, Moskva görüşü nəticəsiz qaldı. Saziş imzalanmamış Haftar danışıqları tərk etdi. Proses Liviyada vətəndaş müharibəsinin yenidən alovlanmasına gətirib çıxara bilər?

 

- Əslində, məsələdən xəbərdar olan insanlar üçün bu, sürpriz olmadı. Sürpriz bu iki liderin bir araya gəlməsi idi. Çox güman ki, Haftar siyasi təzyiq nəticəsində bunu edib. Çünki bu görüş Haftar üçün əlverişli ssenari deyildi. əl-Qətrani və onun hökuməti atəşkəs aruzlayır. Çünki döyüşlər paytaxt Tripolidə də gedirdi və hadisələr hər an hökumətin əleyhinə dəyişə bilərdi. Hökumət qüvvələri son nəticədə Tripolini tərk edə bilərdilər. Bu da onlar üçün arzuolunmaz bir ssenari idi.

Haftar isə hücum edən tərəfdir. O, istər Tripolidə, istərsə də digər regionlarda son illərdə bir sıra nailiyyətlərə imza atıb. Təbii ki, belə bir vəziyyətdə onun sülh, yaxud atəşkəs tərəfdarı olması inandırıcı deyildi. Görünən odur ki, Haftar Rusiyanın təzyiqlərinə tab gətirməyərək Moskvaya gəlməyə və Fərəclə bir masaya oturmağa razılıq verib. Lakin onun güzəştləri bununla da bitib. Belə ki, o, guya sazişlə tanış olmaq üçün vaxt lazım olduğunu deyib və bu vaxtdan istifadə edərək elə sazişlə birgə Liviyaya qayıdıb. Artıq son məlumatlara görə, müharibə yenidən başlayır. Çox güman ki, onun hərbi əməliyyatları dayandırmaq kimi fikri də olmayıb.

 

- Moskva görüşü Rusiya və Türkiyə diplomatlarının iştirakı ilə baş tutdu. O da məlumdur ki, sözügedən münaqişədə Rusiya Xəlifə Haftarı, Türkiyə isə Fərəc əl-Qətranini dəstəkləyir. Bəs, hadisələr gərginləşəcəyi təqdirdə, Suriyada olduğu kimi, Türkiyə ilə Rusiya arasında yeni qarşıdurma meydana çıxması mümkündür?

 

- Moskva və Ankara Liviyada “İkinci Suriya”nın təkrarlanmasını istəmir. Ona görə də bütün imkanlardan istifadə edirlər ki, ssenarini birgə səylər nəticəsində dəyişdirə bilsinlər. Buna baxmayaraq, hadisələr öz axarı və məntiqi inkişafı ilə davam edir. Düşünürəm ki, yaxın vaxtlarda Suriyada baş verən ssenari Liviyada da tam sürətlə həyata keçirilə bilər. Çünki hər iki tərəfdən onları dəstəkləyən qüvvələr var. Ona görə də, tərəflər bu ziddiyyətlərin münasibətlərə birbaşa mənfi təsir göstərməsini istəmir. Təxminən, hadisələr Liviyada bu gedişlə də inkişaf edəcək.

 

- Belə çıxır ki, Livayanı da Suriyanın aqibəti gözləyir?

 

- Bəli, doğrudur! Çünki gedişat ancaq bundan xəbər verir.

 

- Daha bir ziddiyyətli məqam, Rusiya və Türkiyənin Yaxın Şərq maraqlarının bir-birinə tərs mütənasib olmasındadır. Məsələn, tərəflər Suriyada, Liviyada bir-birinə əks cəbhələri dəstəkləyir. Eyni zamanda, hər iki ölkə bir-birilərini müttəfiq kimi qələmə verir...

 

- Bu ziddiyyətlərin fonunda iqtisadi maraqlar dayanır. Çünki iqtisadi maraqlar istənilən maraqlardan üstündür. Baxın, Haftarla bağlı razılıq Rusiya Prezidentinin Türkiyə səfəri və “Türk axını” layihəsinin başlaması ərəfəsində baş tutdu. Bu layihəyə əsasən, Rusiya Avropanın qaz bazarlarında dayaqlarını möhkəmləndirəcək, siyasi nüfuzunu Avropada təsdiqləyəcək və milyardlarla kubmetr qaz bu axın vasitəsiylə Avropanın cənubuna nəql olunacaq. Bu baxımdan da, Türkiyə Rusiya üçün əvəzolunmaz müttəfiqdir. Çünki heç bir ölkə Rusiya üçün bu qədər imkanlar yaratmayıb və yarada da bilməz.

Bundan başqa, Şərqi Aralıq dənizində İsrail və Cənubi Kipr kimi qüvvələr var ki, öz qazlarını Avropaya satmaq istəyirlər. Bu ölkələrin planlarına qarşı çıxan isə real olaraq Türkiyədir. Türkiyə demək olar ki, Rusiyanın qaz alveri üçün münbit şərait yaradır. Təbii ki, Bəşər Əsəd və Xəlifə Haftar kimi şəxslər Rusiya üçün vacib fiqurlardır, amma əhəmiyyətli siyasi müttəfiqlər deyillər. Bu mənada Rusiya yaxşı başa düşür ki, Türkiyənin də bölgədə maraqları var və bu maraqlarla hesablaşmağa məcburdur. Eyni zamanda, Türkiyə də başa düşür ki, Rusiyanın regiondakı maarqları təmin olunmalıdır. Bir sözlə, hər iki tərəf istəsə də-istəməsə də, bu maraqlarla hesablaşır və qəbul edir. Lakin eyni zamanda, öz siyasətlərini də yürütməkdən imtina etmirlər.

 

- Ümumiyyətlə, Yaxın Şərqin gələcəyini necə proqnozlaşdırırsız? Sizcə, bu pərakəndəlik, qarışıqlıq hara qədər davam edəcək və düzəlməyə doğru bir nəticə olacaqmı?

 

- Düşünürəm ki, heç bir nəticə olmayacaq və hadisələr belə də davam edəcək. Bu, ziddiyyətli prosesdir və bunun nəticəsinin tapılması mümkün deyil. Məsələn, 20-ci əsrin tarixinə nəzər salsaq, nə qədər müharibə, qaşrıdurma və inqilabların baş verdiyini görərik. Bəs, onların nəticəsi necə oldu? Heç biri öz məntiqi yekununu tapmadı və hələ də tapmayıb. Düşünürəm ki, proseslər bu şəkildə də davam edəcək. Nəticənin necə olacağı isə, müxtəlif amillərdən, beynəlxalq vəziyyətdən, supergüclərin istəyindən və iqtisadi proseslərdən asılıdır.

 

1950-70-ci illərdə Yaxın Şərq siyasətində neft böyük bir amil idi. Çünki neft, iqtisadiyaytın “drayver”i sayılırdı. Amma Tramp bəyan etdi ki, Amerika artıq Yaxın Şərqin neftindən asılı deyil. Belə olan vəziyyətdə əlbəttə ki, Yaxın Şərqdəki proseslər başqa məcrada inkişaf edə bilər. Lakin bu, gələcək illərdə hansı nəticələr verəcək, bunu demək mümkün deyil.

Müəllif: Mərahim Nəsib      15 Yanvar 2020 21:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin