“Magistraturaya qəbul imtahanı 100 ballıq sistemdə olmayacaq”

“Magistraturaya qəbul imtahanı 100 ballıq sistemdə olmayacaq”

Kamran Əsədov: “Bu il imtahanlar mayın sonu-iyunun əvvəlində keçiriləcək”

 

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya qəbul imtahanları ilə bağlı dəyişiklik edib. Belə ki, magistraturaya qəbul bakalavrın birmərhələli qəbul imtahanından topladığı bal əsasında aparılacaq. Bakalavr müsabiqədə imtahanda topladığı bal əsasında iştirak edəcək.

 

Təhsil eksperti Kamran Əsədov yeni qaydaları AYNA-ya şərh edib:

 

- Bildiyiniz kimi, 2020-2021-ci tədris ilindən etibarən magistratura imtahanı bir mərhələdə, bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək. Bu ilə qədər isə ikimərhələli idi, ikinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilirdi.

 

- Builki dəyişikliklər bununla kifayətlənəcək, yoxsa davamı olacaq?

 

- Düşünürəm ki, bu il magistratura imtahanı üçün tətbiq ediləcək yeniliklər bununla bitməyəcək. Əvvəlki illərdə, bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üçün 100 test tapşırığı təqdim edilirdisə, bu ildən etibarən test tapşırıqlarının sayı artırılacaq. Bundan başqa, magistr pilləsi üzrə imtahanlar aprel-may aylarında keçirilirdisə, bu il ən tezi mayın sonu-iyunun əvvəlində keçiriləcək. Ona görə ki, cari ildə tətbiq ediləcək yeniliyə görə imthan iştirakçılarının ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) nəzərə alınacaq ki, bu da ali təhsil məssisələrində təhsil alanlar üçün ən tezi may-iyun aylarında müəyyən olunur. Ona görə də mart-aprel aylarında imtahan gözləmək olmaz.

- DİM-in məlumatına görə, ikinci tur olmayacaq. Amma jurnalistika və bir sıra fakültələr var ki, onlarda qabiliyyət imtahanları da tələb olunur. Belə çıxır ki, onlar üçün ikinci tur mayda baş tutacaq?

 

- Yeni qaydalara görə, jurnalistika üzrə qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsini verdikdən sonra qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisas seçiminə buraxılırlar. Qabiliyyət imtahanı esse və buna bərabər tutulacaq müəyyən mövzular üzrə inşa yazılarından ibarət olacaq. Əvvəlki illərdə olduğu kimi hər kəs yalnız öz bakalavr ixtisası və istiqaməti üzrə təhsilini magistraturada davam etdirə biləcək.

 

- Kamran müəllim, ikinci turu olmayan fakültələr üçün ballar necə təyin olunacaq?

 

- Hesab edirəm ki, bu il magistraturaya qəbul imtahanı 100 ballıq sistemdə olmayacaq. Azı 150-200 ballıq şkaladan istifadə olunacaq.

 

- Yeni qaydalar hansısa problemlər yarada bilərmi?

 

- Yeni qaydalar ciddi problemlər də yaradacaq. Belə ki, yeni qaydalara görə, bir mərhələdən sonra, iştirakçıların təhsil aldıqları müddətdə əldə etdikləri akademik göstəricilər, yəni qiyməti, balı hesablanıb orta bal çıxarılcaq və o da birinci mərhələnin üzərinə gəlinərək yekun bal olaraq toplanacaq.

 

- Bəs əvvəlki illərdə məzun olanların orta balı neçə çıxacaq? Axı indi qiymətləndirmə 100 ballıq şkala üzrə müəyyənləşir, amma əvvələr 5 ballıq şkala üzrə qiymət alınırdı. İndi isə A, B, C, D ilədir.

 

- Düzdür, magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sistemində tətbiq edilməsinin vaxtı çatıb. Amma bunu qəbul imtahanı ilə həyata keçirmirlər. Bunun üçün universitetlərdə ixtisaslar üzrə çatışmazlığı, ciddi problemləri aradan qaldırmaq lazımdır.

 

- Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqat yönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və sair tədris edilir. Bizdə bunların hansı var?

 

- Dünya yeni bir dövrə qədəm qoyur. Daha çox ixtisas bilikləri yüksək səviyyədə olan kadrlara ehtiyac duyulur. Biz isə ondan imtina edirik.

Müəllif: Ülviyyə Şahin      16 Yanvar 2020 10:14
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin